Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskini özünün siyasi qəhrəmanı Uinston Çörçillə müqayisə edib.

Bu barədə Sky News xəbər yayıb.

 Conson “Düşünürəm ki, prezident Zelenskinin öz xalqının kifayət qədər mükəmməl lideri olduğu ortaya çıxdı. Onları bir araya toplayıb və onların səsinə çevrilib”, - deyə qeyd edib.

 "O, Çörçilin özü haqqında dediyi kimi, bilir ki, o, şir olmaya bilər, amma o, nərildəmək imtiyazına malikdir. Bu, Ukrayna xalqıdır – şir. Və o, (Zelenski) onların iradəsini və itaətsizlik hissini nümayiş etdirir" - baş nazir vurğulayıb.

***

 Xatırladaq ki, Uinston Çörçill vaxtilə Böyük Britaniyanın 61-ci baş naziri (1940-1945 və 1951-1955) olub.

O, tarixin yaddaşında dünyanın bu günkü simasını dəyişdirənlərdən biri kimi qalıb.

Çörçill 1941-ci il iyunun 12-də o zamankı SSRİ ilə İngiltərə arasında əməkdaşlıq müqaviləsi imzalanmasına nail olur. 1941-ci il iyunun 22-si  Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirir. 1942-ci il yanvarın 1-də prezident Ruzvelt, baş nazir Çörçill, SSRİ-nin səfiri Mixail Litvinov və Çinin səfiri T.Sunq Ruzveltin kabinetində "Birləşmiş Millətlərin Nizamnaməsi" adlı sənədi imzalayırlar. Birləşmiş Millətlər ifadəsi Çörçillin ideyası olub.  

1945-ci il 8 mayda  Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri də U.Çörçill verib. O, Almaniyanını kapitulyasiyasından sonra ABŞ ordusunun şərqə doğru irəliləməsinin dayanmamasını tələb edib. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyi Potsdam konfransında (1945-ci il, 17 iyul - 2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq olub.

1946-cı il martın 5-də Uinston Çörçill ABŞ-dakı Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlı çıxışında Qərb demokratiyasını kommunizm təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını yaratmağa səsləyib və sovetlərə qarşı "dəmir pərdə"nin yaradılması ideyasını irəli sürüb.

1953-cü ildə, Uinston Çörçill (sonuncu dəfə Böyük Britaniyanın baş naziri olduğu dövrdə) İsveç Akademiyası onu "tariхi və bioqrafik хarakterli əsərlərinin böyük ustalığına, habelə ən yüksək insani dəyərlərin müdafiəsinə yönəlmiş parlaq natiqlik məharətinə görə" yekdilliklə Nobel mükafatına layiq görüb.

Uinston Çörçill ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk və yeganə hökumət başçısıdır.

Qeyd edək ki, vaxtilə ABŞ prezidentləri – Teador Ruzvelt, Vudro Vilson və Barak Obama, Kolumbiya prezidenti Xuan Manuel Santos və  hətta SSRİ-nin sonuncu baş katibi Mixail Qorbaçov da Nobel mükafatına layiq görülüblər - əlbəttə, başqa-başqa sahələr üzrə.  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN