Rusiyanın Ukraynada apardığı müharibənin qlobal fəsadları davam edir.

Əsasən humanitar sahəni əhatə edən fəsadlar, müharibə cinayətləri günü-gündən artır. Bütün bunlar həmin cinayətlərin fakta və sübuta çevrilməsini zəruriləşdirir. Bu missiyada əslən azərbaycanlı olan Ceyn Əliyeva da fəallığı ilə seçilir. Əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukraynada doğulub başa çatan Ceyn Əliyeva hazırda müxtəlif Qərb ölkələrinin mütəxəssisləri ilə çalışan “PayBack4Ukraine” adlı beynəlxalq platformanın rəhbəridir. Onun aparıcı hüquqşünası və siması Dr. Ceyson Makkyudur. P4U bu yaxınlarda öz səfirlərini elan edib: Britaniyalı fotoqraf-dokumentalist və Müharibə İrsi Fondunun (“Legacy of War”) rəhbəri Cayls Dyuli və Britaniya Kral ordusunun veteranı və tanınmış hərbi ekspert polkovnik Tim Spayser. Azərbaycanlı gəncin komandası ilə birgə həmçinin “Mama Jane” humanitar yardımlarla məşğul olan fondu da fəaliyyət göstərir. Ceyn Əliyeva bildirib ki, onun beynəlxalq tərəfdaşları getdikcə çoxalır: “Mən Azərbaycan əsilli ukraynalıyam. İngiltərədə və ABŞ-da təhsil almışam. Ailəm hər zaman Ukraynada yaşayıb. Əslən Qarabağdan olduğumuza görə, hazırda Ukraynada baş verən hadisələr mənə yad deyil. Arzum bu olub ki, 50 yaşından sonra xeyriyyə fəaliyyəti ilə məşğul olum, amma ölkədə müharibənin başlaması planlarımızı alt-üst etdi. Xeyriyyə fondu açmalı oldum. Bundan başqa, rəhbərlik etdiyim beynəlxalq platforma 1000-dən çox hüquqşünası özündə birləşdirir. Məqsədimiz müharibənin səbəbkarı olan Rusiyanın və müxtəlif şəxslərin aktivlərini dondurmaq və reparasiya formasında Ukraynaya verilməsini təmin etməkdir. Rusiyanın ukraynalılara vurduğu zərər və gətirdiyi ağrı-acı kompensasiya edilməlidir. Təmsil etdiyim platforma “PayBack4Ukraine” adlanır. Adımız bizim işğalçılara qarşı münasibətimizdən xəbər verir. Əməkdaşlarımızın hamısı hüquq sahəsini təmsil edən əcnəbilər və xarici şirkətlərdir. Komandamızın üzvləri təmənnasız fəaliyyət göstərirlər. Onun siması reparasiyaların verilməsi üzrə çoxsaylı məhkəmə işlərində qalib gəlmiş tanınmış vəkil Ceyson Makkyudur. Biz ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropa ölkələri ilə işləyirik. 2022-ci ilin noyabrında London məhkəməsində “Vaqner” hərbi şirkəti və onun rəhbəri Yevgeni Priqojinə qarşı ilk işimiz baş tutdu. Hazırda Ukraynadan uşaqların qanunsuz deportasiyası, dronlar, ekosid, mülki vətəndaşlara qarşı seksual zorakılıq və hərbçilərə qarşı işgəncə halları kimi işləri öyrənirik. Sonuncu məsələ ilə bağlı çox dəhşətli statistika var və buna görə də çalışırıq ki, bunu törədənlər cəzalarına çatsınlar. Bizi bütün dünyadan tanınmış şəxslər dəstəkləyirlər. Bunlara misal olaraq tanınmış fotoqraf-dokumentalist Cayls Dyulini və Britaniya ordusunun veteranı Tim Spayseri göstərmək olar".

ceyn-2

C.Əliyeva bildirib ki, rəhbərlik etdiyi “Mama Jane Charity Foundation” xeyriyyə fondu Rusiya işğalçılarından əziyyət çəkmiş ukraynalı analara və uşaqlara yardım üzrə ixtisaslaşıb: "Hazırda üzərində işlədiyimiz daha bir layihə işğaldan əziyyət çəkmiş və ya deportasiya olunmuş uşaqlara Avropa ölkələrində psixoloji yardım göstərilməsini nəzərdə tutur. Gələn ay artıq ilk qrupu yola salacağıq. Fond daha çox humanitar problemlərlə məşğul olur. Buraya əsasən ərzaq və ilkin zərurət məhsullarının təminatı daxildir”, - deyə, o əlavə edib.

C. Əliyeva Azərbaycan ilə bağlılığını da şərh edib: “Biz əslən Qarabağdanıq. Atam Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailəm artıq ikinci müharibədən keçir. Atam yanvarın 20-si anadan olub, buna görə də heç vaxt ad gününü qeyd etmir. Həmin vaxt Azərbaycan bəlkə də indi Ukraynanın yaşadığı hadisələrdən daha çox çətinliklərlə üzləşib. Ukrayna hadisələrilə 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr arasında oxşarlıqlar çoxdur. Məsələn, hər iki halda KİV yayımları dayandırılmışdı, Xocalı faciəsi Buça və Mariopul hadisələrindən də dəhşətlidir, amma təəssüf ki, bu barədə çox az adam bilir. Ukraynada bu məlumatlar paylaşılmalıdır ki, insanlar eyni səhvləri təkrarlamasınlar. Rusiya eyni cür hərəkət edir, sadəcə biz indi bununla üzləşmişik, deyə yalnız indi məsələnni fərqinə varırıq. Atam ömrünü Qarabağdan olan məcburi köçkünlərə yardım etməyə həsr edib. Atam həmin insanları evimizə gətirirdi, onlara yardım edirdi. İndi bütün bunları təhlil edəndə başa düşürəm ki, bu xüsusiyyət mənə qanla keçib. Baxmayaraq ki, 6 ildir Ukraynada yaşamıram, amma bura məni yenə də özünə çəkir və müharibə dövründə artıq 3-cü dəfədir ki, Ukraynaya gəlirəm. Artıq 1990-cı illərin əvvəllərində baş verən hadisələr barədə məlumat verə bilirəm. Ukraynada yaşayan azərbaycanlılar var ki, onlar da bu barədə danışırlar. Biz tarixdən dərs çıxarmalıyıq. Ukrayna özgələrinin səhvlərindən öyrənməlidir. Təəssüf ki, artıq bir çox səhvlər edilib və indi biz torpaqlarımızı geri qaytarmalı, insanlarımızı qətlə yetirən və zorakılığa məruz qoyan şəxsləri cəzalandırmalıyıq. Ümid edirəm ki, sonda ədalət zəfər çalacaq”, -deyə, azərbaycanlı gənc bildirib.

("Report")

"TƏZADLAR"DAN: məlumat üçün bildiririk ki, Ceyn Əliyeva Ukrayna baş nazirinin sabiq müavini Burzu Əliyevin qızıdır...

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN