Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vəli Səmədli "Təzadlar"a akademik Ramiz Mehdiyevin barəsində maraqlı yazı göndərib. Aşağıda təqdim edirik:
Siyasi təfəkkürü korşalmış, mədəni səviyyəsi zombiləşmiş, həmişə yad imperiyalara, xüsusən Rus imperializminə sədaqətlə xidmət etmiş, əvəzində öz xalqının – Azərbaycan xalqının məhəbbətini qazana bilməyən, həmişə inzibati amirlik metoduna əsaslanıb, milli ruhlu, vətənkeş ziyalılarımızı didərgin salan, öz məkrli əməllərindən bu gün də əl çəkməyən bu günü və gələcəyi sual altında olan Ramiz Mehdiyevdən cəmiyyətimiz qurtula bilmir.
Son zamanlar cəmiyyətdə az-çox tanınan ziyalılardan Qulu Məhərrəmli, Misir Mərdanov, Rəfael Hüseynov, Əmir Pəhləvan kimi söz sahibləri abırlarına qısılıb mədəni şəkildə mətbuatda təmkinlə deyirlər ki, Ramiz Mehdiyev çıx get, artıq vaxt çatmışdır.
Yüzə-yüz haqlı yanaşmadır. Bəs nə üçün Ramiz Mehdiyev, bəyanat verib, istefa vermir? Çünki o, belə siyasi məktəb keçib, tərbiyə alıb. Onun xarakterində heç kimi bəyənməmək, özünü dahi statusunda görmək, özündən aşağıları tamamilə əzib özünə tabe etdirmək, insanlıq, insan azadlığını, fikir müxtəlifliyini qəbul etməmək, cəmiyyətdə, dövlətdə despot toxumlarını əkib-becərmək elmə, mədəniyyətə axtalanmış təfəkkür sahiblərini sırımaq Ramiz Mehdiyev avtobioqrafiyasının əsas tərkib hissəsidir.
Azərbaycan düşdüyü təlatümlü, məşəqqətli vaxtlarda, bir qrup tanınmış ziyalılar indiki AMEA-da yığışaraq ölkənin bu ağır vaxtında Heydər Əliyev kimi bir siyasi gücə ehtiyac olması barədə müzakirələr apardığı vaxtlarda Ramiz Mehdiyev həmən təəssübkeş ziyalılara üzünü tutaraq demişdir: “Əbəs yerə canfəşanlıq edirsiniz, Heydər Əliyev bu gün üçün siyasi meyitdir, ondan əl çəkin…”
Ancaq ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra Ramiz Mehdiyev maskasını dəyişərək ona sədaqətli olduğunu göstərdi və uzun müddət qırsaqqız olub onun yaxasından əl çəkmədi və bütün siyasi işlərdə də Heydər Əliyevin əl-ayağına örkən kimi dolaşdı və bu günəcən həmin dolaşan ölkəni ziyalılarımız bu gün də aça bilmirlər. Bu günü və gələcəyi olmayan qoca bir kişini hakimiyyətdən uzaqlaşdırmaq bu qədərmi çətindir?.. Adamın göydə Allahı var, onun yaşını, yarıtmaz siyasi fəaliyyətini cənab prezident İlham Əliyev intuisiya ilə duyub, onu insan kimi qəbul etdi və hələ o vaxt ona getmək mesajını verdi və hörmətlə yola saldı. Ramiz Mehdiyev isə köhnə bəd əməllərindən əl çəkməyərək, özünün məkrli, bəd xislətini daha da qabardaraq, bu dəfə həmişə elm məbədi sayılan, AMEA-nı özünə qərargah seçdi və bu günəcən bu elm məbədində milli ziyalılarımıza qarşı qənim kəsilib. Onun bura gəlişindən sonra tarix elmini qədərincə bilən, gözəl ziyalı, vətənkeş, professor Kərim Şükürovla, İdris Abbasovla, Elton Məmmədovla, Dilavər Əzimli ilə, onların əsəbləri ilə oyun oynamağa başladı, bu adamların elmlə məşğul olmalarına və insan kimi yaşamalarına mane oldu və bu sıradan mən tarixçi Dilavər Əzimlinin belə tez dünyasını dəyişməsində onun əsəblərinin yerində olmamasının da bir ucu Ramiz Mehdiyevə gedib çıxır. Azərbaycan Milli Elmlər Akademiyası köhnə təfəkkürlü adamlardan da xilas olmalıdır. Məsələn, orada gözəl bir ziyalımız var, milli düşüncə sahibi İdris Abbasovu lap elə Akademiyanın prezidenti də seçmək olar və ona etimad göstərmək bir şərəfli iş olar.
Uzun illərdir Ramiz Mehdiyevin adamları bütün sferalarda kök salmaqdadırlar. Onun elmə zorla gətirdiyi adamlar yazdıqları məqalələrlə, kitablarla Azərbaycan cəmiyyətində özlərinə yer tuta bilmirlər. Çünki yazdıqları məqalələr, kitablar plagiat, oğurluq məhsullardır. Təfəkkürsüz-beyinsiz adamların ərsəyə gətirdiyi məhsullar necə deyərlər, öz oxucu bazarını tapa bilmir, sonda tarixin uğursuz arxivinə çevrilir. Akademiyada olan gənc nəslin, elm daşıyıcılarının üzərinə də böyük məsuliyyət düşür, onlar daha fəal olmalı, öz iş yerlərini, elm məbədgahını Ramiz Mehdiyev kimi, köhnə təfəkkürlü bu günü və gələcəyi olmayan adamlardan qorumalıdırlar. Mehdiyev kimilər gəldi-gedərdi, elm isə əbədi xalqın, millətin tükənməz sərvətidir. Cəmiyyət, ziyalılar həyəcan təbili çalırlar – Ramiz Mehdiyev getmək vaxtıdır. Nəinki vaxtıdır, hətta çox gecikib getməyə. Onu aparacaq, yola salacaq qatar Dəmir Yol Vağzalında gözləməkdədir. Hələlik bu qatarın fit səsləri eşidilməkdədir. Dəmir Yol Vağzalında gözləyən, onu uzaqlara aparan, həmin fit verən qatarın dumanlığında “Axırıncı aşırım” kinofilmindən fraqmentlər və səslər gəlir qulağıma: “Ramiz Mehdiyevin nazı ilə çox oynayırıq, a Kərbəlayi?!.”
Təqdim etdi: A.Məmmədli