30 illik Ermənistan işğalına göz yuman Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi ikili standartların təzahürü olmaqla yanaşı, vacib bir sualı gündəmə gətirir: münasibətlərin daha da kəskinləşməsindən iqtisadi baxımdan itirən tərəf kim olacaq?
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsi 2022-ci ildə 274 milyon dollar olub və ötən il isə Fransa şirkətləri Azərbaycanla ticarətdən 400 milyon dollaradək pul qazanıblar:
“Bunun 222.8 milyon dolları, yəni əhəmiyyətli hissəsi Fransadan idxal idi.
2023-cü ilin ilk 11 ayında isə 514.2 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Yəni, ötən il ölkələr arasında ticarət dövriyyəsində kəskin artım müşahidə olunub. Bunun 382.3 milyon dolları Fransadan idxal olub. Yəni, Azərbaycan ilə ticarət hesabına Fransa şirkətləri 2023-cü ildə birbaşa 400 milyon dollara yaxın valyuta qazanıblar. Ticarət dövriyyəmizdə 250.2 milyon dollarlıq mənfi saldo qeydə alınıb”.
İqtisadçı Azərbaycanın Fransadan idxal etdiyi malların da siyahısını açıqlayıb:
“Fransadan idxal etdiyimiz malların siyahısına gəldikdə isə 40,9 milyon dollarlıq dərman vasitələri, 9,2 milyon dollarlıq traktorlar, 3,4 milyon dollarlıq sürtkü yağları, 2,3 milyon dollarlıq kərə yağı, digər süd yağları və pastaları, 1. 2 milyon dollarlıq təbii üzüm şərabları və üzüm suslosu və s. xüsusi paya malikdir”.
Bayramov vurğulayıb ki, Azərbaycan Fransaya strateji məhsullar göndərib, lakin ölkəmiz isə idxal baxımından tez bir zamanda Fransaya alternativ olacaq mənbələr tapa bilər.
“Fransa ilə idxal və ixracatımızın strukturu göstərir ki, iki ölkə münasibətləri daha da gərginləşəcəyi halda, Azərbaycan qısa zamanda alternativ mənbələrdən bu dövlətdən idxal etdiyi məhsulları əvəzləyə biləcək. Gərgin münasibətlər isə Fransa şirkətləri üçün illik 400 milyon dollar ziyan demək olacaq. Azərbaycanın Fransaya ixracatı strateji məhsullar olduğu üçün həmin məhsulların alternativ bazarları kifayət qədər çoxdur.
Bütün bu iqtisadi təhlil ilə yanaşı unutmayaq ki, Fransa Senatının son qətnaməsi kağız parçasından başqa heç nə deyil. Bununla Qafqazdakı yeni düzənə təsir etmək heç bir halda mümkün deyil”, - Vüqar Bayramov qeyd edib.
Y.Məmmədli