Gürcüstanın Baş nazir İrakli Qaribaşvili ölkənin yeni səhiyyə nazirini təqdim edib.
Bu barədə yerli KİV məlumat yayıb.
Belə ki, baş nazir Hökumətin bu günkü iclasında səhiyyə naziri olaraq Zurab Azaraşvilini təqdim edib.
Yeni səhiyyə nazirinin 42 yaşı var və o, indiyədək müdafiə naziri Cuanşer Burçuladzenin müavini vəzifəsini tutub.
Xatırladaq ki, eks səhiyyə naziri Ekaterine Tikaradze dekabrın 9-da keçirdiyi xüsusi brifinqdə, vəzifəsindən istefa verdiyi barədə açıqlama verib. Tikaradze fəaliyyətinə bundan sonra "Gürcü Arzusu"nun siyasi şurasında davam etdirəcəyini vurğulayıb. Tikaradze illər ərzində icra etdiyi bu vəzifənin çox məsuliyyətli olduğunu bildirərək, komanda yoldaşlarına təşəkkür edib. Xatırladaq ki, E.Tikaradze nazir vəzifəsinə 2019-cu ilin iyunundan başlayıb.
Gürcüstanın eks prezident Mixeil Saakaşvili səhiyyə naziri Ekaterine Tikaradzenin istefası ilə bağlı ona təşəkkür edib. Bu barədə Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidze məlumat verib. O, deyib ki, Saakaşvili Tikaradzeyə insanlığını qoruduğu və istefa verdiyi üçün təşəkkür edib.
Qeyd edək ki, Ekaterine Tikaradze 3 mart 1976-cı ildə Tbilisidə doğulub. 1998-ci ildə Tbilisi Dövlət Tibb Universitetini bitirib. Rus, ingilis və alman dillərini bilir. O, “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvüdür.
JASMİN