Suriya prezidenti Bəşər Əsəd Dəməşqə doğru irəliləyən silahlı qruplarla danışıqlardan sonra istefa verib və ölkəni tərk edib.
Tezadlar.az xəbər verir ki, müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunub.
“Bəşər Əsədlə Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları arasında aparılmış danışıqlar nəticəsində o, prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsini həyata keçirmək üçün göstərişlər verərək ölkəni tərk edib”, - departamentin bəyanatında qeyd olunur.
Əlavə olaraq qeyd olunur ki, Rusiya tərəfi bu danışıqlarda heç bir şəkildə iştirak etməyib. Xarici İşlər Nazirliyi həmçinin münaqişənin bütün tərəflərini məqsədlərinə çatmaq üçün bir vasitə kimi zorakılıqdan əl çəkməyə çağırıb.
Bundan əvvəl Suriya prezidenti Bəşər Əsədin ölkəni naməlum istiqamətdə tərk etdiyi məlum olub. Adı açıqlanmayan Suriya ordusunun yüksək rütbəli zabitləri onun təyyarəyə minərək Dəməşqdən havaya qalxdığını bildiriblər. Onun Moskvaya gedəcəyi ehtimal edilir.
E.ŞİRİNOV