Ədliyyə müşaviri Adil Minbaşı: «1978-ci ildə Tamara Melkumyan adlı erməni qızına 3 il azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı, vəkil kimi müdafiə edərək ona bəraət hökmü çıxartdırdım…»

…1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Türkiyə və İrandan Azərbaycanın Qarabağ bölgəsinə köçürülmüş ermənilər yüz illər boyu dinc yaşamağa davam etmişlər. Lakin ötən əsrin 60-70-ci illərindən başlayaraq əsassız olaraq Azərbaycan ərazilərində özlərinə ikinci erməni dövləti qurmaq arzuları onların qəlbinə işğalçılıq arzularını hakim etmişdi… 1988-ci ildən isə bu mənfur hisslər onları ona təlqin etdi ki, İrəvanda tarixən yaşamış soydaşlarımızın hamısı yurdundan qovulub qaçqın salındı, bu da bəs etmədi, ermənilər 1990-cı illərdən başlayaraq Qarabağ və ətraf rayonların işğalına həvəsləndilər. Və 1993-cü ildə yüz minlərlə soydaşlarımız bu dəfə Azərbaycanın daxilində ermənilərin işğalçılıq siyasətinin qurbanı olub köçkün düşdülər.

 Sonralar nə baş verdi: Qarabağdakı öz ata-baba yurduna gedib valideynlərinin məzarını ziyarət etmək istəyərkən girov düşən neçə-neçə Azərbaycan vətəndaşı erməni hakimlərin qəddar hökmləri ilə ömürlük, bəziləri isə 15 il müddətinə azadlıqdan məhrum edildilər. Halbuki onlar Qarabağa-öz evlərinə, yurdlarına, məzarlıqlarına baş çəkmək istəmişdilər. Məsələn, ermənilər 2014-cü ilin yayında Ermənistanın işğalı altında olan doğma rayonları Kəlbəcərə gedərkən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə olmazın işgəncə vermişdilər. Bu azmış kimi, Qarabağdakı separatçı rejimin Xankəndi şəhərindəki “1-ci instansiya məhkəməsi”nin kəlbəcərli girovlar barəsində çıxardığı “hökm”də Dilqəm Əsgərova ömürlük həbs, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilmişdi. Dırnaqarası "məhkəmə" “prokuror” Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edərək, hətta nəzərə almamışdır ki, bunlar mülki şəxslərdir və qovulduqları öz doğma yurdlarına ata-babalarının məzarını ziyarət etməyə gediblər…

***

  Gəlirəm mətləbə: indi görün Azərbaycanlı vəkil və prokuror, məhkəmə hakimləri cinayət törətmiş, hətta törətdiyi əməli etiraf etmiş erməni qızına qarşı hansı insani münasibəti göstəriblər.

 Söhbətə başlamamış qısa arayış verim ki, 2023-cü sentyabrın 21 tarixdə Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Yevlaxda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Azərbaycanı bu görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirdilər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirdi. Və əldə edilən ilkin razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir və s.

mehkeme-1

Bunları niyə deyəirəm: nümayəndələrdən birinin soyadının Melkumyan olması diqqətimi çəkdi. Xatırlayıram ki, ədliyyə müşaviri, tanınmış hüquqşünas Adil Minbaşı «Təzadlar»a müsahibələrinin birində bir vaxtlar vəkil işləyərkən Tamara Melkumyan soyadlı ermənini müdafiə etdiyini demişdi...  Ötən gün Adil Minbaşı ilə əlaqə saxladım. O, bu barədə maraqlı xatirəsini danışdı:

-Bəli, elədir, vaxtilə vəkil işləyərkən belə bir soyadlı ermənini müdafiə etmişəm. Bilmirəm, Yevlaxdakı Melkumyanın həmin o erməni ilə qohumluq əlaqələri var, ya yox, amma maraqlı bir fakt var, sizə deyə bilərəm. Belə ki, mən vəkil işləyərkən 1978-ci ildə Sumqayıtdakı kimya zavodlarının birində fəhlə işləyən Tamara Melkumyan adlı bir erməni qıza məhkəmə 3 il həbs cəzası vermişdi…

-Həmin erməni qız hansı cinayətdə təqsirləndirilirdi?

-Adam döymüşdü… Məndən əvvəlki vəkil Vladimir Yaşin isə demişdir ki, əməlin sübut olunub, başqa çarə yoxdur, cəzanı çəkməlisən və s. Yəni, törətdiyin əməli etiraf elə… Həmçinin səmimi peşimançılığını bildir, bəlkə cəzan bir az yüngül oldu...

-Həmin maddənin o vaxtkı sanksiyası nə qədər idi?

-Bu əməli törədənlər üçün Azərbaycan CM-nin 102-ci maddəsi tətbiq edilirdi və (Maddə-102: qəsdən bədənə ağır xəsarət yetirmə) sanksiyasında 7 ilə qədər həbs cəzası oduğuna görə 3 il çox yüngül cəza olduğu üçün vəkili də bununla razılaşmalı olduğunu qıza məsləhət görmüşdü… Hətta demişdi ki, bu hökmdən qətiyyən şikayət verməyin. Ona görə də qohumları kassasiya şikayəti verməkdən imtina etmişdilər. Ancaq mən iş materialları ilə ətraflı tanış oldum. Səmimi deyim, qızın gənc olmasına rəğmən, onun zəruri mudafiə həddində başqasına xəsarət yetirdiyini hesab etdim. Burda yalnız obyektivlik və günahsız insana əsassız cəza verilməsi məni narahat edirdi. Təsəvvür edin, hətta öz vəsaitimlə dövlət rüsumunu ödədim və cibimdən qohumu (xalasının əri Cavanşirin) adından hüquq məsləhətxanasına pullar keçirdim, işi Ali Məhkəmənin plenumuna qədər apardım...

-Maraqlıdır, bəs zərərçəkmiş erməni idi, yoxsa…

-Yox, Azərbaycanlı idi… Beləliklə, mən sonda haqlı olduğumu sübut etdim, qıza bəraət hökmü  çıxartdırdım. 1978-ci ildə SSRI-də məhkəmə təcrübəsində bu iş ən sensasion iş kimi Sov. IKP MK-nın mətbuat orqanı olan "Sovetskaya İndustriya" qəzetində geniş məqalə ilə təbliğ olundu. Hətta bu yazı ətrafinda geniş müzakirələr də oldu və qəzetdə hüquqşünas və vəkillərin təkrar məqalələri, şərhləri ilə qəzet səhifəsinə çıxarıldı… Onu da xatırladım ki, sonradan bu iş məhkəmə təcrübəsindən nümunə kimi hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi işinə də daxil edildi! Maraq üçün xatırladım ki, bu barədə məqaləni həm də o vaxtlar "Kommunist Sumqaita" qəzetində İsraildən olan Bakılı dostumuz Mark Qorin Sumqayıt zəhmətkeşlərinin müraciətindən sonra (mənə minnətdarlıq kimi) ətraflı məqalə yazmışdı. 

***

 Bəli, bu bir təsadüf deyil. Bu, Azərbaycanlı vəkilin insanpərvərliyinin və ölkəmizdə heç bir insana milli mənsubiyyətinə görə fərq qoyulmadan olunan insani münasibətidir. Amma əksinə, dumanlı havada təsadüfən azıb ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinə keçdiyinə görə soydaşlarımıza (ən tipik nümunə Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə) erməni hakimlərin və vəkillərin qeyri-humanist münasibəti real faktdır… Tanınmış hüquqşünas Adil Minbaşının söhbətini isə elə-belə dilə gətirmədik. Qoy dünya ictimaiyyəti və həmçinin ermənilər görsünlər ki, Azərbaycanda erməni millətindən olanlara münasibət necə olub. Mən hələ Qarabağ hadisələrinin ermənilər tərəfindən qızışdırılmasınadək Azərbaycanda ermənilərin ən yüksək vəzifələrdə çalışmasını,/ Bakının ən mərkəzi yerlərində geniş mənzillərdə yaşamasını, ən vacibi, Azərbaycanlıların erməni evlərində kütləvi kirayənişin qalmasını da demirəm (mən tələbəlik illərimdə özüm ailəmlə birlikdə Bakıda 3 il erməni evində kirayə qalmışam).

Yəqinki əlavə şərhə ehtiyac yoxdur…

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN