Tezadlar.az saytının 20 noyabr buraxılışında "BDU-nun "gözü qarşısında" tələbələrə qəlyan təklif edən "Fan çay evi"" başlıqlı xəbər paylaşmışdıq...
Adı çəkilən çay evi "Azərbaycan" nəşriyyatının yerləşdiyi Mətbuat prospektində (nəşriyyatla üzbəüzdə) yerləşir. Adı da "FAN-Çay evi"dir işıqforun düz yanında). Xəbərdə qeyd edilirdi ki, "...adı çəkilən çay evi hamıya çay təklif edir, tələbələrə isə qəlyan. Bunu çay evinin çöldən-ictimai diqqəti cəlb edən yerdə asdığı iri elan lövhəsi də təsdiqləyir. Adını çəkmək istəmədiyimiz tələbə də bizə yazaraq bunu diqqətə çatdırır ki, axı, tələbələr arasında siqaret çəkənlər də ola bilir... Amma onlara güzəştli qiymət adı ilə qəlyan təklif etmək qəti doğru deyil. Güzətli qiymət təklifi isə reklam məhsuludur, tələbələri qəlyan çəkməyə (hər yerdə adına sulu qəlyan deyirlər) şirnikləndirmək, cəlb etmək isə hesab edirik ən azı qanunvericiliyə zidd hərəkətdir, milli-təhsil dəyərlərimizə zidd əməldir. İnsanlar bu zərərli vərdişdən və sağlamlığa ziyan hərəkətdən imtina etməyə çalışdığı bir vaxtda tələbələri buna cəlb etmək-şirnikləndirmək, bunu reklam etmək qəti yolverilməzdir! BDU-nun həyətinə giriş hissədə-universitetin ərazisinə bitişik yerdə fəaliyyət göstərən "FAN-Çay Evi"nin kimə məxsusluğunu bilmirik, amma bu zərərli ictimai diqqət çəkən reklam hərəkətinin aradan qaldırmasını arzu edirik...".
Bu gün şikayətçi tələbə zəng edərək bildirdi ki, Çay Evinin rəhbərliyi ictimai qınaqdan nəticə çıxararaq həmin reklam-çağırış lövhəsini asılmış yerdən kənar edib, çıxarıb. Bizə isə o qalır ki, Çay evinin rəhbərliyinə "sağ ol" deyək və arzu edək ki, gələcəkdə belə məsələlərdə diqqətli olsunlar...
A.Məmmədli