...Ukraynada davam edən müharibə dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Qaçqınlar ordusunun hər gün qonşu ölkələrə axını isə ürək ağrıdan mənzərələrlə müşaiyət olunur... Rusiyanın başladığı müharibənin durdurulması üçün ən yüksək səviyyədə aparılan danışıqlar hələki lazımi nəticələri vermir. Sülh danışıqlar isə davam etməkdədir. "Təzadlar"ın əməkdaşı, 1-ci Qarabağ müharibəsi veteranı, topçu batareyasının sabiq komandiri Elçin Məmmədlinin də Ukraynadakı dinc əhalinin bombaların qurbanı olmasına dözümsüzlüyü bu gün özünü bir daha göstərdi. Müharibənin nə olduğunu həyatında yaşayan E.Məmmədli bu gün Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edərək Ukraynadakı zülm yaşayan insanlara kömək etmək üçün döyüş bölgəsinə göndərilməsinə kömək olunmasını xahiş edib. E.Məmmədli əməkdaşımıza bunları dedi: "Səfirliyə zəng etdim, mənimlə danışan rəsmi şəxsə Ukraynanın Ermənistanın Azərbaycana qarşı işğalçılıq cinayətlərinin durdurulmasında həmişə Azərbaycana dost əlini uzatdığını xatırlatdım... Sonra özümün Qarabağ döyüşlərindəki təcrübəmdən bəhs etdim. Xahiş etdim ki, məmuniyyətlə dost ölkədəki müharibədə gücüm çatan dəstəyi verməyə hazıram və mənim Kiyevə yola salınmağıma kömək etsinlər. Səfirliyin rəsmisi təşəkkürünü bildirdi və əlaqə nömrəmi götürdü, səfirliyin hərbi müşavirliyinə məruzə ediləcəyini və mənimlə təkrar əlaqə saxlanılacağını bildirdi...". Xatırladırıq ki, Elçin Məmmədlinin oğlu Tural Məmmədli isə Vətən Müharibəsinin (2-ci Qarabağ savaşı) döyüşçüsü olaraq Kəlbəcərin və Xocavəndin alınmasına görə medallarla təltif edilib. Zəruri qeyd: "Təzadlar"ın baş redaktoru Asif Mərzili bu yaxınlarda Ukrayna mediasında müharibədən zərərçəkənlərə müraciət edərək Azərbaycana gələcək ukraynalı ailəni himayəyə götürməyə hazır olduğunu bildirmişdir. Qəzetin şöbə redaktoru Teyyub Abdullayev isə bu günlərdə iki şəxsi mənzilini Ukraynadan qaçqın düşmüş ailələrin xidmətinə vermişdir.
XALİQ