Ali Baş Komandan, Prezident cənab İlham Əliyev həm 44 günlük İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi sərkərdəlik bacarığı ilə, həm də 10 minlik silahlı erməni separatçılarını 24 saatlıq savaşla diz çökdürməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə ikiqat yazdırdı

2020-ci il sentyabrın 27-də başlayan və Zəfərlə başa çatan 44 günlük döyüş bitdikdən sonra, əksər insanların qəlbində sevinc hissi ilə yanaşı, bir təəssüf hissi də yaranmışdı. Hamı ürək ağrısı ilə qeyd edirdi ki, niyə ordumuz Xankəndinə girmədi? Əgər Xankəndini götürmədiksə, deməli, bu Qarabağ problemi hələ uzun müddət davam edəcək. Xalqımızda rus qoşunlarının sülhməramlı adı ilə ərazimizdə yerləşməsi də çox böyük üzüntü yaradırdı. Hər kəsdə belə bir təəssürat yaranmışdı ki, ruslar ermənilərin müdafiəçisidir və heç vaxt Qarabağ məsələsinin tam həllinə imkan verməyəcək.

Təbii ki, bu deyilənlərdə, o dövrdə çox böyük həqiqət vardı. Çünki 200 ildir rusların başımıza açdığı oyunları həm tarix kitablarından bilirik, həm də son 35 ildə özümüz canlı şahidiyik. Ona görə də rusların Qarabağda müvəqqəti olsa da, yerləşməsi, 44 gündə qazandığımız qələbəyə ürəkdən sevinməyə imkan vermirdi.

Artıq 44 günlük qələbədən 3 il keçib. İndi görün bu üç ildə dünyada nələr baş verib? Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq silahlı dəstələrini ərazimizdən çıxarmadı. N.Paşinyan həmin bəyanatda göstərilən Zəngəzur dəhlizinin açılması məsələsində 3 il keçməsinə baxmayaraq, hələ də Tağı Əhmədov demiş, burcudur. Eyni zamanda, sərhədlərin delimitasiya və demorkasiyasını müəyyən etməkdən  müxtəlif bəhanələrlə yayınmaqda davam edir. Sülh sazişinə isə heç yaxın gəlmirlər.

2022-ci il fevralın 24-də heç kəsin gözləmədiyi halda, Rusiya Ukraynaya hücum etdi. Bütün Qərb dövlətləri, o cümlədən Amerika və NATO ölkələri həm pulları, həm də müasir silahları ilə  Ukraynanın köməyində durdular. Rusiyanın yeraltı və yerüstü sərvətləri hədsiz dərəcədə çox olduğundan Qərbin Ukraynaya görə tətbiq etdiyi çoxsaylı sanksiyalara hələ ki, dözür. Amma iqtisadi və siyasi cəhətdən çökməsi də göz önündədir. Qərb Rusiyanı tədricən, bax beləcə də çökdürəcək. Sanksiya o həddə çatıb ki, Roma statusuna qol çəkən dünyanın 120-ə yaxın dövlətinə Rusiya prezidenti V.Putin gedə bilməz. Çünki həmin statusa görə dərhal həbs olunmalıdır. Hazırda Putinin az-çox özünə dost bildiyi Türkiyə Prezidenti R.T.Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu amil də Qarabağ məsələsinin xeyrimizə həll olunmasında başlıca rol oynadı.

Bəli, Rusiya 3 il əvvəlki Rusiya deyil. Bu gün Rusiya Qərbin və NATO-nun əli ilə Ukrayna bataqlığında boğulur. 200 ildir ermənini Qafqaza köçürən, Azərbaycan torpağı hesabına ermənilərə dövlət yaradan, üstəlik də Qarabağı onlara peşkəş etmək istəyən Rusiyanın indiki düşdüyü acınacaqlı durumundan istifadə etməmək ağılsızlıq olardı. Bu səbəbdən Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq həmişə deyir ki, “nəyi, nə vaxt və harada mən bilirəm”. Həm 44 günlük tarixi zəfər, həm də 24 saatlıq Xankəndi qələbəsi göstərdi ki, doğrudan da Ali Baş Komandan, Prezident cənab İlham Əliyev haqlıdır. 44 günlük döyüşün sonunda “niyə Xankəndinə girmədik” – sualının cavabını bu gün artıq hamı bilir. Çünki biz o vaxt, hələ dünya güclərindən sayılan Rusiya ilə kəllə-kəlləyə gələ bilməzdik. Amma indi siyasi dəngələr 180 dərəcə dəyişib. Belə fürsətdən istifadə etmək isə ağıllı adamların işidir ki, bunu da Prezident cənab İlham Əliyev məharətlə bacardı. İndi tam əminliklə demək olar ki, Qarabağ adlı problem yoxdur və Artsax-sarsax oyunu bitdi. Prezident İlham Əliyev demiş, cəhənnəm oldu Qarabağın statusu”. Deməli, onunla bir yerdə Artsax da cəhənnəmə qovuşdu.

“Azərbaycanın çörəyini yemərik, yandırarıq” - deyən Xankəndi  ermənilərinə yedizdirdik dediklərini də, çörəyimizi də... Dəfələrlə danışığa dəvət etsək də, naz-qoz atırdılar, gəlmirdilər. Amma 24 saat ərzində ağ bayraq qaldıraraq ordumuzun qarşısında diz çöküb, yalvardılar və görüşmək üçünYevlaxa qaça-qaça gəldilər. Hələ üstəlik çörəyimizi yemək istəməyən ermənilər Yevlax görüşündə bizdən yanacaq və uşaq bağçaları üçün istilik verilməsini istədilər...

İndi də 24 saatlıq savaşa qədər baş verən siyasi gedişlərə bir daha nəzər salaq. 44 günlük döyüşdən keçən 3 il ərzində Qarabağ separatçıları Fransadan, Hindistandan, İrandan və Rusiyadan külli miqdarda silahlar aldılar. Aldılar deyəndə, almağa “dux”ları çatmaz. Sadəcə, həmin dövlətlər öz siyasi və iqtisadi maraqları naminə silahları təmənnasız verdilər. Hətta iş o yerə çatdı ki, Fransadan aldıqları radio-elektron qurğuların vasitəsilə Qarabağ səmasında uçan Azərbaycan təyyarələrinə problem yaratmağa başladılar. Artıq cəmiyyətimizdə belə bir fikir formalaşmışdı ki, ermənilər və oradakı separatçılar heç vaxt Azərbaycan qanunlarına tabe olmayacaqlar. Erməni axçisi Emma Makronyanın oğlu, Fransa prezidenti Emanuel Makron isə  öz qan qardaşları olan ermənilərə açıq-aşkar siyasi-iqtisadi və hərbi dəstək verməklə, Fransa kimi bir dövlətin nüfuzunu ayaqlar altına atdı. Ermənilər həm Hindistan, Fransa, İran, Rusiya, həm də dünyada olan erməni lobbisinin dəstəklərini gördüklərindən, özlərindən sarsılmaz və yenilməz bir qəhrəman obrazı yaratmışdılar. Sanki heç 44 günkük savaşda darmadağın olan bunlar deyildilər.

Belə bir zamanda Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın təsir dairəsindən çıxıb, Amerikaya və Qərbə meyllənməkdə idi. Bu isə, 200 ildir erməniləri özünün köləsi bilən Rusiyanı istər-istəməz qıcıqlandırırdı. Çünki ermənilər tarixən belə olublar. Onlara arxa-dayaq duranlar, çörək verənlər bir balaca zəifləyən kimi, necə deyərlər, batan gəmini birinci tərk edən siçovullara çevrilirlər. Yəni öz ağalarına arxa çevirirlər. Paşinyan artıq Rusiyanın Ukrayna bataqlığından çıxa bilməyəcəyinin fərqindədir. Ona görə də əsas qonşuları olan və ömrü boyu düşmən gördükləri Türkiyə və Azərbaycanla münasibətləri qaydaya salmaq niyyətindədir. Çünki Ermənistanın bir dövlət kimi mövcudluğu məhz bu iki dövlətdən asılı olduğunu Paşinyan yaxşı dərk edir...

44 günlük döyüşdə məğlub olsa da, erməni əhalisi yeni seçkidə məhz müharibədən qaçan Paşinyana səs vermişdilər. Deməli, Paşinyan erməni xalqı arasında qonşularla sülh şəraitində yaşamaq ideyasını yeridə bilmişdi. Artıq erməni xalqı başa düşür ki, Qarabağ klanından olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan cütlüyü onları şəxsi maraqları naminə ölümə sürükləməklə məşğuldurlar. Bu gün də Paşinyana əsas müxalif qüvvələr məhz onlardır. Bu iki erməni dığasının da əsas sosial bazası Qarabağda olan 10 min silahlı erməni separatçıları idi. Paşinyan yaxşı başa düşür ki, nə qədər bu klan və Qarabağ problemi var, o, Erəmənistan dövlətinin mövcudluğunu qoruya bilməyəcək. Qarabağ probleminin də əsas yaradıcısı bu gün Azərbaycanı və Ermənistanı öz təsir dairəsində saxlamağa çalışan Rusiyadır. Ona görə də Paşinyan üzünü Qərbə çevirib ki, onun dövlətini hazırda iqtisadi və siyasi cəhətdən çökən Rusiya yox, Amerika və Qərb qoruya bilər. Bu isə, indiyə qədər erməniyə qardaş deyən farsları və rusları ondan üz döndərməyə məcbur edir. Buna isə siyasi şəraitin yetişməsi deyərlər. Ona görə də 24 saatlıq savaş zamanı nə Rusiya, nə İran, Afaq Bəşirqızı demiş, heç “mık” eləyə bilmədilər. E.Makronun isə hoppanıb-düşməyi heç bir işə yaramadı.

Prezident İlham Əliyev isə bu tarixi və siyasi şəraitdən maksimum bəhrələnərək, Qarabağ məsələsinə birdəfəlik nöqtə qoydu. Neçə vaxtdır dünyada “Azərbaycan bizə humanitar fəlakət yaşadır”, “bizi blokadada saxlayır”- deyib, haray çəkən erməni lobbisi vasitəsi ilə dünyanı üstümüzə qaldıran ermənilərə, elə həmin dünyanın özü dirsək göstərdi. Bəli, siyasətdə əbədi dost və düşmən yoxdur. İllərlə bizə düşmənçilik edən Rusiya, bu gün ondan üz çevirən Ermənistanı cəzalandırmaq üçün bizdən istifadə etdi. Rusiya ilə bu əməkdaşlıq təbii ki, bizə də sərf etdi və Qarabağ separatçılarını rus qoşunlarının gözü qabağında 24 saat ərzində diz çökdürdük. Bütün tarix boyu ermənilərə dəstək verən və ermənilər də buna görə Rusiyaya güvənərək özlərini “arxalı köpək qurd basar” prinsipi ilə məğlubedilməz hesab etdikləri halda, indi rus qoşunlarının gözü qabağında darmadağın oldular. Adama ləzzət verən ən böyük məqamlardan biri də məhz bu idi. İş o yerə çatdı ki, Paşinyan 24 saat savaş zamanı qətiyyətlə bildirdi ki, “mən Azərbaycanla müharibəyə girməyəcəyəm”. Necə girsin axı? 44 günlük savaş yadından çıxıb məgər? Amma siyasi şərait Paşinyana bunu deməyə məcbur edirdi. Bununla da Paşinyan 24 saatlıq savaşda dolayısı ilə bizə dəstək oldu. Biz isə əvəzində, Paşinyanın hakimiyyətdə qalmasına və müxalif qüvvələrindən xilas olmasına kömək etdik. Necə?

Qeyd etdiyimiz kimi, R.Köçəryan və S.Sərkisyanın ən böyük bazası Qarabağdakı silahlı erməni separatçıları idi. 44 günlük məğlubiyyəti unudaraq, son üç ildir  bizə meydan oxuyan bu separatçılar rəşadətli Azərbaycan ordusunun qarşısında 24 saat ərzində ağ bayraq qaldırıb, diz çökdülər. Deməli, Paşinyan indi ona müxalif olan R.Köçəryan və S.Sərkisyanı rahatca aradan götürə bilər. Əgər sabah bu iki erməni daşnakının həbs olunduğunu eşitsək, təəccübənmərik.

Bəli, 30 illik bir münaqişəyə arxamızda Türkiyənin, Pakistanın və İsrailin hərtərəfli dəstəyini hiss etməklə son qoyduq. Həm 44 günlük 2-ci Qarabağ, həm də sentyabrın 19-u və 20-də olan 24 saatlıq döyüşlərdə qardaş Türkiyə dövlət və xalq olaraq hər an yanımızda oldular. Artıq Xankəndi  ermənilərinin bu gün Azərbaycan qanunları ilə və bayrağı altında yaşamaqdan başqa çarələri yoxdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunub, normal yaşamalarına zəmanət verərək deyib: “Bizim sözümüz imzamız qədər dəyərlidir”. 

Bəli, həm 44 günlük, həm də 24 saatlıq qələbənin memarı və eyni zamanda ermənilərin başına dəmir yumruq endirən məhz Prezident cənab İlham Əliyevdirsə, onun əmrini yerinə yetirərək ermənilərin başına od ələyən qəhrəman Azərbaycan ordusudur. Maraqlıdır, bəs düşmənlərimiz  kənardan İlham Əliyevi necə görür və qiymətləndirir? Düşmən də olsa, Türkiyədə yaşayan erməni bloger İşxan Verdiyanın İlham Əliyev barədə yazdıqları ilə fikrimi tamamlamaq istəyirəm.

İ.Verdiyan yazır: “Biz səmimi olmalı və etiraf etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev mümkün olmayanı bacardı. O, bütün “sivil dünyanın” təzyiqlərinə baxmayaraq, öz ölkəsinin torpaqlarını tamamilə geri qaytarmağa və öz ərazisindəki millətlərarası münaqişəni praktiki olaraq dayandırmağa nail oldu.

Bu nailiyyətin ciddiliyini başa düşmək üçün xatırlamaq kifayətdir ki, son 30 ildə heç bir etnik münaqişə belə başa çatmayıb. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, İlham Əliyev inanılmazı gerçəkləşdirdi.

Əgər Azərbaycan Prezidenti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını ən yüksək səviyyədə həyata keçirə bilsə, o zaman onu əminliklə Planetin ən böyük siyasətçilərindən biri hesab etmək olar”.

Düşmən də olsa, bu fikirlərlə razılaşmamaq mümkün deyil.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyev həm 44 günlük İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi sərkərdəlik bacarığı ilə, həm də 10 minlik silahlı erməni separatçılarını 24 saatlıq savaşla diz çökdürməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə ikiqat yazdırdı. Bu döyüşlər zamanı şəhid olanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə tezliklə şəfa tapmağı, bu odun-alovun içindən salamat çıxan və  qəhrəmanlıqlar göstərən veteranlarımıza, əsgər, MAXE, gizir, zabit və generallarımıza uzun ömür arzulayırıq. Biz Ali Baş Komandan, qalib Prezident cənab İlham Əliyevlə və göstərdiyi yüksək döyüş qabiliyyətilə bütün dünyanı heyran qoyan qəhrəman Azərbaycan ordusu ilə fəxr edirik.

Elçin Məmmədli

    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN