Kiyev meri Vitali Kliçko şəhəri tərk edən kiyevli kişiləri paytaxta qayıtmağa, doğma şəhərlərini və gələcəklərini müdafiə etməyə çağırıb.
Kliçko bu barədə Telegram-da bildirib.
"Ukraynanın ürəyi olan paytaxt müdafiə olunacaq! Bizi diz çökdürməyəcəklər! Bu gün hər bir kiyevlinin səy göstərməsi vacibdir.”
O qeyd edib ki, hər kəs bacardığı işdən yapışır - kimisi əlində silah döyüşür, kimisi şəhərdə istehkamlar tikməyə kömək edir.
“ Bizim müdafiəçilərimiz üçün, həm də sosial müdafiəsiz kiyevlilər üçün yemək bişirmək lazımdır - ərzaq çatdırmaq lazımdır və bir çox başqa işlər.. Kiyevi sevən və onun ayaqda qalmasını istəyən hər kəs bacardığı qədər kömək etməlidir!”
Daha sonra mer bildirib ki, müharibə başlayandan çoxlu qadın və uşaq təhlükəsiz yerlərə gedib və ailələrini aparan bir çox kişi sonradan şəhərə qayıdıb.
Eyni zamanda, mer hələ də geri dönməyən kişiləri şəhərə qayıtmağa və doğma şəhərlərini müdafiə etməyə çağırıb.
Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.
İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.
Bu gün Ukraynada başladılan müharibənin 20-ci günüdür...
Ukrayna və Rusiya nümayəndə heyətinin 4 dəfə görüşməsinə baxmayaraq, təəssüf ki, hələ də müharibəni dayandırmaq üçün razılaşma əldə edilməyib. Danışıqlar nəticəsiz qalıb.
Və bu gün Ukrayna qan çanağına dönüb - insanlar çarəsiz durumdadır. Kiyev meri qəlbən vətəni üçün - onun tarimar olmuş şəhərləri, qəsəbələri, kəndləri üçün yanır... Ukraynanın ürəyi - Kiyev təhlükə altındadır. Tarixi abidələr şəhəri Kiyevi qorumaq və müdafiə etmək lazımdır deyə, o, ölkəni tərk edən kişilərə səslənir...
Bu hayqırtı necə də mənə tanışdı...
Alllah Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı əfsanəvi jurnalist Çingiz Mustafayevə rəhmət eləsin!
Y.MƏMMƏDLİ