Bu gecə Rusiyanın paytaxtında Qələbənin 77-ci ildönümü münasibətilə Qırmızı Meydanda keçiriləcək paradda iştirak edəcək hərbi texnika kolonnasının və mexanik - sürücülərin gecə gəzinti təlimi keçirilib.
Bu barəd ria.novosti xəbər yayıb.
Təlim müddətində Moskvanın mərkəzindəki bir sıra küçələr, o cümlədən Tverskaya küçəsi və Manejnaya meydanı boyunca avtomobillər üçün keçid bağlanıb.
Bu gün səhər isə Rusiya Müdafiə Nazirliyi hərbi texnikanın cəlb olunduğu gecə məşqlərinin aprelin 28-i və mayın 4-də keçiriləcəyini bildirmişdi. Paradın baş məşqi mayın 7-də Moskva vaxtı ilə səhər saat 10-da keçiriləcək.
Bu il Qırmızı Meydandakı paradda ümumilikdə 11 min nəfərin, 131 silah, həmçinin hərbi və xüsusi texnika, o cümlədən 77 təyyarə və helikopter iştirak edəcəyi bildirilib.
Qəribə zamana təsadüf etdi Böyük müharibənin 77-ci ildönümü.
Rusiya, vaxtilə namərdcəsinə hücum etmiş alman faşistləri üzərində qələbənin növbəti ildönümünü qeyd edəcək, amma Ukraynada qan su yerinə axır...
Milyonlarla insan soyuq fevral ayında köçkün düşdü, şəhərlər-kəndlər yerlə - yeksan edilir, minlərlə insan həlak olub, öldürülüb, qıtlıq, ərzaq çatışmazlığı yaranıb, gözüyaşlı körpələr sığınacaqlarda qorxu və təlaş içində yaşayır, neçə-neçə insanın xəyalları, arzuları puç oldu... və olmaqda da davam edir. Rusiya isə bir vaxtlar onunla eyni cəbhədə alman faşizminə qarşı vuruşmuş ukraynalıların şəhərlərində “xüsusi əməliyyat” həyata keçirir... Göydən od yağır – yağdırır.
Artıq Ukrayna və Rusiya xalqları arasına düşmənçilik toxumu səpilib. Onun məhsulu isə qisasdır... və nə zaman bitəcəyi və unudulacağı isə hələ məlum deyil.
Y.MƏMMƏDLİ