...Paşinyan sülh sazişi barədə dərindən düşündükcə ağlına qəribə fikirlər də gəlir...
O, indi də "Azərbaycanın 86.600 kv. kilometrlik ərazi bütövlüyünə anklavlar da daxildir...", -deyərək Yerevanda keçirilən mətbuat konfransında onu da bildirib ki, Ermənistanın 29.800 kv. kilometrlik ərazisinə Artsvaşen (Başkənd), Azərbaycanın 86.600 kv. kilometrlik ərazisinə isə üç anklav da daxildir... O, bu məsələnin həllinin bir neçə variantını dilə gətirib: "...Onlardan biri: anklavları ərazisində yerləşdikləri tərəfin nəzarəti altında buraxmaqdır. Yəni, kvadrat kilometrlər dəqiqləşdirilməklə, ərazilərin ekvivalentliyi prinsipinə əsasən. Tutaq ki, Artsvaşenin, digər anklavların ərazisi ölçülsün və müvafiq olaraq hər şey bərabərlik prinsipi əsasında olacaq şəkildə hərəkət edilsin... Digər variant sülh müqaviləsi bağlandıqdan sonra Artsvaşenin Ermənistanın suverenliyi altına, digər üç anklavın isə Azərbaycanın suverenliyi altına qaytarılmasıdır. Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbayanla müzakirələr davam edir...".
***
"Təzadlar" xatırladır ki, Azərbaycan ordusunun 1992-ci ildə nəzarətə götürdüyü Başkənd (Artsvaşen) erməni yaşayış məntəqəsinin ərazisi 40 kv. km-dir. Elə həmin dövrdə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna aid yeddi kəndini və Naxçıvanın Kərki kəndini işğal edib.
Yuxarı Əskipara - 8,6 kv. km (anklav)
Aşağı Əskipara - 9,1 kv. km
Baqanis Ayrım — 40 kv. km
Bərxudarlı — 10,1 kv. km (anklav)
Sofulu — 22 kv. km (anklav)
Qızıl Hacılı — 11 kv. km
Heyrimli — 4,1 kv. km
Kərki — 19,2 kv. km (anklav)
Qazaxın yuxarıda sadalanan kəndlərindən üçü anklavdır, yəni Ermənistan ərazisi ilə əhatə olunub. Digər kəndlər sərhəddə yerləşir.
Qazax rayonunun işğal edilmiş kəndlərinin və Naxçıvanın bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometr təşkil edir, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur...
A.Məmmədli