Moskva Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç kimə təslim etməyəcək, onu Rusiyada şərəfli qocalıq gözləyir.
Tezadlar.az xəbər verir ki, bu sözləri vzglyad.ru saytına müsahibəsində Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin baş elmi işçisi Yuri Lyamin deyib.
“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinə tabelik protokolunu ratifikasiya etməyib, ona görə də kimin Əsədin həbsinə order verməsindən asılı olmayaraq, Moskva onu ekstradisiya etməyəcək”, - politoloq qeyd edib.
Lyaminin sözlərinə görə, nə ABŞ, nə də Avropa İttifaqı (Aİ) Bəşər Əsədi ədalət qarşısında cavablandıra bilməyəcək. Ekspert xatırladıb ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden uzun illərdir Rusiyada yaşayır və heç bir xarici ədliyyə orqanları “onlarla əlaqə saxlamayıb”. “Əsədin şərəfli bir qocalığı olacaq”, - o əlavə edib.
Qeyd edək ki, dekabrın 8-də Bəşər Əsəd Suriyanı tərk edərək prezident postundan istefa verib. Sonradan məlum oldu ki, Rusiya ona sığınacaq verib. Hazırda istefa verən Suriya lideri ailəsi ilə birlikdə Moskvadadır.
E.ŞİRİNOV