Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatları situasiyaya uyğun verilib.
Bu, Nikol Paşinyanın tərəfindən siyasi manevr taktikasıdır. Belə ki, onun əsas vəzifəsi hakimiyyəti əldə saxlamaq, Rusiya və Qərb ölkələrindən gələn mesajlara reaksiya verməkdir. Ermənistanın niyyəti və hərəkətləri barədə siyasi bəyanatlara görə deyil, istisnasız olaraq praktiki işlərə əsasən fikir yürütmək lazımdır.
TEZADLAR.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko erməni liderin son ziddiyyətli bəyanatlarını şərh edərkən söyləyib.
Çərşənbə axşamı, aprelin 18-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü “tam şəkildə” dəstəkləyir və Bakının da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanıyaraq bunu edəcəyini gözləyir. Ermənistan hökumətinin başçısı özünün aprelin 20-də verdiyi yeni bəyanatında rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünün tanınması çağırışlarını “proseslərin situasiyanın gərginləşməsinə doğru aparması” cəhdi kimi qiymətləndirib.
Agentliyin həmsöhbəti bununla bağlı deyib: “Paşinyanın bəyanatlarının heç bir dəyəri yoxdur. O, bu gün bir şey deyir, sabah konyunktura dəyişdikdə, başqa şey bəyan edir. Bu səbəbdən erməni liderin sözlərinə istisnasız olaraq bu mövqedən yanaşmaq lazımdır. Bu, İrəvanın rəsmi mövqeyi deyil. O, artıq ertəsi gün siyasi saldo edə və tamamilə əksini bəyan edə bilər. Prezident İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında sülh sazişi bu vaxtadək imzalanmayıb. Vaxt gedir, Ermənistan isə heç bir iş görmək istəmir. Bir daha deyirəm: bu bəyanatlar şəraitə görə verilib, konyunktura məqsədi daşıyır, hərçənd, ola bilər ki, kiminsə qulağına xoş gəlir, lakin siyasətdə sözlərə görə deyil, real hərəkətlərə görə fikir yürütmək lazımdır”.
Politoloqun sözlərinə görə, 2020-ci ildə olduğu və sonrakı hadisələrin göstərdiyi kimi, real siyasəti Azərbaycan aparır.
Paşinyanın 2020-ci ildə üçtərəfli Bəyanata imza atdığını, sonra isə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə daha iki mühüm üçtərəfli sənədin olduğunu xatırladan ekspert vurğulayıb ki, erməni tərəfi hətta onun üzərinə hüquqi öhdəliklər qoyan sənədlər də daxil olmaqla, onların heç bir maddəsinə əməl etməyib.
“Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır və bu səbəbdən heç bir separatist qurumdan, hələ əlləri günahsız insanların qanına batmış şəxslərin rəhbərlik etdiyi qurumdan söhbət gedə bilməz. Belə konstruksiya siyasi cəhətdən tamamilə dayanıqsızdır. Qarabağda erməni silahlı qruplaşmalarının olmasına gəldikdə, bu faktor situasiyanın sülh yolu ilə inkişafına imkan vermir. Həmişə nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda böyük qarşıdurma riski qalır və bu məsələdə Ermənistanın xaricdəki himayədarları - ABŞ və Avropa İttifaqı, xüsusən Fransa maraqlıdır. Regionda sabitliyin pozulması onlar üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyət göstərməsinə mane olmaq anlamına gəlir. Rusiya bu gün Zəngəzur dəhlizi kimi, məhz bu dəhlizin də fəaliyyətində həyati dərəcədə maraqlıdır. Yeri gəlmişkən, bu maraq Qərblə qlobal konfrontasiya və genişmiqyaslı sanksiyalar şəraitində idxal-ixrac əməliyyatlarının uğurunu təmin etməklə bağlıdır. Həmin sanksiyaların nəticəsində bu əməliyyatları Avropanın logistika və liman sistemi vasitəsi ilə həyata keçirmək mümkün deyil. Bu səbəbdən “Şimal-Cənub” dəhlizi bu gün bizim üçün həyati əhəmiyyət daşıyır, Paşinyanın şəraiti gərginləşdirmək, yeni münaqişə yaratmaq və Avropa müşahidəçilərinin arxasında gizlənmək cəhdləri isə Qərbin, hər şeydən əvvəl Vaşinqton, Brüssel və Parisin maraqlarına uyğun taktikalardan biridir”, -deyə “Milli müdafiə” jurnalının baş redaktoru əminliklə bildirib.
Cari ildə sülh sazişinin imzalanmasının mümkünlüyünə gəldikdə, İ.Korotçenko deyib ki, bu məsələdə hər şey Ermənistanın bunu edib etməyəcəyi amilinə söykənir. O əlavə edib: “Unutmayaq ki, hətta Paşinyan hər hansı qərarlar barədə danışırsa, ortalıqda beynəlxalq erməni lobbisi faktoru da var. Bu, kifayət qədər güclü maliyyə və siyasi rıçaqları olan müstəqil geosiyasi subyektdir və öz nöqteyi-nəzərini mövcud olduğu ölkələrdə müvafiq dövlət strukturlarına yeritməyə çalışır. Ona görə düşünürəm ki, beynəlxalq erməni lobbisi Paşinyanın bəyanatlarını ən azı süngü ilə qarşılayır. Məsələn, Rusiyada erməni diasporunun nümayəndələrinin hərəkətləri və bəyanatları əsasında deyə bilərəm ki, burada Paşinyana vətən xaini damğası vurulub və onlar konstitusiyaya zidd müxtəlif hərəkətlərə çağırışlar edirlər. Ümid etmək istərdim ki, sülh sazişi bu il imzalanacaq, amma bu cür ümidlər ötən il də güclü idi, ilin sonunda isə hər şey onunla nəticələndi ki, Paşinyan praktiki olaraq rəsmi şəkildə imzalanmış sazişlərlə öz üzərinə götürdüyü bütün öhdəliklərindən yayındı. Sülh sazişinin imzalanıb imzalanmayacağı ilə bağlı məsələ bir çox hallarda regionda hərbi-siyasi situasiyanın inkişafından və Azərbaycanın İrəvanı özünü konstruktiv aparmağa məcbur etməsi, əvvəllər əldə olunmuş razılaşmalar çərçivəsində Bakı tərəfindən diplomatik və güc addımlarının üst-üstə düşməsi dərəcəsindən asılı olacaq.