Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.
"Anadolu"nun məlumatına görə, nazir deyib ki, əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox gözəl fürsətdir.
"Mesaj bundan ibarətdir: Münasibətlərimizin əleyhinə olan işğal faktoru artıq ortadan qalxıb. Bu vəziyyətdə Azərbaycan tərəfi keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasına tərəfdardır", - nazir vurğulayıb.
XİN başçısı qeyd edib ki, təklif yaxın vaxtlarda verilib və bir səhifəlik sənəddir: "Təməl prinsiplər müəyyən edildi və təklif edildi. Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, onlar bu təklifə yanaşmalarını dərhal bildirməlidir. Ancaq bunu deyə bilərəm ki, o sənəddə əksini tapan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir".
Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır: "Prosesin başladılması üçün ilkin şərtlər qəbuledilməzdir. İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup çalışmalara başlamalıdır. Beş əsas maddə var. Təkliflərimiz beş maddədən ibarətdir".
E.ŞİRİNOV