Xatırlayırsınızsa, ötən ilin sonlarında Rusiya Dövlət Dumasının deputatı,

 RLDP sədri Vladimir Jirinovski  ona  “vəhdən”  gələn səslə  üzünü ölkəsinin başçısına tutaraq, yeni il gecəsi Ukraynaya və Qərbə qarşı hərbi əməliyyata başlamağı təklif etmişdi: “Səhər saat 4- 5- də hamı sərxoş olanda, Ukraynanı bombalamaq lazımdır”. Hətta “ürəyiyumşaq” Jirinovski “Hamını bombalamaq lazım deyil, bunu seçmə şəkildə etmək lazımdır… Onlar cəzalandırılmalıdır, qorxudulmalıdır ” deyə xəbərdarlıq da etmişdi. Vurğulamışdı ki, əgər o, Rusiya prezidenti olsaydı, belə bir hücum üçün göstəriş verərdi...   O zaman Vladimir Volfoviç Ukraynanın Rusiyaya birləşdirilməsini və Rusiya hökumətinin ABŞ-la belə bir variantı müzakirə etməsinin də asan olacağını iddia edirdi...

Arzusu bu idimi, göstəriş idimi?! Hər halda o, bunu dilə gətirdi –mesajını da verdi. Bu dilək, ötən ilin son gecəsi həyata keçməsə də, fevralın 24-də həyata keçirildi...  İndi 8 dəfə koronavirus əleyhinə peyvənd vurdursa da, bu xəstəliyə yaxalanıb, xəstəxanaya düşən Vladimir Volfoviç öz canı ilə əlləşir. O, xəstəliyi səbəbindən arzusunun reallaşmasına şahidlik edə bilmədi. Görünür, Allah bu sevinci ona çox gördü... 

***

 ...Fevralın 2-dən xəstəxanaya yerləşdirilən Jirinovskinin Rusiya mətbuatında dəfələrlə ölüm xəbəri yayılsa da, onun sağ olduğu, huşunun yerində olmasıyla bağlı açıqlamalar verilir. Daha öncələr isə onun rəhbəri olduğu partiyasının üzvləri, hətta Jirinovskinin xəstəxanadan tapşırıqlar verdiyini də iddia edirdilər...

Bilmirəm, huşu yerində olan Jirinovski eşidirmi o səsləri – qeybdən gələn səsləri demirəm, od-alov içində yanan Ukraynanı deyirəm... Görəsən, eşidirmi balası ölən anaların fəryadını, qışın soyuğunda  evsiz-eşiksiz qalan, ac-susuz zirzəmilərdə gizlənən insanların ahını, silah şaqqıltısından, bomba səsindən yata bilməyən körpələrin ahu-zarını?... Bu səslər onu rahatladırmı?..

Yer ilə göy arasında qalan adam! Yermi geri istəmir, göymü qəbul etmir, deyə bilmərəm...

...Biz toplum olaraq ürəyiyumşaq insanlarıq, onun yerlə - göy arasında qalmasını da, çox əzab çəkməsini də istəmirik. Allah bilən məsləhətdir, geci-tezi var... Amma yalanı yoxdur ki, o, çoxları üçün artıq çoxdan ölüb....

  Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN