Xəbər verildiyi kimi, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, istintaqla Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.
***
Bəli, Lənkəran RİB başçısının müavini üzərində ciddi nəzarəti olsaydı, təbii ki, indi vəziyyət bu həddə çatmazdı. Rayondan olan şikayətçilərin mediadakı açıqlamaları da təsdiqləyir ki, RİH başçısı Taleh Qaraşovun adı çəkilən müavini üzərində rəsmi qaydada nəzarəti olmayıb, yaxud onu himayə edib ki, indi vəziyyət və məsəlkə məhkəmədə, Baş Prokurorluqda araşdırılır...
A.Məmmədli