Bununla bağlı qurum Rusiya səfirini çağırıb...

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfirini Rusiyanın “Birinci” telekanalında respublikanın baş naziri Nikol Paşinyan haqqında yayımlanan televiziya proqramına görə çağırıb. Bu barədə çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 “Oktyabrın 23-də “Birinci Kanal” ümumrusiya federal televiziya kanalında Ermənistanın yüksək rütbəli məmurlarına qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatların səsləndirildiyi televiziya proqramının buraxılışı ilə əlaqədar, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə qurumun mətbuat xidməti məlumat yayıb. Onlar diplomata etiraz notası verildiyini qeyd ediblər.

Qeyd edək ki,  bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını Moskva təxribat kimi qiymətləndirib.

Onun Brüsseldə Rusiyanın ünvanına səsləndirdiyi fikirlər Rusiya-Ermənistan münasibətləri baxımından xüsusilə məsuliyyətsiz olduğu bildirilib.

Xatırladaq ki, Ermənistan hakimiyyətini qıcıqlandıran və Rusiya səfirinin Ermənistan XİN-ə çağırılaraq etiraz notası verilməsinə səbəb olan veriliş iki gün öncə Rusiyanın “Birinci”kanalında yayımlanan "Varis Tuttinin gəlinçikləri"ində “Nikol Paşinyan: bəlaların xəbərçisi” başlıqlı televiziya proqramından qaynaqlanıb.

Beləki, verilişdə Paşinyanın “Rusiya tərəfinin Dağlıq Qarabağla bağlı təklif etdiyi sülh planlarını dəfələrlə rədd etdiyi” və sonda ərazini döyüşsüz təslim etdiyi, daha sonra isə qərbyönümlü siyasətə meyllənməyə başladığı vurğulanıb. Həmçinin bu personanın "dost qonşuları" və "yeni kuratorları" haqqında qeydlər də yer alıb..

Onu da əlavə edək ki,  27 mart 2023-cü ildən Rusiyanın “Birinci” telekanalında yayımlanan “Varis Tuttinin gəlincikləri” müəllif proqramı VIII çağırış RF Federal Məclisinin Dövlət Dumasının deputatı Mariya Butinaya məxsusdur.

Həmçinin həmin verilişdə Paşinyanın siyasi fəaliyyəti tənqid edilsə də, ermənilər "zərərçəkmiş" kimi göstərilib və Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı tarixi faktlara əsaslanmayan, həqiqətə uyğun olmayan fikirlər də səsləndirilib...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN