Qərarı diqqətlə oxuyanda görürsən ki, toya icazə verilsə də, toy eləmək mümkün deyil və burada elə baryerlər qoyublar ki,

o toyu eləməkdənsə, eləməmək ondan daha yaxşıdır...

Nəhayət, toylara icazə verildi. Buna “verildi” demək olarmı? Elə şərtlər irəli sürüblər ki, toy eləmək demək olar mümkün deyil. Bu barədə artıq saytlar və sosial şəbəkələrdə haqlı olaraq, etiraz doğuran yazılar dərc olunur, iradlar bildirilir. Bəs nədir bu etiraz doğuran səbəblər?

Əvvəlcə onu demək olar ki, Operativ Qərərgahda xalqı düşünən, onun mentalitetinə yaxından bələd olan, adət-ənənəsini dərindən bilən insanlar demək olar yoxdur. Hər halda üzdə görünən qərar bunu deməyə əsas verir. Çünki bu qərar qəbul edilərkən, bir çox nüanslar nəzərə alınmayıb. Gəlin indi həmin qərarın şərhinə keçərək dediklərimizi əsaslandırmağa çalışaq.

Qərarda qeyd edilir ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə, göstərilən şərtlərə əməl etməklə icazə verilir. Bax ona görə deyirik ki, Operativ Qərargahda xalqın mentalitetindən uzaq olan insanlar əyləşib. Çünki pandemiyadan əvvəl olan toylarda kim görüb ki, 50-150 nəfər arası insanın iştirakı ilə toy etsin? Toyda ən azı 250 nəfərdən aşağı adam olmur. 50-150 nəfər arası olan məclisə adətən banket deyilir. Yəni, bu məclis ya ad günü, ya da nişan mərasimi ola bilər. Bundan əlavə, qərarda toy mərasiminin keçirilməsində mövsümlər nəzərə alınmayıb. Hazırda yay ayıdır. Açıq havada toy eləməyin isə ayrı ləzzəti var. Heç olmasa, 150 nəfərdən yuxarı məclisin açıq havada keçirilməsi barədə qərarda nəsə deyilməli idi. Bu gün bir çox restoranlar acıq havada yüzlərlə müştəriyə qulluq edirlər. Məsələn, böyük vəzifəli məmurlardan birinə məxsus “Çanaqqala” restoran-istirahət mərkəzində açıq havada hər axşam bəlkə də 500 nəfərdən-1000 nəfərədək müştəri olur. “Şuşa”, “Xarı Bülbül”, “Ay işığı”,“Flaminqo”, “Neolit”, Şıxovda, dəniz kənarında olan “Narşərab” restoranı və digər restoranların həyətlərində yüzlərlə insan bu gün də öz yeyib-içməklərindədir. Məgər bunun adını toy qoysaq, virusun xətrinə dəyəcək? Yoxsa, virusun bəy-gəlin paltarına qarşı allergiyası var? Bütün bunlar başdan ayağa bir məntiqsizlikdir ki, bunu da Operativ Qərargah bizlərə yaşadır. Artıq sübut etdik ki, 50-150 nəfər məsələsi toy üçün reallıqdan uzaq olan bir rəqəmdir.

Qərarda daha bir diqqət çəkən məqam toya gələnlərin siyahısını əvvəlcədən portala daxil edilməsidir. Tutaq ki, 150 nəfərin siyahısı portala daxil edildi. Yenə Operativ Qərargahın mentalitetdən uzaq olan üzvləri düşünməyiblər ki, heç vaxt siyahıya daxil olan adamların hamısı obyektiv və subyektiv səbəblərdən toya gələ bilmir, əvəzində övladını, qardaşını və digər yaxınını həmin məclisə göndərir. Belə çıxır ki, həmin adamın əvəzindən toya gələni şənlik zalına buraxmayacaqlar. Bu da təbii ki, düzgün yanaşma deyil. Bu prossesə nəzarəti isə Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri həyata keçirəcək. Xalqımızın düşdüyü hər situasiyadan çıxma bacarığını nəzərə alsaq, deyə bilərək ki, hər üç qurumun nümayəndələri ilə dil tapılaraq əlavə qonaqlar məclisə mütləq dəvət olunacaq. Çünki karantinə qədər insanlarımız çoxsaylı dostlarının, qohumlarının, iş yoldaşlarının toylarında iştirak ediblər və toy yiyəsinə kömək məqsədi ilə müəyyən məbləğdə pul yazdırıblar. Hamımızın bildiyi kimi bu da təbii ki, bir borcdur. Ona görə də məclisə ən aşağısı 250-300 nəfər dəvət olunmalıdır ki, onlar da toy sahibinin borcunu qaytarsınlar. Axı toyun Məşədi İbad demiş, bir anbar xərci var. Əziyyət çəkən toy sahibi olur, qazanan isə, şadlıq evlərinin müdirləri. İndi qazananların sırasına yuxarıda adı çəkilən hər üç qurumun nümayəndələri də qoşulacaq. Toy sahibinə isə, övladının toy kasetindən başqa heç nə qalmayacaq. Bir də yeni borc dəftəri... Bu məntiqsizliyi Operativ Qərargahın başbilənləri izah edə bilərmi? Ya toya normal şəkildə icazə verilməli idi, ya da yenə qadağanı davam etdirərdilər. Necə olur ki, 50 nəfərlik məclisə gələnlərdən COVİD-19 pasportu tələb olunmur, amma 50 nəfəri keçəndən sonra bu pasport tələb olunur? Niyə? Məgər virus 50 nəfəlik məclisdən qorxur? Bu məntiqsizliyi Operativ Qərargahın başbilənləri izah edə bilərmi? Bu sualın cavabını da buraxaq onların öz insafına.

Və nəhayət, necə ola bilər ki, avtobusda, ticarət mərkəzlərində, metroda yüzlərlə insan burun-buruna dayana bilər, amma 150-200 nəfərin açıq havada, yaxud 500-1000 nəfərlik zallarda sosial məsafə şərti ilə toy etməsinə icazə verilə bilməz???

İndi qərarda daha bir məntiqsizliyə aydınlıq gətirək. Qərarda qeyd edilir ki, “2021-ci il iyulun 1-dən etibarən COVİD 19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin azı 80 faizinin COVİD-19 pasportuna malik olması mütləqdir”. Belə çıxır ki, qalan 20 faiz işçinin viruslu xəstə kimi qonaqlara qulluq etməsi qəbul olunandır. Yenə də bu məntiqsizlik, qərarı verən səlahiyyət sahiblərinin öhdəsindədir.

Ümumiyyətlə, qərarı diqqətlə oxuyanda görürsən ki, toya icazə verilsə də, toy eləmək mümkün deyil və burada elə baryerlər qoyublar ki, o toyu eləməkdənsə, eləməmək ondan daha yaxşıdır. Yəqin ki, Nazirlər Kabinetinin rəhbər heyəti və Operativ Qərargahın başbilənləri bütün bu iradları və etirazları nəzərə alıb, qərarı yenidən nəzərdən keçirəcəklər. Yenidən bu qərara qayıtsalar, inanıram ki, aşağıda qeyd olunanlar mütləq nəzərə alınacaq:

  1. Qonaqların sayının 250 nəfərdən 300 nəfərə və daha yuxarı olması.
  2. İşçi heyətinin 100 faizlik COVİD-19 pasportuna malik olması.
  3. Qonaqların sayının portala daxil edilməsi yox, sadəcə adı çəkilən 3 qurumun nümayənləri, şadlıq evinin müdiri və toy sahibi ilə birlikdə razılaşdırılması.

4.Açıq havada 300 nəfərdən yuxarı məclisin keçirilməsinə icazə verilməsi.

Bu deyilənlər nəzərə alınsa, nəhayət, Operativ Qərargahın üzvləri fəaliyyət göstədikləri gündən bəri ilk dəfə xalqın alqışını qazana bilərlər. Necə deyərlər, toylarınız mübarək olsun!

 Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN