Məlumdur ki, milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirib. Bu baxımdan, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdəndir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya biliblər. Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi reallığa qovuşdurub.

Mövzu ilə bağlı Tezadlar.az-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev bildirib ki, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, həm də onun azərbaycançılıq ideologiyasının müəllifi olmasında özünü büruzə verir: “Əgər müstəqilliyin bərpasının ilk illərinə nəzər salsaq görərik ki, Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. Cənubdan müəyyən qədər İranın təsiri altında olan Talış-Muğan respublikasının ideoloqları, digər tərəfdən Savval cəmiyyətinin üzvləri separatizm meyillərinin təsiri altında ölkəni parçalamağa çalışırdılar. Daxildə də sabitlik yox idi. Surət Hüseynovun rəhbərliyi altında bir qrup silahlı dəstə xaricdəki havadarlarının dəstəyinə arxalanaraq dövlət çevrilişi yolu ilə hakimiyyəti mənimsəməyə çalışırdılar. Ən böyük problem isə o dövrdəki hakimiyyətin səriştəziliyi səbəbindən Azərbaycan ərazisinin 20%-dən artığının Ermənistan respublikası tərəfindən işğal edilməsi idi. Rus qoşunlarının dəstəyinə arxalanan bu təcavüzkar dövlətin silahlı qüvvələri işğal etdikləri ərazilərin arealını genişləndirməkdə idilər. Xalq Cəbhəsi – Müsavat cütlüyünün elmi əsaslara söykənməyən daxili və xarici siyasəti xalqı dövlətdən narazı salırdı. Xalq dərk edirdi ki, bu cütlüyün hakimiyyəti Qarabağ kartından siyasi məqsədlər üçün istifadə edirdilər. Həm buna görə, həm də cəbhədəki itkilərimizin kəskin artması səbəbindən fərarilik cinayətlərinin sayı get-gedə yüksəlirdi. Əhalinin iqtisadi durumu və sosial təminatı acınacaqlı vəziyyətdə idi.

isaxan-veliyev

Belə bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümümmilli lider Heydər Əliyev böyük uzaqgörənliklə xalqın birliyinin təmin edilməsini fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab etdi. Çünki xalqın birliyinə nail olmadan nə cəbhədə qələbə çalmaq, nə də daxili sabitliyi təmin etmək mümkün idi. Bunun üçün xalqın qəbul edəcəyi və ətrafında birləşəcəyi qüvvətli bir ideologiyaya ehtiyac duyulurdu: sovetlər birliyi dövründə mövcud olmuş ideologiya artıq özünün doğrultmurdu. İslamçılıq ideologiyası isə dünya sivilizasiyası tərəfindən qəbul edilmirdi. Bu ideologiya həm də Azərbaycan xalqı üçün qəbuledilməz idi. Əsas səbəb isə Azərbaycan çoxmillətli dövlət olması və burada müxtəlif dünyəvi dinlərə sitaiş edən xalqların yaşaması ilə bağlıdır. Bu problemləri böyük siyasətçi dəqiqliyi ilə nəzərdən keçirən ulu öndər haqlı olaraq belə bir nəticəyə gəldi ki, yeganə məqbul hesab edilən ideologiya – azərbaycançılıq ideologiyasıdır. Çünki məhz bu ideologiya hər bir fərdin milli kimliyini qoruyub saxlanılmasının təminatçısı qismində çıxış edir. Milli kimlik isə üç əsas özül üzərində formalaşır: dil, din və adət-ənənə.

Sovetlər birliyi dönəmində hər üç məsələ ilə bağlı Azərbaycan xalqı ciddi təzyiqlərə məruz qalmışdır. Azərbayan Xalq Cümhuriyyəti dövründə dil siyasəti diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr imzalayıb. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait də ayrılıb. Lakin sonradan AXC hakimiyyətinin süqutu ilə bağlı yürüdülən mütərəqqi dil siyasəti öz məntiqi nəticəsinə çatmadan yarımçıq qalmışdır.

Sovetlər Birliyi dövründə 19 may 1921-ci il tarixində qəbul edilmiş Azərbaycan SSR-nin ilk Konstitusiyasında Azərbaycan dili barədə konkret norma nəzərdə tutulmamış, dövlət dili barədə heç bir qeyd aparılmamışdır.

26 mart 1927-ci ildə qəbul edilmiş Konstitusiyanın 15-ci maddəsində Azərbaycan SSR vətəndaşlarının qurultaylarda, məhkəmədə, idarəçilikdə və ictimai həyatda ana dilində sərbəst şəkildə istifadə etmək hüququ təsbit edilmişdir. Lakin dövlət dili haqqında konkret norma bu sənəddə də öz əksini tapmamışdır.

14 mart 1937-ci il tarixində qəbul edilmiş üçüncü Konstitusiyada da dövlət dili barədə heç bir norma nəzərdə tutulmamış və yalnız 41-ci maddədə qanunların, habelə Azərbaycan SSR Baş Soveti Prezidentinin fərmanları və izahlarının, Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərar və binagüzarlıqlarının Azərbaycan, rus və erməni dillərində elan edilməsi barədə müddəa nəzərdə tutulmuşdur. Bununla bərabər, konstitusiyanın 117-ci maddəsində ədalət mühakiməsinin aparıldığı dildən söhbət açılmış, Azərbaycan SSR-də və Naxçıvan ASSR-də məhkəmə iclasının Azərbaycan dilində və Dağlıq Qarabağ Muxtar Vilayətində erməni dilində, əhalisinin çoxu erməni və ya rus və ya talış olan rayonlarda isə, müvafiq olaraq, erməni və ya rus və ya talış dilində aparılması təsbit olunmuş, bu dilləri bilməyən şəxslər üçün  isə materiallarla tərcüməçi vasitəsilə tanış olmaq və habelə məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilmişdir.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmamışdır. Faktiki olaraq həmin qərar nəinki icra edilməmişdir, həm də bu qərarın qəbul edilməsində iştirak edən şəxslər SSRİ tərəfindən ciddi təzyiqlərə məruz qalmışdır. Yalnız ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə qəbul edilmiş, 1978-ci il Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit olunaraq qeyd edilmişdir ki, bu və ya başqa dillərin işlədilməsində heç bir imtiyaza və ya məhdudiyyətə yol verilmir”.

Professor İ.Vəliyev qeyd edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb: “Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş və memarının ümummilli lider  Heydər Əliyevin olduğu ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın çoxmillətli dövlət olduğu nəzərə alınaraq həmin maddədə Azərbaycan dövləti ölkə əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişaf etdirilməsi öhdəliyini üzərinə götürür.

Ulu öndər tərəfindən 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilmiş, həmin problemlərin həlli yolları göstərilmişdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir”.

İ.Vəliyev vurğulayıb ki, Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib: “Dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olmuşdur.

Dövlətin din siyasətində də çoxmillətlilik nəzərə alınmış və tolerantlıq prinsipləri ön plana çəkilmişdir. Din vicdan azalığı ilə sıx bağlı olan anlayışdır və milli kimliyin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Vicdan azadlığına tarixən müxtəlif münasibət bəslənilmişdir və əldə edilmiş rəsmi sənədlər bu münasibəti qismən də olsa təhlil etməyə imkan verir. Sovetlər Birliyi dövründə xristian dinindən fərqli olaraq, digər dinlərin qorunub saxlanması və inkişafı üçün zəruri tədbirlər görülməmiş və bunun üçün hüquqi baza yaradılmamışdı.

Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasının birinci bölməsinin dördüncü maddəsində göstərilir ki, zəhmətkeşlərin həqiqi vicdan azadlığının təmin edilməsi üçün kilsə dövlətdən, məktəb isə kilsədən ayrılır, dini və antidini təbliğat azadlığı bütün vətəndaşlar üçün tanınır. Göründüyü kimi, konstitusiyanın bu maddəsində məscidin dövlətdən və ya məktəbin məsciddən ayrılmasından söhbət getmir. Elə təsəvvür yaranır ki, SSRİ dövləti ərazisində yalnız xristian dininin mövculuğu qəbul edilir və vətəndaşların yalnız bu dinin təbliği və antitəbliği istiqamətində azadlığı tanınır. Halbuki o zaman SSRİ məkanında xristianlıqla yanaşı islam, iudaizm və s. dinlər də mövcud idi. Bu səbəbdən də Konstitusiyada yalnız kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasının nəzərdə tutulması, fikrimizcə, bütün vətəndaşların vicdan azadlığının təmin edilməsi baxımından məhdudlaşdırıcı xarakter daşıyır.

Oxşar vəziyyət Azərbaycan SSR-nin 1927-ci il Konstitusiyasının 1-ci bölməsinin altıncı maddəsində də olduğu kimi təkrar edilmişdir.

Azərbaycan SSR 1937-ci il Konstitusiyasında isə vicdan azadlığına münasibət qismən dəyişilmişdir. Konstitusiyanın 131-ci maddəsinə əsasən, vətəndaşlara vicdan azadlığını təmin etmək məqsədilə Azərbaycan SSR-də din dövlətdən və məktəb dindən ayrılmışdır. Bütün vətəndaşlar dini ayinləri icra etməkdə və din əleyhinə təbliğat aparmaqda azaddırlar.

1978-ci il Konstitusiyasında vicdan azadlığı məsələsinə daha rasional yanaşılmışdır. 50-ci maddədə qeyd edilmişdir ki, Azərbaycan SSR vətəndaşlarının vicdan azadlığı, yəni һər hansı dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dini ayinləri icra etmək və ya ateizm təbliğatı aparmaq hüququ təmin olunur. Dini etiqadla əlaqədar ədavət və nifrət oyatmaq qadağan edilir. Azərbaycan SSR-də məscid və kilsə dövlətdən, məktəb məsciddən və kilsədən ayrılmışdır.

Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında din və dövlət münasibətləri beynəlxalq normalara uyğun şəkildə tənzimlənmiş və 18-ci maddədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyanın 48-ci maddəsində göstərilmişdir ki, hər kəsin vicdan azadlığı vardır: hər kəsin dinə münasibətini müstəqil şəkildə müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Ölkəmizdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlər (dini cərəyanlar) istisna olmaqla, digər dinlərin (dini cərəyanların) yayılması və təbliğinə məhdudiyyət qoyulmur. 2017-cı ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və bu ildə dini etiqad azadlığı hüququnun reallaşması ilə bağlı keçirilən tədbirlər ona dəlalət edir ki, Azərbaycan Respublikasında bütün səmavi dinlərin inkişafı üçün bərabər şərait yaradılmışdır.

Cinayət qanunvericiliyində isə dini ayinləri icra etməyə mane olma (CM 167-ci maddə), dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə (CM 167-1-ci maddə), qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma (CM 167-2-ci maddə), dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə (CM 167-3-cü maddə), dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə (CM 168-ci maddə), dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma (CM 168-1-ci maddə) kimi tərkiblərin nəzərdə tutulması dini ayrı-seçkiliyin qarşısının alınmasının təminatlarından biri kimi çıxış edir”.

Professor İ.Vəliyev onu da qeyd edib ki, Azərbaycançılıq ideologiyasının qarşıya qoyduğu məsələlərdən biri də irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, hər kəsin adət-ənənəsinin inkişafı üçün münbit şəraitin yaradılmasından ibarətdir: “Ölkə ərazisində Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı kimi milli bayramların dövlət səviyyəsində qeyd edilməsi milli ənənəyə rəğbətin təzahürüdür. Belə yanaşma həm də Azərbaycan Respublikası ərazisində yaşayan digər millətlərin milli adət-ənənələrinə münasibətdə də nümayiş etdirilir. Ümummilli Heydər Əliyev tərəfindən işlənib hazırlanmış bu ideologiyanın nəticəsidir ki, çoxmillətlli Azərbaycan xalqı Azərbaycan Respublikası Konstitusiyasının qəbulu zamanı vahid Azərbaycan milləti kimi birləşdi və Konstitusiyanın qəbuluna səs verərkən öz milli dövlətlərinin Konstitusiyasına səs vermə inamı ilə iştirak etdilər. Oxşar vəziyyət Azərbaycan Respublikası prezidentlərinin seçkisində də özünü göstərdi. 44 günlük Vətən müharibəsi isə Azərbaycançılıq ideologiyasının aprobasiyası oldu. Etnik mənsubiyyətindən, irqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, hər bir fərd işğal altında olan torpaqların azad olunmasında və öz milli dövlətinin ərazi bütövlüyünün bərpa edilməsində fəal iştirak edərək Ali Baş Komandan ətrafında vahid yumruq kimi birləşdi”.

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.9.)

media

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN