Şikayətçi: “Rusiyadan “Zalatoy Korona” və “Kontakt” vasitəsilə göndərilən pullar kənar şəxslərin şəxsiyyət vəsiqələri ilə çıxarılıb götürülür...”

“Təzadlar”a daxil olan aşağıdakı şikayət məktubu Baş Prokuror Kamran Əliyevə ünvanlıdır. Söhbət “Azərpoçt” MMC-nin Şamaxı rayon filialında baş verən qanunsuzluqlardan gedir. Məktubu ixtisarla təqdim edirik:  “Hörmətli Kamran müəllim! Mən uzun müddət “Azərpoçt” MMC-nin Şamaxı rayon filialında çalışmışam. Hazırda bu filialda baş verənlər heç bir ölçüyə sığmır. Bir neçə aydır ki, filiala Rövşən Mirzəyev müdir təyin edilib. O, bu qısa zaman içində filialda ağlagəlməz qanunsuzluqlara imza atmaqdadır. Məsələn, 2022-ci ilin may ayından 2022-ci ilin iyun ayı dövründə hər gün Rusiyadan “Zolotoy karona” və “Kontakt” vasitəsilə göndərilən yüz min manatlarla pul vəsaiti vətəndaşların xəbəri olmadan onların şəxsiyyət vəsiqələrinin surəti vasitəsilə sənədləşdirilərək çıxarılıb. Əgər araşdırılsa, məlum olacaq ki, həmin imzalar saxtadır. Aydın olacaq ki, həmin vətəndaşların bu əməliyyatlardan qətiyyən xəbəri yoxdur. Nəzərə alsaq ki, gündə yüz min manatlar çıxarılıb, bu ayda neçə milyonlarla pul vəsaiti deməkdir. Yəni, Rövşən Mirzəyevin Rusiyadakı adamı bu pulları oradan göndərir, müdir isə burada poçt göndərişləri kimi nəğdləşdirib çıxarır. Hansı ki, ayrı-ayrı adamların adına sənədləşdirilir, bu şəxslərin isə xəbəri olmur. Qeyd etdiyim müddətdə Rusiyadan Şamaxıya göndərilən pul vəsaitlərinin kimlərin adına sənədləşdirilib götürüldüyü araşdırılarsa, hər şey bəlli olacaq.

Bundan başqa, Şamaxının kənd və qəsəbələrindəki poçt filiallarındakı pul daşımaları qanunla inkassator vasitəsilə olmalıdır. Lakin Rövşən Mirzəyev bu işləri özünün etibar etdiyi “kuryer”lərə tapşırır. İnkassator maşınlarına ayrılan yanacaq isə bu yolla istifadə edilmir və silinir.

Onu da deyim ki, bütün bu işlərə rəvac verən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovdur. Rövşən Mirzəyevi də o himayə edir. Rövşən Mirzəyev Daxili İşlər Nazirliyində çalışan (təchizat üzrə) yüksək vəzifəli əmisinin sayəsində bu qanunsuz əməllərə rahatlıqla, çəkinmədən imza atır. Əfqan Cəlilov əvvəllər keçmiş MTN naziri Eldar Mahmudovun himayəsində olan “AGbank”ın direktoru işləyib.

Xahiş edirəm, qeyd olunanların araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz.

Hörmətlə: Nüsrət Mirəhməd oğlu Heybətov,

Şamaxı rayonu”

Redaksiyadan: Geniş məzmunlu məktubda bəzi ciddi ittihamlar da var ki, onların araşdırılmasına və dəqiqləşdirilməsinə zərurət var... Qeyd edilənlərə aydınlıq gətirilməsi üçün Rövşən Mirzəyevin bizə göndərilmiş mobil telefonuna dəfələrlə zəng etsək də, cavab verilmədi. Onun da mövqeyini dərc etməyə çalışırıq...

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN