Ermənistandan olan idmançılar yarışa qatılmamışdılar
Bildiyimiz kimi may ayının 20,21,22-də Bolqarıstan Respublikasının Albeno Kranevo şəhərində Dünya Şotokan Federasiyasının təşkil etdiyi12-ci Avropa Çempionatı keçirildi. Çempionata dünyanın 14 ölkəsindən 803 idmançı qatılmışdı. Azərbaycanı 25 idmançı təmsil edirdi. Onlardan 9-u Naxçıvan idmançıları idi. İdmançılarımızı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi komitəsinin sədri Tahir Məmmədov, Bu Şu Do İdman cəmiyyətinin prezidenti Akif Hüseynov, baş direktor Sənan Cəfərov, Zəngilan İdman Klubunun rəhbəri Siyavuş Bayramov müşayət ediblər. Əldə etdiyimiz məlumata yarışa gəlməyə erməni idmançıları qeydiyyatdan keçsələr də nədənsə gəlməyiblər. Hətta bizim idmanşıların da rəqibi ermənilər seçilibmış. Lakin onlar yarışa qatılmadıqlarından qələbə bizimkilərə verilib.
Yarışa qatılan idmançılarımız Bu Şu Do İdman Cəmiyyətinin prezidenti Akif Hüseynovun və Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi Komitəsinin sədri Tahir Məmmədovun maddi dəstəyi ilə çempionata qatılıblar. Məlumat üçün bildirim ki, Akif Hüseynov 3 Qat Dünya, 4 Qat Avropa Çempionu, Dünya Kuboku sahibi, 10-cu Dan Qara Kəmər sahibi, Tahir Məmmədov isə 2-ci Dan Qara Kəmər sahibi, Siyavuş Bayramov isə 8 Qat Dünya, 7 Qat Avropa çempionu, 4-cü Dan Qara Kəmər sahibi, Əməkdar Məşqçidir.
İdmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından cəmiyyətin üzvləri, idmançılar, Qazilər yola salıblar. Hələ çempionatdan əvvəl Tahir müəllimlə görüşəndə o, bildirmişdi ki, biz qələbə qazanmağa gedəcəyik və bu qələbəmizi Şəhidlərimizin əziz ruhuna həsr edəcəyik. Bəli, doğrudan da Azərbaycan komandası Vətənə qələbə ilə geri döndülər. İdmançılarımız 18 Qızıl Medal, 10- Gümüş Medal, 24 Bürünc medal alaraq komanda döyüşlərində 1-ci yer, ümumi medal sayına görə 2-ci yerə çıxıblar.
Qeyd edim ki, naxçıvandan qatılan 7 idmançımız Qızıl Medalla Vətənə dönüblər. Onların məşqçisi Naxçıvan Karate Do Federasiyasının Vitse Prezidenti Nəriman Quliyevdir. Müəyyən səbəblərə görə o çempionata qatıla bilmədiyinə görə idmançıları Zəngilan İdman Klubunun rəhbəri Siyavuş bayramov müşayət edib.
Yarış 3 qrup üzrə keçirilib; uşaqlar, yeniyetmələr və ustalar, məşqçilər arasında. İdmançılarımız hər bir qrup üzrə xüsusi əzmkarlıq göstərərək qələbəyə nail olublar. Axı onların qalib olmamağa haqqları yox idi... Çünki bu yarış başqa bir yarış idi, bu səfər başqa bir səfər idi, bu səfərin məqsədi bir başqa idi...
Axı bu yarışda onlar Şəhidlərimizin, Qazilərimizin qanı, canı bahasına QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI olaraq qatılmışdılar. Onların da borcu bu səbəbkarlara hörmət əlaməti olaraq qalib gəlib, qələbə qazanmaq idi. Bəli, Şəhid ruhuna söz verib sözünü tutdu bizim cəsur idmançılarımız...
Mən də Azərbaycanımızın üçrəngli Bayrağını Avropada minlərlə insanın qarşısında ucaldan qəhrəman idmançılarımızı sizlərlə tanış etmək istəyirəm...
- Əmirov Məcid
- Cəfərov Sənan
- Bayramov Siyavuş
- Orucova Gülay
- Seyidov Vüsal
- Mikayılova Səidə
- Mazanov Ramin
- Qurbanov Ülvi
- Mitlinova Emiliya
- Qasımov Rəşad
- Bağırov Məhəmməd
- Abbaszadə Caner
- Qəmbərov Saleh
Qələbəniz mübarək, Şəhidlər! Ruhunuz şad olsun. Bu qələbə sizin adınıza niyyət olunmuşdu. Bu qələbə Şuşada, Ağdamda, Zəngilanda ,Laçında, Fizulidə, Qarabağda qanından, canından keçən oğullara həsr olunmuşdu... Bu qələbə Qarabağımın eşqinə qazanıldı... Qələbən mübarək, AZƏRBAYCAN!!!
Sevinc MURADXANLI