Media ilə Vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı dövləti və ictimai maraqların qorunmasında yeni istiqamətləri müəyyənləşdirir…
"Təzadlar» Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla birlikdə artıq ikinci aydır ki, ölkəmizin dövlət və ictimai maraqlarını müdafiə etməyə hesablanmış bir layihənin icrasındadır. Belə ki, media ilə vətəndaş cəmiyyətlərinin birgə əməkdaşlığı bu maraqları təmin etməyə ən optimal yol kimi qəbul edilmişdir. Məsələ ondadır ki, adətən istehlakçı və ya adi vətəndaş pozulmuş hüquqlarının təmin edilməsi üçün müxtəlif rəsmi orqanlara, yaxud vətəndaşın hüquqlarını pozmuş baiskar tərəfə müraciət edir, lakin məsələ əksər hallarda həllini tapmır. Nəticədə, hüququ pozulmuş şəxs başlayır ölkə Prezidentinə yazmağa, kömək istəməyə… Lakin yuxarıda qeyd etdiyimiz kimi, vətəndaş cəmiyyətinin və medianın birgə əməkdaşlığı bu istiqamətdə yersiz süründürməçiliyə və yuxarı dövlət orqanlarına lüzumsuz müraciətlərə son qoymuş olur. Buna birgə əməkdaşlığımızda bir daha şahid olduq. Belə ki, son ayyarım ərzində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova daxil olmuş şikayətlərin tərəfimizdən aparılmış jurnalist araşdırması aylarladır davam edən süründürməçiliyə son qoymuşdur. Məsələn, Sumqayıtda yaşayan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 82-ci evdə yaşayan Xatirə Bəşirovanın, Biləsuvar rayonunun Xırmandalı kəndinin sakini Araz Cəfərovun, Bakı şəhər sakini Nəsən Nəzərovun və başqalarının problemləri bu sayaq həllini tapmış, redaksiyaya və E.Hüseynova hüquqları bərpa olunmuş vətəndaşlar tərəfindən minnətdarlıq məktubları daxil olmuşdur.
Bütün bunlar dövlət və ictimai maraqların təmin edilməsi istiqamətində vətəndaş cəmiyyəti ilə medianın əməkdaşlığının bəhrəsidir.
***
Beləliklə, 26 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sağlam qidalanma, reallıqlar, perspektivlər" mövzusunda kecirilən forumda "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynovun "Qida təhlükəsizliyinin təmin olunmasında ictimai nəzarətin rolu, yaradılması mexanizmi" mövzusunda etdiyi çıxış ictimai və dövləti maraq çərçivəsində olduqca maraq doğurub.
Biz də bunu nəzərə alaraq "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynovla sözügedən mövzu ətrafında söhbətimizi oxucularımıza təqdim edirik:
- Eyyub müəllim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam qidalanma, reallıqlar, perspektivlər” mövzusunda kecirilən forumda etdiyiniz çıxışda maraqlı olan və ya diqqətçəkən məqam nə idi?
- Təbii ki, həmin tədbirdə biz ümummilli liderin ruhunun şöləsinə toplaşmışdıq. Ümummilli lider Heydər Əliyev isə reallığı, həqiqəti çox yüksək qiymətləndirərdi və təsadüfi deyil ki, həmin forumun da mövzusu reallıq idi. Mən də məruzəm ətrafında çalışdım ki, mütləq reallıqdan - rəqəmlərin dililə ifadə olunan reallıqdan danışım.
- Söhbət hansı reallıqlardan gedir?
- “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın Qida təhlükəsizliyi sahəsində qlobal meyllər bölməsində qeyd olunur ki, dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır. Bu rəqəmləri əsas götürüb ölkəmizlə müqayisə etsək, ümumdünya göstəricisinə uyğun olaraq Azərbaycanda orta hesabla bir milyon nəfərə (AQTA-nin 2022-ci il ücün hesabatında 348 nəfər) qədər insanın il ərzində qida zəhərlənməsinə məruz qaldığını və təxminən 525 nəfərin (AQTA-nın 2022-ci il ücün hesabatında 7 nəfərin) qida zəhərlənməsindən dünyasını dəyişdiyi nəticəsinə gələrik.
Rəqəmlərdən görünür ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida zəhərlənməsinə dair statistik rəqəmi (348 nəfər) ümumdünya göstəricisindən 278 dəfə, qida zəhərlənməsindən dünyasını dəyişən insanların sayi isə ümumdünya göstəricisindən (7 nəfər) 75 dəfə azdır. Rəqəmlər bizlərin çox xoşbəxt xalq və qida təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunduğu ölkənin vətəndaşları olmağımızdan xəbər verir. Əgər böyük Hipokratın və ya Pifaqorun “Biz nə yeyiriksə oyuq” fikirlərinə şübhə ilə yanaşmasaq, o zaman biz həm də uzunömürlüyük.
Ümundünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, Azərbaycan 198 ölkə arasında aşağı pillədə, yəni 115-ci yerdə dayanır və hətta həyat səviyyəsi, qidaya, tibbi xidmətlərə əlçatanlığı çox aşağı olan - üçüncü dünya ölkələri hesab edilən Banqladeş və bu günlərdə səfərdə olduğum Şri-Lankadan da aşağı pillədədir.
- Rəqəmlərin dediyindən nə nəticə çıxartmaq olar?
- Qidadan zəhərləndiyini güman edən şəxs ya qeyri-səhiyyə məkanında dünyasını dəyişir, ya da birbaşa nə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), nə də “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) müraciət edir. İstehlakçı, əlbəttə, səhiyyə strukturlarına müraciət edərək, ya müalicə alıb geri dönür, ya əlil qalir, ya da dünyasını dəyişir. 26 ildir ki, AİİB bu kimi hadisələri izləyir, statistikaya nəzər yetirir. AQTA yaranana qədər Səhiyyə Nazirliyinin statistikasında bir ildə dünyasını dəyişənlərin sayı ən çox 3 nəfər qeyd edilirdi.
"Zəhərlənmə səbəbləri bir qayda olaraq istehlakçının üzərində qalir. Çox təəssüf ki, bu vəziyyəti dəyişmək hələ də mümkün olmayıb..."
AİİB-nin sədri olaraq mənim bu yanlış statistika və bunu yaradan səbəblərlə bağli çoxsaylı ictimai çıxışlarım olub. Biz bir dəfə də olsa, qida zəhərlənməsindən əziyyət çəkən istehlakçıya istehsalçı tərəfindən kompensasiya verilməsinə nail ola bilməmişik və bu günə kimi belə halın olması barədə ictimai rəydə də hec bir fakta rast gəlməmişik.
- Buna səbəb nədir?
- Səbəb odur ki, sənaye üsulu ilə istehsal olunmuş istənilən qida məhsuluna əvvəllər Səhiyə Nazirliyinin uyğun qurumu, AQTA yaradılandan sonra isə AQTA sertifikat verir. Bu rəsmi sənəd əsasında məhsullar satış şəbəkələrinə paylanır. Qeyd etmək istəyirəm ki, zəhərlənmədən əziyyət çəkən istehlakçının hüquqi nəticələrinə nail olmaq ücün tibb müəssisəsinin həkiminin vətəndaşın hansı qidadan zəhərləndiyini bildirən rəsmi sənəd verməsi zəruridir. Əlbəttə, bunu müəyyən etmək o qədər də asan deyil, çünki qida zəhərlənməsi hətta bir neçə gün sonra da özünü büruzə verə bilər.
- Hər hansı tibb müəssisəsi belə bir sənədi zəhərlənmiş şəxsə verirmi?
- Xeyr, ən müxtəlif bəhanələrlə tələb inkar olunur, çünki sənaye üsulu ilə istehsal olunmuş ərzaq məhsulunun sertifikatı var. Əgər həkim belə bir sənəd verərsə, məhkəmədə mübahisələndiriləcək iddia maraqlar konfilikti səbəbindən təmin olunmayacaq. Yəni nəticədə, istehsalçı şirkət dövlət orqanının zəhərlənməyə səbəb olan mal partiyasına verdiyi sertifikatı masa üzərinə qoyacaq.
Nəticədə, zəhərlənmə səbəbləri bir qayda olaraq istehlakçının üzərində qalir. Çox təəssüf ki, bu vəziyyəti dəyişmək hələ də mümkün olmayıb.
- Nə etmək lazımdir ki, qida zəhərlənməsi ölkəmizdə ən aşağı səviyyəyə gəlsin, cəmiyyət yalançı statistikadan azad olsun?
- Öncə sertifikat verən orqan müstəqil olmalıdır. Sonra maraqlar konfiliktinə səbəb olan amil aradan qaldırılmalıdır. Eyni zamanda, istehlakçıların maarifləndirilməsi ilə bağlı elə bir iş aparmalıyıq ki, istehlakçılar dərk etsinlər ki, ölkəmizdə qida təhlükəsizliyini təmin etməyə məsul olan, onlara birbaşa bu sahədə istənilən köməkliyi göstərməyə hazır olan əlahiddə bir dövlət qurumu - AQTA var. AQTA ilə hər kəsin əməkdaşlığı istədiyimiz hədəflərə asanlıqla çatmağa kömək edər. Bu əməkdaşlıq isə mükəmməl ictimai nəzarət mexanizmi ilə qurula bilər.
Məlumdur ki, illər boyu ölkəmizdə mövcud olan, xəstəlikdən ölmüş və eləcə də ölkəmizdə yeyilməyən qeyri-ənənəvi heyvan ətlərinin (at, eşşək) bazara, ictimai-iaşə müəssisələrinə daşınması mövcuddur və dəfələrlə müvafiq dövlət qurumları belə faktları ifşa edib. O da danılmaz faktdır ki, bu kimi hallar kimlərinsə qonşuluğunda baş verir. Kimlərsə mütləq bu kimi hallardan məlumatlı olur. Və ya dəfələrlə AQTA əməkdaşlarının səyi ilə ifşa olunan istehsal müəssisələrində qidanın təhlükəliliyinə səbəb olan amillər kimlərinsə gözləri önündə baş verir və istisna olunmur ki, bu əməlləri gözləri ilə görən insanlar elə özləri bu işin iştirakçıları olurlar.
Ölkəmizdə son 5 ildə ölkə Prezidentinin çağırışlarına dəstək olaraq ictimai nəzarət institutu sürətlə formalaşır. Müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılır və təbii olaraq AQTA yanında da ictimai şura mövcuddur.
Qida təhlükəsizliyinin təmin olunması, istehlakçıların kütləvi şəkildə AQTA-nın könüllülərinə, informatorlarına çevrilməsi ücün AQTA nümayəndələrinin bu məsələyə biganə qalmayan ictimai fəal insanların fəaliyyət istiqamətindən asılı olmayaraq formalaşmış ictimai şura üzvləri ilə silsilə görüşləri keçirilməlidir. Ən azı məntiq ordadır ki, hər bir şəxs qidanın istehlakçısıdır.
AQTA-nın qida təhlükəsizliyinin təmin olunmasında kütləvi ictimai nəzarətə nail olmasının səmərəli yollarından biri də ölkədə fəaliyyət göstərən mobil operatorlarla əməkdaşlıq edib onların resurslarından səmərəli istifadə edərək vətəndaşlara sms-lər vasitəsilə məlumat verilməsi və əks-əlaqənin qurulması ola bilər.
Əlbəttə, AQTA təhsil müəssisələrində bu sahədə bəzi işlər aparır, lakin bu işlər zəruri olsa da, kifayət deyil. Mütləq valideyn komitələrində də müəyyən işlər aparılmalıdır.
Hesab edirəm ki, AQTA-nın əsasnaməsində dəyişiklik edilməli, “cəld reaksiya mexanizmi” yaradılmalıdır. Yəni sutkanın istənilən vaxtında AQTA-nın “qaynar telefonuna” daxil olan zəng cəld reaksiya ilə qarşılanmalı, bürokratik prosedur ləğv edilməlidir. Arzuolunmaz malların geriçağırılma mexanizmi tətbiq olunmalıdır…
***
Bəli, media ilə vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı öz bəhrəsini həm də ona görə verə bilir ki, ortada dövlətimizin və ictimaiyyətimizin maraqları dayanır. Bu maraqlar hər bir kəsdən məsuliyyət və peşəkar yanaşma tələb edir…
Elbar ŞİRİNOV
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.4).