Neçə dəfədir MEDİA-nın rəhbəri Əhməd İsmayılovun əleyhinə yazanlara rast gəlirəm... Nəzərə alın ki, "Təzadlar" qəzet olaraq MEDİA-dan yardım almır, sayt isə 6 aydır kənarda qalıb. Amma mənim vicdanıma nə qalıb ki, bəzi məsələlərə susum?!
Deyəcəklərimə diqqət edin: İki gün əvvəl bir xəstəmizi ağsaqqal professorun qəbuluna apardım... TƏBİB-ə aid məşhur xəstəxanadır, amma qocaman professor xəstələrə ayrıca baxır. Xəstə təxminən 10-15 dəqiqə sorğu-sual edildi, professor resept yazdı, sonra öz dili ilə dedi ki, zəhmət haqqım 80 manatdır... Verdim. Sağ olsun, bir söz demirəm, həqiqətən də tanınmış həkimdir.
Sözümün canı var: biz peşəkar jurnalistlər də şikayətçilərin qulluğundayıq. Onları bəzən saatlarla dinləyirik, kömək edirik... Bu günlərdə "Şakir" MTK-nın aldatdığı 120 vətəndaşın təxminən 20-cini qəbul edib dinləmişik, gücümüz daxilində hüquqi-mənəvi və media yardımı etmişik, şikayətlərini dərc etmişik, rəsmi blankda məktub yazıb hüquq mühafizə orqanlarına göndərmişik. Amma bir manat da xidmət haqqı almamışıq. İstəyiblər verələr, demişik ki, yox, sağ olun... Niyə? Çünki Bəxtiyar Sadıqov və onun kimilər uzun illər insanlara peşəkar xidmət göstərən jurnalistləri gözdən salmaq üçün onlara "reket" deyiblər, özləri isə... Özünüz bilirsiniz... Bu xəstə təxəyyüllülərə son verən isə Əhməd İsmayılovun komandası oldu. Təkrar edirəm, biz hazırda MEDİA yardımından kənarıq, amma MEDİA rəhbərliyinin balaca komandası jurnalistikadan Sadıqovların o xəstə təxəyyüllü virusunu rədd etdi, indi qanunsuz fəaliyyət göstərənə MŞ-ın "Reket jurnalistikaya qarşı mübarizə (Bahhh!Red.) komissiyası" deyil, hüquq mühafizə orqanları baxır... Əhməd İsmayılov o yaramaz ittihamlar kabusunu jurnalistikamızın başı üzərindən kənar edən şəxsdir! Bu isə jurnalistikada şərəf məsələsidir...
Asif MƏRZİLİ