“Yaxın müddətdə ermənilərlə əvvəlki kimi bərabər, eyni ortamda yaşamağın mümkünlüyünü real görmürəm”
“Mən yaxın müddətdə ermənilərlə əvvəlki kimi bərabər, eyni ortamda yaşamağın mümkünlüyünü real görmürəm. Ermənilər indiyədək türklərlə olan problemi unutmayıblar. Bir əsrdən çox keçib, neçə nəsil dəyişib, amma yaddaşlarından silinməyib. Proseslər də göstərdi ki, bu da onlara ancaq ziyan vurub. Biz qələbə qazanmış ölkəyik. Əgər onlar bizim şərtlərimizlə razılaşsalar, bəli, bu, mümkündür. Qarabağda yaşamaq istəyirlərsə, yaşasınlar, bizim onlarla işimiz yoxdur, Sovet dönəmində necə yaşayırdılarsa, indi də gəlsinlər, elə yaşasınlar, qurtardı getdi. Ermənistanla da əlaqə saxlaya bilərlər, gedib, gəlsinlər. Amma onlar artıq bilməlidirlər ki, Azərbaycan vətəndaşlarıdırlar. O zaman biz yaddan çıxara bilərik. Bu cür olmasa, biz də yaddan çıxara bilmərik. Həmişə bizim üçün problem olacaq. Əgər onlar bizim şərtləri qəbul edərək desələr ki, bəli, Azərbaycanın bayrağını, Azərbaycanın dövlətini, Azərbaycan hakimiyyətini qəbul edirik, burada bu şərtlər altında yaşamağa razıyıq, o zaman problem yoxdur. Təki bu şərtləri qəbul etsinlər”.
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a müsahibə verib. Onunla istər siyasi, istər hüquqi, istər elmi mövzuda həmsöhbət olmaq çox maraqlıdır. Bu səbəbdən də, onu nadir müsahib adlandırıram. Müsahibə üçün yaranan bu fürsəti də hərtərəfli dəyərləndirməyə çalışdım.
Bütün dünyanın diqqətinin yönəldiyi Putinlə Bayden görüşündən tutmuş, Qarabağdakı sülhməramlılardan, Ərdoğanın tarixi Şuşa səfərindən, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyindən, Putinlə dostluğunun kimsənin bilmədiyi məqamlara qədər bir çox məsələlərdən danışdıq. Professor İlham Rəhimovla müsahibənin 1-ci hissəsini təqdim edirik.
- İlham müəllim, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Cozef Bayden arasında, nəhayət ötən həftə Cenevrədə dünyanın diqqətlə izlədiyi görüş baş tutdu. Beynəlxalq KİV-in yaydığı məlumatlarda iki böyük dövlətin başçıları arasında keçirilən bu görüşdə Rusiya-ABŞ münasibətlərindəki kəskin ziddiyyətlərin aradan qaldırılması istiqamətində nəticə əldə olunmadığı bildirilir. Xeyli gərgin keçən üç saat yarımlıq danışıqlardan sonra tərəflərin yalnız “bəzi kiçik məsələlərdə” anlaşma əldə etdikləri söylənilir. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı.
- Hazırda siyasətçilər bu görüşlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Amma məncə, bu görüşü şərh edərkən, siyasətçilər də, jurnalistlər də əsas diqqəti həm də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasındakı şəxsi münasibətlərə yönəltməlidirlər. Ziddiyyətlər həm ABŞ - Rusiya münasibətləri, həm də hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətlərindən irəli gəlir. Əlbəttə, bu münasibətlərin tarixi daha əvvəllərdən qaynaqlanır. Bilirsiniz ki, Baydenlə Putinin illər əvvəl birincinin hələ ABŞ vitse-prezident olduğu dövrdə görüşü olub və mən belə düşünürəm, məhz bu görüş sonradan onların arasında hansısa soyuq münasibətlərin yaranmasına səbəb olub və Bayden prezident olan dövrdə özünü biruzə verib.
- Bayden bir neçə ay öncə “ABC News”a verdiyi müsahibəsində jurnalistin Putini qatil hesab edib-etməməsi ilə bağlı sualına belə cavab vermişdi: “Hmm… Hesab edirəm. Putinlə uzun-uzun danışmışıq. O, ABŞ prezident seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək”. Lakin ABŞ prezidenti bu günlərdə Brüsseldə NATO sammitindən sonrakı mətbuat konfransında çıxışında Rusiya liderini “layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi” adlandırdı...
- Hər şey Baydenin həmin müsahibəsindən başladı. O, həmin müsahibəsində jurnalistin Putini qatil hesab etməsi ilə bağlı sualını təsdiqləyərək müsbət cavablandırdı. Amma Putin Baydenə cavab vermədi. Özlərini ağıllı siyasətçi hesab edənlər, siyasətdən yazan jurnalistlər Putinin Baydenin bu çıxışına soyuqqanlı münasibətini onun zəifliyi kmi göstərməyə və onun bu məsələdə özünü zəif göstərdiyi barədə mülahizələr yürütməyə başladılar. Amma mən o insanı tanıdığımdan dəqiq bilirdim ki, nə vaxtsa mütləq Baydenə cavab verəcək. Belə bir məşhur deyimi xatırlatmaq istəyirəm: “Hər şeyin zamana ehtiyacı var”. Təbii ki, Putin o zamanı və şəraiti gözləyirdi. Görünür, Bayden özü olmasa da, məsləhətçiləri Putin tərəfindən ona cavab veriləcəyini bilirdilər.
Fikir verdinizsə, Putinin mətbuat konfransında aydın oldu ki, Bayden ona zəng edib və həmin məsələ ilə bağlı müəyyən açıqlamalar verib. Nə deyib, biz bundan xəbərsizik. Amma həmin konfransda Putin bu məsələylə bağlı Baydenin ona zəng etdiyini xatırlatdı: “Baydenin telefon danışığı zamanı söylədikləri məni qane etdi”. Bayden bəlkə də jurnalistlərin onu tələyə saldığını deyərək üzr istəyib, ya da Putinin ünvanına uyğun olmayan sözlər işlətdiyini etiraf edib. Dediklərim, sadəcə, təxminlərdir. Amma hər halda, Putin Baydenin cavabını onu qane etdiyini bildirdi.
Bir məqamı da qeyd edim, Bayden Putini “qatil” adlandırdıqdan sonra Rusiya prezidenti ona birbaşa dialoqa girməyi təklif etdi. Bayden isə bu təklifdən yayındı. Ümumiyyətlə, bu proseslər zamanı Putinlə Baydeni müqayisə etmək imkanı yarandı. Aydın oldu ki, dialoqda, jurnalistlərlə ünsiyyətdə, kim daha üstündür. Brüsseldəki görüşdən əvvələ nəzər salsaq, görərik ki, Putin Amerikanın ən məşhur telejurnalistlərinin istənilən təxribat xarakterli sualını cavablandırdı və heç bir sualdan yayınmadı. Bayden isə Rusiyadan olan heç bir jurnalistə müsahibə vermədi. Halbuki, bununla bağlı ona çoxsaylı müraciətlər var idi. Putinin istənilən suala cavabı var və çox hazırcavabdır. Onun bütün fəaliyyəti dövründə biz bunun şahidiyik.
O ki qaldı görüşün baş tutmasına, bu görüşü Bayden təklif etdi. Mən əminəm ki, əgər Bayden görüşməyi istəyini deməsəydi, Putin heç zaman ona görüşməyi təklif etməzdi. Həmişə görüşə təşəbbüs göstərən tərəf problemi köklü şəkildə açıb ortaya qoyur. Nəyə görə biz görüşə gəlmişik?! Bu artıq Bayden tərəfindən ortaya qoyulmalı idi. Prinsip etibarı ilə bu görüşdə qlobal məsələlər müzakirə olunmalı idi. Bütün dünya gözləyirdi ki, iki lider görüşüb nəyisə həll edəcəklər. Suriya, Liviya, Ukrayna, Qafqaz və digər məsələlərin müzakirə olunacağı, hansısa qərarlar qəbul ediləcəyi gözlənilirdi. Amma bunların heç biri olmadı. Faktiki olaraq elə məsələlər müzakirə olundu ki, o mövzularda onsuz da onların fikirləri eynidir. Məsələn, İranın nüvə silahıyla bağlı müzakirələr oldu. Bu məsələdə Rusiya və ABŞ-ın mövqeyi eynidir. Yaxud, Əfqanıstan məsələsini müzakirə etdilər. Bu məsələdə də tərəflərin arasında böyük bir problem yoxdur. Yalnız bir məsələdə fərqli mövqe oldu, Putin bildirdi ki, hələlik Amerika ordusunu Əfqanıstandan çıxarmaq tezdir.
- Çox maraqlı bir məqama toxundunuz. Niyə Putin Amerika ordusunun Əfqanıstandan çıxarılmasının niyə tez olduğunu düşünür? Sizcə, bunun səbəbi nədir?
- Putin bilir ki, müəyyən hadisələri çıxmaq şərti ilə Amerika ordusu orda olduqca Əfqanıstanda sabitlik var.
- Hansı təhlükə yarana bilər ki…
- Çünki Əfqanıstanla sərhəddə Rusiyanın bazaları var. Mən belə başa düşürəm. Yəni, deməyim odur ki, bu məsələdə də prezidentlər arasında böyük narazılıq olmadı.
Görünən odur ki, Baydenlə Putinin təkbətək görüşündə onlar “müharibədən uzaq duraq” kimi ortaq fikirlər səsləndiriblər. Həmin görüşdə yeganə real və konkret məsələ - səfirlərin ölkəyə qayıtması məsələsinin müzakirəsi oldu. Bu da onu göstərir ki, iki ölkənin sıfır səviyyəsində olan münasibətlərində irəliləyiş var. Yəni, artıq yol açılır. Bunun özü çox müsbət nəticədir. Bir də o maraqlıdır ki, Bayden mətbuat konfransında Putin haqqında dediyi sözlərdən imtina etdi. Ona sual verdilər ki, “siz Putini “qatil” adlandırmışdınız, yenə də bu fikirdəsinizmi?”. Bayden isə bu sualdan qaçdı. Əksinə, bildirdi ki, Putin çox güclü və ağıllı rəqibdir. Bu o deməkdir ki, iki dövlət başçısı arasında artıq müəyyən qədər yaxınlaşma yarandı və məncə, bu yaxınlaşma gələcəkdə davam edəcək.
- Sammitdən əvvəl Baydenlə Putinin Qarabağ mövzusunu da müzakirə edəcəkləri haqda xəbərlər yayılmışdı. Lakin belə müzakirələrin olduğu barədə heç bir məlumat verilmədi, prezidentlər də keçirdikləri mətbuat konfransında bu barədə danışmadılar...
- Mənim fikrimcə, bu mövzuda danışılmamasının səbəbi Azərbaycan və Ermənistan arasında olan müharibədən sonra Qarabağla bağlı mövcud situasiyanın Amerika tərəfindən də qəbul edilməsidir. Narazılıq və ya narahatlıq doğuracaq bir durum olsaydı, təbii ki, bu mövzunu müzakirə edərdilər. Amerika başa düşür ki, bu istiqamətdə əsas söz sahibi Rusiyadır. Lakin, regionda öz maraqlarını da qorumağa çalışır. Hazırda isə ABŞ-ı narazı salan hər hansı ciddi bir səbəb yoxdur.
- Türkiyə Prezidenti Ərdoğanın Baydenlə görüşdən sonra Brüsseldən birbaşa Azərbaycana uçması xeyli maraqla qarşılandı. Bəzi ekspertlərin fikrincə, bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız Azərbaycan Ordusunun deyil, həm də NATO-nun ikinci ən güclü ordusu olan Türk Silahlı Qüvvələrinin qoruyacağından xəbər verir…
- NATO-nun Zirvə toplantısından əvvəl bu qurumda təmsil olunan əsas ölkələrin liderləri ayrıca yığışıb müzakirələr aparırlar. Sonra isə daha geniş tərkibdə toplaşıb qəbul olunan qərarları hər kəsə təqdim edirlər. Brüsseldəki görüşdən əvvəl də NATO-nun “7-lər”i toplandı. Lakin, Ərdoğanın Azərbaycana səfərini NATO-nun zirvə toplantısı ilə əlaqələndirmək düzgün deyil. Bildiyimiz kimi, dövlət başçılarının səfərləri aylar əvvəl hazırlanır.
- İlham müəllim, Türkiyə NATO üzvü olmasına rəğmən, Avropa Birliyinə üzv olmaq üçün neçə ildir gözləmə məqamındadır.
- Bəli, Türkiyə neçə ildir Avropa Birliyinə qəbul olmaq istəyir, amma imkan vermirlər. Təkcə ona görə yox ki, Türkiyə müsəlman ölkəsidir. Həm də burada iqtisadi məsələlər də var. Türkiyə çox güclü kənd təsərrüfatı ölkəsidir. Qəbul olunacağı təqdirdə, Türkiyənin bütün kənd təsərrüfatı məhsulları Avropada olacaq. Onlar da bunu qəbul eləmirlər. Bu iki məqam Türkiyənin Aİ-yə qəbulunda əsas maneədir. Həm də NATO üzvləri arasında da problemlər var. Özləri də çox məsələlərdə yekdil fikrə gəlmirlər.
Məsələn, Türkiyə və Yunanıstan arasında soyuqluq yarandı. Yaxud, Amerikayla bizim qardaş dövlət Türkiyəni götürək. Aralarında problem var. Bu problem də S-400-lərlə bağlıdır. Brüssel görüşündə də bu problemlə bağlı razılığa gələ bilmədilər. Ərdoğan dedi ki, mən öz fikrimdə qalıram. Amerika xeyli vaxtdır Türkiyədən tələb edirdi ki, S-400-ləri almasın, çünki NATO-nun üzvüdür. Ərdoğan da sözünün üstündə dayandı. Ümumiyyətlə, Türkiyə son vaxtlar istənilən məsələdə özünü çox müstəqil və sərbəst aparır. Bu, Amerikanın da, Avropa ölkələrinin də xoşuna gəlmir. Yəni Avropanın Türkiyəni kənarda saxlamasının səbəblərindən biri də budur. Ancaq məcburiyyət qarşısında qalıb Türkiyəni NATO-da saxlayırlar. Türkiyəyə NATO-dan “çıx” deyə bilmirlər, orda saxlamağa məcbur olsalar da, Türkiyənin özünü müstəqil aparmasını və gücünü həzm edə bilmirlər. Problem bundadır. Çoxları deyir ki, Baydenlə Ərdoğan görüşdü, arada olan soyuq münasibət aradan qalxdı, məsələlərin hamısı həll olundu. Xeyr, belə deyil, məsələlər bütünlüklə həll olunmayıb. Onların görüşündə əsas müzakirə predmeti S-400-lər idi. Bu məsələdə də razılığa gələ bilmədilər. Hərə öz fikrində qaldı.
Bir neçə il əvvəl bir hadisəni xatırladım. O zaman bir dövlətdə qonaq idim. Həmin dövlətin adını çəkməyəcəm. Oranın ikinci adamı mənimlə görüşmək istədiyini bildirdi və bu görüş oldu. Həmin görüşdə mən ona dedim ki, Rusiyanın Avropaya qaz kəməri Türkiyədən keçdi, amma Rusiya kəmərin sizin ölkənizdən keçməsini istəyərdi. Əgər o kəmər sizin ərazinizdən keçsəydi, ildə 500 milyon avro pul alacaqdınız. Kasıb da ölkəsiniz. Dövlətin ikinci adamı mənə nə desə, yaxşıdır? Dedi ki, okeanın o tayında olan ölkə qoymadı. Dediyim kimi, orada bilirsiniz nə qədər belə ölkələr var?! Özünü bir az sərbəst aparan Almaniyadır, “Şimal axını-2”- də ayağını dirədi, dedi xeyr, kəmər çəkiləcək, Amerika da razılaşdı. Qalan ölkələr hamısı okeanın o tayından nə deyilirsə, ona qulaq asırlar, NATO budur! Ona görə deyirəm ki, Türkiyənin müstəqilliyi, sərbəstliyi, gücünə arxayın olmağı onun dünyada nüfuzunu qaldırır. Bu, NATO-nun digər ölkələrinin xoşuna gəlməsə də, hər halda bunu görürlər, qiymət verirlər. Türkiyə NATO-nun üzvüdür, o NATO-ya daha çox lazımdır, nəinki NATO Türkiyəyə.
- Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasıyla bağlı fikirlər səslənir. Sizcə, bu nə dərəcədə realdır? Bu halda Rusiyanın Azərbaycana münasibəti necə olacaq?
- Ümumiyyətlə, mən hansısa dövlətin Azərbaycanda hərbi bazasının olmasının əleyhinəyəm. Amma Türkiyənin Azərbaycanda bazasının olması o zaman real ola bilər ki, Türkiyə NATO-nun üzvü olmasın. Türkiyənin Qarabağda hərbi bazasının olması NATO-nun bazasının olması deməkdir. Təsəvvür edirsiniz, bu nə deməkdir? Rusiya ilə sərhəd olan dövlətdə NATO-nun bazası olsun. Əgər Türkiyə NATO-nun üzvü olmasa, Azərbaycan razılıq versə, təbii ki, bu mümkündür. Amma hazırkı məqamda mən bunu real görmürəm, həm də bir az təhlükəlidir.
Təsəvvür edin, Ukraynada NATO-nun hərbi bazası yoxdur, bu ölkə hələ NATO-ya qəbul edilməyib. Amma ruslar Ukraynanın sərhəddinə qoşun yeritmişdi. Hər an müharibə başlaya bilərdi.
Lakin Azərbaycanla Türkiyə arasında hərbi sahədə daxil olmaqla, bütün sahələrdə əməkdaşlıq olduqca vacibdir. Son zamanlar bu istiqamətdə atılan addımlar çox təqdirəlayiqdir. Eyni zamanda Azərbaycanın Rusiya ilə münasibətlərə də önəm verməsi bizim xarici siyasətin uğurudur.
- Rusiya sülhməramlılarının Qarabağ bölgəsində uzun müddət qalmaq perspektivini azaltmağın bir yolu varmı?
- Rəsmi sənədə görə, Rusiya silahlı qüvvəlıri 5 il müddətinə bölgəyə yerləşdirilib. Sənədə görə, müddət başa çatandan sonra onların mandatının uzadılması üçün hər iki ölkənin razılığı olmalıdır. Düşünürəm ki, gələcəkdə iki xalq arasında münasibətlər normalaşaçağı təqdirdə sülhməramlılara ehtiyac olmayacaq. Bunun üçün çalışmaq lazımdır. Qarabağda yaşayan ermənilər sonda anlamalıdırlar ki, onların normal yaşayışları üçün Azərbaycanın yurisdiksiyasını qəbul etməkdən başqa yolları yoxdur.
- Siz azərbaycanlılarla ermənilərin illər əvvəl olduğu kimi bərabər yaşaya biləcəklərinə inanırsınızmı? Belə anlaşılır ki, hələ uzun illər Rusiya sülhməramlıları Qarabağ bölgəsində olacaqlar...
- Mən yaxın müddətdə ermənilərlə əvvəlki kimi bərabər, eyni ortamda yaşamağın mümkünlüyünü real görmürəm. Ermənilər indiyədək türklərlə olan problemi unutmayıblar. Bir əsrdən çox keçib, neçə nəsil dəyişib, amma yaddaşlarından silinməyib. Proseslər də göstərdi ki, bu da onlara ancaq ziyan vurub.
- Bəs, biz necə unuda bilərik…
- Biz qələbə qazanmış ölkəyik. Əgər onlar bizim şərtlərimizlə razılaşsalar, bəli, bu, mümkündür. Qarabağda yaşamaq istəyirlərsə, yaşasınlar, bizim onlarla işimiz yoxdur, Sovet dönəmində necə yaşayırdılarsa, indi də gəlsinlər, elə yaşasınlar, qurtardı getdi. Ermənistanla da əlaqə saxlaya bilərlər, gedib, gəlsinlər. Amma onlar artıq bilməlidirlər ki, Azərbaycan vətəndaşlarıdırlar. O zaman biz yaddan çıxara bilərik. Bu cür olmasa, biz də yaddan çıxara bilmərik. Həmişə bizim üçün problem olacaq. Əgər onlar bizim şərtləri qəbul edərək desələr ki, bəli, Azərbaycanın bayrağını, Azərbaycanın dövlətini, Azərbaycan hakimiyyətini qəbul edirik, burada bu şərtlər altında yaşamağa razıyıq, o zaman problem yoxdur. Təki bu şərtləri qəbul etsinlər.
- Sizcə, ermənilər bu şərtləri qəbul edəcəklərmi?
- Qəbul edib-etməməyi özləri bilər. Onlar hazırda ayrı fikirlərlə, ideyalarla yaşayırlar. Şuşanı, Hadrutu qaytarmaq istəyirlər. Ermənilər müharibədə məğlub olublar, hələ stressdən çıxmayıblar, yuxudadırlar və bunun necə baş verdiyini belə başa düşmürlər, heç düşünmək də istəmirlər. Onlara ağılları başlarına gəlsin deyə, vaxt lazımdır. Eyni zamanda, ağıllı bir hakimiyyət lazımdır ki, erməni xalqına yavaş-yavaş bunun ayrı yolu olmadığını başa salsın. Bu, çox çəkə bilməz. Artıq bu faktla, reallıqla razılaşmaq lazımdır. Sülhməramlıların bölgədən çıxması üçün ermənilər ağıllanmalıdır.
Müsahibənin II hissəsi sabah, iyunun 23-də yayımlanacaq. Bir çox maraqlı sualların cavabı növbəti hissədə dərc olunacaq.