Bu gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə toplantı xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutub. Toplantıda Əfqanıstandakı son inkişaflar müzakirə ediləcək, həmçinin Əfqanıstandakı son vəziyyət və nizamsız miqrant problemi də gündəmdədir.
İclasda Türk Şurasına üzv olan Azərbaycan, Qazağıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edir.
Qeyd edək ki, toplantıda Azərbaycan XİN rəhbəri çıxış edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı üzv olan ölkələrin 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurma işlərində göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib və toplantı iştirakçılarını Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu gün Azərbaycan torpaqlarının işğaldan azad edildiyi 44 günlük müharibənin başlanğıcının 1-ci ildönümüdür: “Başda azərbaycanlı qəhrəmanlar olmaqla vətənlərimizin qorunması və müstəqilliyi üçün canını verən bütün şəhidlərimizi rəhmətlə anırıq”.
Türkiyə mediasının məlumatına görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu toplantıdan əvvəl Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev və Türk Şurasının baş katibi Bağdad Amreyevlə şam yeməyində də görüşüb.
Qeyd edək ki, Mövlud Çavuşoğlu toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ