“Rusiyanın guya “ələ keçirdiyi” yaşayış məntəqələri arasında ordunun, hətta top atışı üçün yaxınlaşa bilmədiyi şəhərlər var.”
Rusiya Prezidenti Vladimir Putinə Ukraynadakı işğalçıların “uğurları” barədə yalan məlumatlar verilir.
Bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “kanal 24” məlumat yayıb.
Bildirilib ki, rusiyalıların Ukraynadakı “uğurları” ilə bağlı saxta xəbərlər mindən çox işğalçının ölümünə və Putinin qarşıya qoyduğu vəzifələrin iflasa uğramasına səbəb olub.
Qəzetin yazdığına görə, reallığın təhrif olunması səbəbindən Rusiya ordusunun rəhbərləri cəbhə xəttində hansı qüvvə və vasitələrin olduğunu, yaxud yalnız kağız üzərində mövcudluğunu başa düşə bilmirlər.
“Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ən yüksək səviyyədə aparılan yoxlamaların birində aprel ayında iki generalın Nikolaev və Krivoy Roq istiqamətinə natamam döyüşçülərdən ibarət bölmələr göndərdiyini öyrəndikdə təəccübləniblər. Belə bir qərar Ukraynanın bu istiqamətlərdə müdafiəçilərinin sayını nəzərə alaraq qeyri-adekvat hesab edilib, generallar tutduqları vəzifələrdən uzaqlaşdırılıb, hətta qısa müddətə həbsdə saxlanılıblar”, - qəzet yazır.
Bundan əlavə, işğalçılar hələ gedib çatmadıqları yaşayış məntəqələrinin ələ keçirilməsi ilə bağlı Putinə yalan danışıblar. Saxta hesabatlar əsasında Kremldə əmrlər verilir və həmin tapşırıqların icrası ilə bağlı hesabatlar hazırlanılır .
“Müvafiq hesabatları yazan və təqribən real məlumatlara sahib olan qərargah zabitləri öz aralarında deyirlər ki, Rusiyanın guya “ələ keçirdiyi” yaşayış məntəqələri arasında ordunun, hətta top atışı üçün yaxınlaşa bilmədiyi şəhərlər var”, - deyə mənbə nəşrə bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 6-da Rusiya qüvvələrinin Ukraynada “xüsusi əməliyyatlara” başladığını elan etdi.
Putin ölkəsinin qonşu dövlətə bu hərbi müdaxiləsini qondarma respublikaları Ukraynanın “hərbi təcavüzün”dən müdafiə etməsi kimi açıqladı. Və Kreml iddia etdi ki, “əməliyyatlar” zamanı Rusiya hərbçiləri Ukrayna ərazisindəki hərbi obyektləri sıradan çıxaracaq və mülki əhaliyə, yaşayış evlərinə və s. ziyan vurulmayacaq.
...Lakin bu “xüsusi əməliyyat” genişmiqyaslı müharibəyə çevrildi.
Bəzi xarici ölkələrin yaydığı kəşfiyyat məlumatlarına görə, müharibənin gedişatı barədə əvvəldən Putinə doğru məlumatlar verilməyib, düzgün hesablamalar aparılmayıb.
Yayılan xəbərlərə görə, əslində bu “xüsusi əməliyyat”ın Ukrayna ərazisində 15 günə bitəcəyi barədə proqnoz verilib və bu da özünü doğrultmayıb. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, NATO və Aİ ölkələrinin Ukraynaya yardım etməsi, ukraynalı müdafiəçilərin daha dirənişli olması müharibəni heç də tez sona çatmayacağından xəbər verir.
Və artıq iki aydan çoxdur ki, davam edən bu dəhşətli müharibənin hazırkı tablosu, Rusiyanın guya Kiyevdə 9 may paradı təşkil edəcəyi barədə illüziyaları alt-üst edib...
Y.MƏMMƏDLİ