“Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövr hər sahədə olduğu kimi, media sahəsində də yeniliklərin, təkmilləşmənin geniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir.

Ulu Öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlətimizin başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: “Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir”. Azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir. İmzaladığı fərman və sərəncamlarla, təsdiqlədiyi qanunlarla jurnalistlərin dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Atılan addımlar, eyni zamanda, dövlətin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Hər bir mühüm addım keçilən yola nəzər salmağı, həmçinin bu fonda perspektivlərin təhlilini bir zərurət kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, atılan addımlar tarixi Zəfər ilə dünyaya səs salan Azərbaycanın mediasının yeni reallıqlara uyğulaşdırılmasında, azad mətbuatın hərtərəfli inkişafında öz sözünü deyir: “Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Azərbaycanın Prezidentinin mətbuata qayğısının daha bir təzahürü olan bu mühüm addım media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilərək böyük minnətdarlıq hissi ilə qarşılanıb”.

“Dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin ilk ayında “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı imzaladı. Sənəd bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv, peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılması zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. Ötən il Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunu təsdiqlədi. Bir mühüm məqamı xüsusi vurğulamalıyıq ki, Qanuna əsasən, Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasını təmin edəcək”, - deyə V.Rəhimzadə vurğulayıb.

Baş redaktor əlavə edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi Qərar da media nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı: “Belə ki, “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elekton kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi”.

Bu addımın mətbuatın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayan V.Rəhimzadə deyib: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu təsdiq etməsi bu istiqamətdə medianın inkişafına növbəti dəyərli töhfədir. Bir mətbu orqanın rəhbəri kimi medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mediamız müasir müstəqil, qalib Azərbaycanın dövlət maraqlarının qorunması, tarixi həqiqətlərimizin, möhkəm təmələ əsaslanan təkmil, yenilikləri, islahatları özündə ehtiva edən dövlət siyasətimizin uğurlarının təbliğində üzərinə düşən vəzifəni bundan sonra da həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN