1966-cı ildən böyük futbol ənənəsini yaşayan Mingəçevir həmin dövrdə məşhur futbolçu Anatoli Banişevskinin məşqçiliyi altında “Avtomobilçi” futbol klubu fəaliyyət göstərmişdir.
Daha sonralar "Tekstilşik" ( “Toxucu”), “Energetik”, “Kür” və nəhayət, “Kür-nur” adlı komandalarla milli futbolumuza böyük töhfələr vermişdir. Şəhəri təmsil edən futbol klubu ölkə birinciliyində ilk çempionatın kubok finalçısı kimi də tarixə düşmüşdür. Mingəçevir futbol məktəbindən çıxmış Ramiz Məmmədov, Musa Qurbanov, Qurban Qurbanov, Ədahim Niftəliyev, Zaur Qarayev və digər futbolçular hətta ölkə üzrə milli komandamızın da heyətində yer almışlar.
Hazırda “Mingəçevir” adlı futbol komandası PFL-nın l divizionunda çıxış etməklə fəaliyyət göstərir. 120 minlik sakini olan bu nur şəhərinin bir sıra qəsəbələrində hər zaman Sağ sahil və Energetik adlı iri yaşayış massivlərində hər vaxt həvəskar küçə futbol yarışları keçirilib.
Bildiyimiz kimi, müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin xatirəsi hər an əziz tutulmaqla 2023-cü il də məhz ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.
Elə bu münasibətlə respublikamızın hər bir guşəsində olduğu kimi, ölkə iqtisadiyyatında mühüm strateji sahə olan elektroenergetikanın mərkəzi sayılan Qafqazın ən böyük enerji nəhəngini 1973-cü ildə təməli Heydər Əliyevin təşəbbüskarlığı ilə qoyularaq bu gün də enerji istismarında böyük çəkiyə malik Azərbaycan İES- in yerləşdiyi 25 minlik əhalisi olan Energetiklər Qəsəbəsində böyük futbol turniri planlaşdırılır.
10-dan artıq komandanın iştirakı ilə baş tutacaq bu turnirin təşəbbüskarı isə, elə bu şəhərin ictimai fəallarından olan, şəhər və qəsəbə ictimaiyyəti arasında bir sıra təqdirəlayiq işlər görməkdə davam edən kiçik sahibkar Əli Muradovdur.
Qəsəbənin mərkəzində yerləşən 4 saylı ümumtəhsil məktəbinin futbol meydançası artıq neçə gündür ki, bu turnirə hazırlıq məqsədilə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vidadi Şərifovun rəhbərliyi tərəfindən ona edilmiş müraciətin nəticəsində qurumun tabeliyindəki 1 saylı MKİS-nin əməkdaşları stadionda və onun ətrafında təmizlik, bərpa işlərini də aparmış, meydançanın lazımi xətlərinin ağardılması və qapılarının torlanması işlərini də şəxsi vəsait hesabına başa çatdırmışlar.
Qeyd edək ki, Qəsəbənin gənc ictimai fəalı Əli Muradovun təşəbbüskarlığından irəli gələrək turnirin iştirakçı komandalarına finala çıxacaq komandaların həvəsləndirilərək qiymətli simvolik hədiyyələrin və mükafatın təşkili üçün burada fəaliyyət göstərən Azərbaycan İES rəhbərliyi Təhmasib Hüseynova müraciət ünvanlanmaqdadır.
İnanırıq ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, söz açdığımız bu turnirin sonunda qeyd etdiyimiz mükafatlandırma və simvolik kubokun təşkilinə stansiya rəhbəri Təhmasib Hüseynov da öz köməyini əsirgəməyəcək.
Tezadlar.az üçün hazırladı: Xəyyam Qurbanlı