…Özünü müxalifət adlandıranların Vətən anlayışına da deyəsən müxalifətçilik hakimdir...

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini xaricdən və daxildən tənqid edirdilər. Xaricdəki trollar Prezidentin tənqidini öz səviyyələrinə uyğun, söyüşlə,təhqirlə edirdilər. Daxildəkilər isə, mədəni şəkildə də olsa,  həmişə narazılıq ediblər. Ən çox tənqid hədəfi də Qarabağ idi ki, İlham Əliyev Qarabağı alan deyil və s. Hətta xaricdəki o söyüşcül trollardan adını bilmədiyim birisi demişdi ki, İlham Əliyev bir kəndi belə ala bilsə, qulağımı kəsərəm… Artıq Qarabağ Xankəndi qarışıq tam Azərbaycanın nəzarətindədir. Amma hələ də mən kiminsə qulağının kəsildiyini və həmin adamın da “tayqulaq filankəs” çağrıldığını eşitmədim.

***

 44 günlük 2-ci Qarabağ döyüşü Zəfərimizlə başa çatandan sonra, yenə də ağzıgöyçəklər sakit dayanmırdılar ki, “qələbəmiz yarımçıqdır, Xankəndi və ətraf rayonlara hələ gedə bilmirik”. Bunu bəhanə edib, Prezident İlham Əliyevi daxildən və xaricdən, sağdan və soldan yenə də tənqid edirdilər.

Sentyabrın 19-20-də keçirilən 24 saatlıq lokal antiterror əməliyyatı, quldur erməni-daşnak tör-töküntülərinin ağ bayraq qaldırmasına və tamamilə təslim olmasına gətirib çıxardı. Qalan ermənilər isə könüllü olaraq Xankəndidən maşın-maşın köç etməyə başladılar. Artıq Xankəndində Azərbaycanın bir çox dövlət strukturları tam fəaliyyətə başlayıb. İllərlə həsrətində olduğumuz an, Xankədində bayrağımızın dalğalanması, bu gün reallıqdır, o cümlədən Xocalı, Ağdərə, Xocavənd, Əskəran tam şəkildə ordumuzun nəzarətindədir. Necə deyərlər, 35 il bundan əvvəl yaranan bu problem kökündən həll edildi. Əlbəttə, bunun üçün heç bir tərəddüd etmədən Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, şəhidlərə, qazilərə və odun-alovun içindən salamat çıxaraq azad olunan bölgələrimizdə bayrağımızı ucaldan veteranlara borcluyuq. Ordumuzun hər bir əsgər, MAXE, gizir, zabit və generallarına bu qəhrəmanlıqlarına görə ən böyük mükafat düşür.

qarabaq-aticma

…24 saatlıq döyüşdən və Azərbaycanın dövlət strukturlarının Xankəndidə fəaliyyətə başlamasından sonra düşünürdüm ki, Azərbaycan Prezidentini Qarabağ probleminə görə tənqid edənlər daha sakitləşəcəklər… Amma, görünən odur ki, öyrənmişə tövbə yoxdur… Belə ki,  “Youtube”də bir çox informasiyaları izləyirəm. Adətən, mən o söyüşcül trollara heç vaxt qulaq asmıram. Sadəcə, qulaq asanlardan bəzi söhbətləri eşidirdim. Bu günlərdə yenə “Youtube”də təsadüfən qarşıma həmin səviyyəsiz trollardan adını unutduğum biri çıxdı. Fikirləşdim ki, daha bu boyda qələbələrdən sonra bunların deməyə sözü qalmaz. Amma gördüm ki, donqabeli qəbir düzəldər. Mən bu adamın söhbətindən bir gün əvvəl sosial şəbəkələrdən oxumuşdum ki, Prezident İlham Əliyev Xankəndinə komendant kimi Sərkis Qalstyanı təyin edib. Bu adam isə böyük bir sirr açırmış kimi deyir ki, “ay camaat, hələ elan eləmirlər, amma mən Sərkis Qalstyanın Xankəndinə nümayəndə təyin edildiyini bilirəm. Görək, İlham Əliyevin cəsarəti çatacaqmı ki, bunu xalqa elan eləsin”.

 Bu bədbəxt deyəsən, özündən başqa heç kəsi oxumur. Oxusaydı, bilərdi ki, Azərbaycan cəmiyyəti ondan bir gün əvvəl sosial şəbəkələr vasitəsi ilə xəbərdən məlumatlıdır və bunu anlayışla qarşılayıb. Çünki xaricdəkilər hamısı o ağılda deyil axı. Dünya görür ki, biz ermənilərlə necə rəftar edirik və hətta bu keçid dövründə onlara vəzifə də veririk. Bunu isə, belə trolların qafası dərk edə bilməz. Çünki o qafanın içinə Sem dayıları başqa şey doldurublar ki, bu da onun yeməyinə, içməyinə və belə qərəzli danışmağına artıqlaması ilə yetər. Necə deyərlər, Allah belələrinə bir balaca ağıl versin.

***

İndi daxilə nəzər yetirək. Məlum olduğu kimi, həm 44 günlük ikinci Vətən Müharibəsində, həm də 24 saatlıq lokal-antiterror əməliyyatı zamanı Respublikamızda fəaliyyət göstərən bütün siyasi partiyalar bir araya gələrək İlham Əliyevin apardığı Qarabağ müharibəsində onun yanında olduğunu bildirən bəyanata imza atmışdılar. Amma ikinci Qarabağ savaşında Müsavat və AXCP 24 saatlıq antiterror əməliyyatı zamanı isə bu iki partiya ilə yanaşı, İlqar Məmmədovun rəhbəri olduğu Real Partiyası da bu bəyanata qol çəkmədilər. Adətən bunlar həmişə bildiriblər ki, Vətən və Qarabağ məsələsində müxalifət olmamalıdır. Amma göründüyü kimi bunlar söz qəhrəmanlarıdır və müxalifət xatirinə müxalifətçilik edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı bəyanata qol çəkməsə də, yazdığı statuslarda heç olmasa, bu addımları alqışladı. Amma “daldan atılan daş topuğa dəyər”-deib atalar.  Məni  ən çox maraqlandıran isə, AXCP-nin lideri Əli Kərimli idi. Baxmayaraq ki, 1988-ci ildən başlayan meydan hərəkatında, heç bir partiyanın üzvü olmadan, axıra qədər iştirak etmişəm. 20 yanvar hadisələrində təsadüfən sağ qalmışam. Xocalı hadisəsindən sonra könüllü olaraq Qarabağ döyüşlərinə getmişəm, hazırda Qarabağ veteranıyam. Yeri gəlmişkən deyim ki, OğlumTural da Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır və o da Qarabağ veteranıdır. Onu demək istəyirəm ki,  1988-ci ildən bu günə qədər bütün siyasi liderlərin, o cümlədən Əli Kərimlinin siyasi fəaliyyəti gözümün önündə olub. Açıq şəkildə deyirəm ki, bu adamın siyasətini və özünü heç vaxt qəbul eləməmişəm. 1995-ci ilin parlament seçkilərində müxalifətin bütün yalvarış və çağırışlarına baxmayaraq, dünənə qədər silahdaşları olan insanları tapdalayaraq 5 nəfərlə parlamentə getdi. Yəni, bir növ dünənə qədər bir yerdə çörək yediyi adamları bir mandata satdı.  Əli Kərimlinin öz yoldaşlarını satmasını sübut etmək üçün, rəhmətlik Sirus Təbrizlinin Əli Kərimlinin özünün də iştirak etdiyi Milli Məclisin işlasında dediyi sözləri yada salmaq istəyirəm: “Əli Kərimli, mən YAP-ın sədr müaviniyəm. Buna baxmayaraq, ayda-ildə bir dəfə Heydər Əliyevlə görüşə bilmirəm. Necə olur ki, sən həftə səkkiz, mən doqquz Heydər Əliyevlə görüşürsən?” Əli Kərimli bu sözlərə qarşı heç bir cavab verə bilmədi. Çünki yeri gələndə xarici dayılarından aldığı pullara görə,  ulu önədirə də xəyanət edəcəyini bilirdi və zaman göstərdi ki, elə də oldu...

qaziler

 Bunları xatırlatmaqda məqsədim var. Yuxarıda dediyim kimi, “Youtube”də müəyyən informasiyaları izləyirəm. Təzəlikcə qarşıma Qənimət Zahidin “Azərbaycan saatı” verilişi çıxdı. Qənimət bəy hakimiyyəti söyüşlə təhqir etməsə də, danışıqlarındakı qərəz həmişə aşıq-aydın görünüb. Fikirləşdim ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində ermənilər üzərində tam və qəti qələbə qazanmışıq. Görəsən, indi Qənimət Zahid nə danışacaq? Maraq üçün özünə və qonağı olan Əli Kərimliyə bir qədər qulaq asdım. İnanın ki, yarıya qədər belə baxmağa səbrim çatmadı. Qələbədən danışırlar, ordumuzun qəhrəmanlığından, şəhidlərimizdən, qazilərimizdən danışırlar, onlara “eşq olsun” deyirlər, amma Qarabağdakı qələbənin strategiyasını və taktikasını hazırlayıb, böyük cəsarətlə həyata keçirən, Ali Baş Komandan, Prezident İlham Əliyevə nəinki təşəkkür etmirlər, heç adını belə çəkmirlər. Sanki ordu özbaşına hərəkətə gəlib, özbaşına silahlanıb və özbaşına Qarabağa hücum edərək, qələbə qazanıb. Görünür, sizə verilən Sem dayının pulları Vətən və Qarabağdan da əzizdir. Çünki illərlə İlham Əliyev hakimiyyətinə “hücum” edirdiniz ki, Qarabağ torpağını niyə işğaldan azad etmir? Qətiyyətlə bildirirdiniz ki, bu hakimiyyəti Qarabağ maraqlandırmır və ona görə də İlham Əliyev nə qədər hakimiyyətdədir, bu işğal davam edəcək və s. İlham Əliyevin 44 günlük döyüş zaman efirdən Paşinyana verdiyi sualı, indi mən Əli Kərimliyə və içi kin, küdurət, qərəzlə dolu, bu tarixi qələbəmizi həzm edə bilməyən insanlara verirəm:

- Bəs nə oldu, Paşinyan... üzr istəyirəm, Əli Kərimli? Bəs deyirdin bu hakimiyyət Qarabağı alan deyil... İndi Qarabağ tam azad olub, amma sizlərin dili dönüb bircə dəfə Prezidentə “sağ ol” deyə bilmir. Əgər bu torpaq, Vətən sizin üçün əzizdirsə, heç olmasa, Xankəndidə bayrağınız dalğalanandan sonra  əlinizin arxasını yerə qoyub etiraf etməliydiniz ki, İlham Əliyev 35 il əvvəl rusun yaratdığı bu problemi, elə rusun gözünün qabağında da birdəfəlik, özü də kökündən həll edərək böyük tarixi qələbə qazanıb. İlham Əliyevin Qarabağ qələbəsini qəbul etmək üçün gərək adamda etiraf etmək böyüklüyü ola. … Amma  sizlər bu etirafı  edə bilmirsiniz…Axı etiraf özü bir böyüklükdür. Amma, Əli Kərimli, görünür sən, həmçinin sənin kimi içi qərəz, kin, paxıllıqla dolu adamlar heç vaxt böyük olmayıb və ola da bilməyəcəksiniz. Elə həmişə indiki kimi cılız olaraq qalacaqsınız...

 Elçin Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN