Peşəkar jurnalist Arzu Qazıyevanın müəllif proqramı bu dəfə də Azərbaycanda jurnalistika problemlərini müzakirəyə çıxartdı...
Bu barədə müəllif proqramının qonağı olmuş jurnalist, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili məlumat verdi.
Sitat: "Tanınmış yazıçı-publisist və jurnalist Nəriman Əbdürrəhmanlı ilə birlikdə jurnalistikamızdakı mövcud vəziyyət müzakirəyə çıxarıldı. Söhbət ondan gedir ki, bu gün jurnalistikada cavanlaşma getdiyi deyilir. Lakin bu cavanlaşmanın içində tik-tok-çuluq, sosial şəbəkələşmə meydan sulayır, bu isə jurnalistika deyil... Əlinə mikrofon alan, yaxud kompüteri, planşeti, mobil telefonu olub fb-də şərh yazmağı bacaran da deyir ki, jurnalistəm... Çünki peşəkar, yaşlı nəsil sıradan çıxarılır, meydanı tik-tok-çuluq alır... Halbuki vaxtilə jurnalistikamızda məktəb sayılan və pensiya yaşı çatmış sayılanların potensial imkanlarından istifadə edilmir. Yaşlı jurnalistlər müasir texnologiyanı bilməyə bilər, amma onlar jurnalistikanın özəl sirlərini bilirlər, bu missiyanın keçmişdən bu günə, bu gündən isə gələcəyə daşıyıcılarıdırlar. Onları qorumaq və potensial imkanlarından istifadə etmək lazımdır...".
Asif Mərzili söhbətinin sonunda bunları dedi: "Peşəkarlığına təşəkkürümüz olan Arzu Qazıyevanın problemə yanaşması da olduqca gözəl idi, telemüsahibədə də bunun necə özəl olduğu görünürdü. Həm Nəriman müəllim, həm də mən Arzu xanıma belə peşəkar müzakirəyə görə təşəkkürümüzü bildirdik... Veriliş yaxın günlərdə efirə təqdim ediləcək...".
Elbar ŞİRİNOV