Nəhayət, Rusiya uzun fasilədən sonra BMT-nin iclasında Lavrovla təmsil olundu, amma...
Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya xarici işlər nazirini ABŞ və Böyük Britaniyanın BMT-dəki nümayəndələri sərt tənqid ediblər. Tezadlar.az CNN-ə istinadla bildirir ki, Böyük Britaniyanın nümayəndəsi Barbara Vudvord Rusiyanı işğalçılıqda ittiham edib. Sitat: “Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bir ildən çox vaxt keçir. Prezident Putin BMT Konvensiyasını pozaraq bütün ölkəyə əzab gətirdi. Minlərlə ukraynalı öldürülüb, milyonlarla insan ev-eşiyindən didərgin düşüb və dünyada milyardlarla insan əmtəə qiymətlərinin sürətlə artması ilə üzləşib. Rus nəsli öz gələcəyini itirib və Rusiya hakimiyyəti bunun niyə baş verdiyini izah edə bilmir. Rusiyanın Ukrayna ərazisi ilə bağlı iddiası heç vaxt tanınmayacaq. Mən Rusiyanın xarici siyasətində effektiv heç nə görmürəm”.
ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild də Rusiyanı məsuliyyətsizlikdə ittiham edib: “Rusiya sadəcə olaraq BMT Nizamnaməsinə zidd olaraq beynəlxalq sərhədləri güc yolu ilə yenidən çəkmək istəyir. Bu qurumun müdafiə etdiyi hər şeyə ziddir. İnsanlardan piyon kimi istifadə etmək məsuliyyətli ölkənin hərəkətləri deyil, zəiflik strategiyasıdır. Rusiya siyasi oyunlar oynayarkən, insanlar əziyyət çəkir”.
Lakin maraqlıdır ki, Lavrov bu ittiham və tənqidlərə həmişəki kimi sərt deyil, yumşaq cavab verməklə kifayətlənib. Məsələn o, çıxışında deyib ki, dünya soyuq müharibə illərindən fərqli olaraq indi daha təhlükəli hala gətirilib və s. Amma Rusiyanın Ukraynada bir ildən çoxdur apardığı müharibənin əsl məqsədini açıqlamayıb...
A.Məmmədli