Keçmiş Sovet İttifaqı ölkələrinin suverenliyinə şübhə ilə yanaşan Çinin Fransadakı səfirinin bəyanatı diplomatik qalmaqala səbəb olub.
Belə ki, Çinin Fransadakı səfiri Lu Şay Fransa televiziyasına müsahibəsi zamanı keçmiş SSRİ ölkələrinin suverenliyini şübhə altına alıb. Diplomatın sözləri kəskin reaksiyaya səbəb olub və Çini rəsmi açıqlama verməyə məcbur edib.
Xatırladaq ki, səfir aprelin 21-də Fransanın “La Chaîne Info” (LCI) telekanalına müsahibəsi zamanı Krımın Ukraynaya məxsusluğunu da şübhə altına alıb.
Çin səfirinin sözləri həm keçmiş SSRİ ölkələrində, həm də Avropa İttifaqında kəskin reaksiyaya səbəb olub.
Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya Çin diplomatik nümayəndələrini aydınlıq gətirmək və etirazlarını bildirmək üçün çağırıblar. Lu Şayın bəyanatları Ukrayna, Fransa, Almaniya və bir sıra digər Avropa ölkələrində də tənqid edilib.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Lu Şayın şərhini “tamamilə qəbuledilməz” adlandırıb. “Biz Çin tərəfdən açıqlamalar və bu bəyanatın tam təkzibini gözləyirik”, -deyə diplomat bildirib.
Fransa Xarici İşlər Nazirliyi Lu Şainin sözlərindən təsirlənən bütün ölkələrlə “tam həmrəylik” ifadə edib və Çini bu şərhlərin ölkənin mövqeyini əks etdirib- etdirmədiyini aydınlaşdırmağa çağırıb.
Almaniya da Pekini aydınlıq gətirməyə çağırıb. “Biz gözləyirik ki, Çin öz mövqeyini açıqlayacaq. Bu dövlətlərin suverenliyi və ərazi bütövlüyü toxunulmazdır”, - Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bildirib.
Aİ diplomatı Josep Borrell də Çin səfirinin açıqlamalarını qəbuledilməz adlandırıb. "Aİ bu bəyanatların Çinin rəsmi siyasətini əks etdirmədiyini güman edə bilər",- deyib.
Avropa Parlamentinin deputatları isə Fransanın xarici işlər naziri Katrin Kolonnaya ünvanlanmış Lu Şayın “persona non qrata” kimi tanınmasını tələb edən açıq məktub imzalayıblar.
Baş verənlərin ardınca Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlama gətirərək ““Çin keçmiş sovet respublikalarının Sovet İttifaqının dağılmasından sonra yaranmış suveren dövlətlər statusuna hörmətlə yanaşır”, - deyə bildirib.
“Sovet İttifaqının dağılmasından sonra Çin müvafiq ölkələrlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olub”, - o vurğulayıb.
Çinin Fransadakı səfirliyi də bəyanat yayaraq bildiriblər ki, səfirin sözləri “siyasi bəyanat deyil, şəxsi fikirlərin ifadəsidir”.
Daha sonra Çin səfirinin fransız və çin dillərində verdiyi müsahibənin səs yazısı da səfirliyin rəsmi sosial mediasından yoxa çıxıb…
Y.MƏMMƏDLİ