Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Cavid Hüseyn dindirilib.
O, 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşdüyünü bildirib:
"Bunlar (təqsirləndirilən şəxslər - red.) məhkəmədə özlərini məzlum göstərsələr də, Şuşa həbsxanasında cəllad idilər. Hər ikisi Azərbaycan dilini bilirlər. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orada dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orada dəmir alətlə döyüb qarın altında basdırdılar".
Zərərçəkən bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gələn zaman onun vəziyyətini görməsinlər deyə qalaya atıblar:
"Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi bizə baş çəkməyə gəldi. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar.
Biz Şuşa həbsxanasında olanda uşaq bağçalarına uşaqları gətirib bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin yoxsa sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər".
"Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər. Mkrtçyanın əlinin üstündə LMN yazısı var idi. Bu, baxış zamanı da təsdiqləndi" - zərərçəkən bildirib.