Cənab polkovnik Bəhruz Səfərəliyev, kürəkəninizə başa salın ki, əkinçi ilə intriqalarına son versin!!!

Şəki İnzibati Məhkəməsin fermer Abdullayev Teyyub Əli oğlunun iddiasını təmin edərək İsmayıllının başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etsə də, başçı fermerdən əl çəkmir…

Keçək mətləbə: Prezident İlham Əliyevin Sərəncamı ilə Nahid Bağırov 2020-ci ilin martın 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Nahid Bağırov yeganə icra başçısıdır ki, etimad göstərilib təyin ediləndən ayyarım sonra Prezidentin Sərəncamı ilə ona töhmət elan olundu. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Nahid Bağırovun töhmət almasının səbəbini belə icah etmişdi: «…O, karantin rejimi dövründə Mərdəkanda atasının restoranında ziyafət təşkil edib, Bakıda kef çəkir, rayon qalır yiyəsiz. Axı niyə? Axı sənə etimad göstərilib. Bu da gənc kadr… Kimsə ingilis dilini bilir deyə vəzifəyə təyin edilməsi düzgün deyil. Təcrübə lazımdır. Qohumlarının hesabına vəzifələrə təyin edilirlər…”.

***

Beləliklə, İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamına əsasən, sahibkar-əkinçi, fermer, taxılçı… Abdullayev Teyyub Əli oğlu ilə İsmayıllı RİH ilə bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilir. İsmayıllı RİH başçısı Nahid Bağırov hesab edib ki, Abdullayev Teyyub Əli oğlu guya ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar (faktiki olaraq 71 ha. Amma vergi 100 ha üçün ödənilib) torpaq sahəsindən “örüş” məqsədli olsa da, “əkin” kimi istifadə edib, orda dəmyə taxıl əkib və qanunu pozub.

 

 Həmişə taxıl əkilmiş ərazidə indi Teyyub Abdullayevin buğda əkməsi niyə qanun pozuntusudur?

  T.Abdullayevin «günahı» və «qanun pozuntusu» ondan ibarət olub ki, o, ona 25 illiyinə icarəyə verilmiş dəmyə torpaq sahəsində Prezident İlham Əliyevin göstərişlərinə və tövsiyyələrinə arxalanaraq ölkəmiz üçün taxıl əkib. Hansı ki, o, ötən 19 il ərzində torpaq vergisini əkinə, yəni kənd təsərrüfatı məhsullarının istehsalına görə verib(Vergilər Nazirliyinin arayışı təqdim edilir). Üstəlik, onun bütün sənədlərində açıq-aydın yazılıb ki, torpaq sahəsi T.Abdullayevə kənd təsərrüfatı məhsullarının istehsalı üyçün verilir.

  Bəs İsmayılının başçısı Nahid Hacıyev niyə həmin icarə müqaviləsinin ləğv olunması barədə Sərəncam verəndə araşdırmayıb ki, ona təqdim edilən Sərəncam layihəsi nə dərəcədə əsaslıdır??? Yəni, əkinçi-fermer T.Abdullayevlə icarə müqaviləsi imzalananda, Dövlət Aktı tərtib ediləndə və s. ona hansı şərtlərlə torpaq verilib: əkin üçün, yoxsa qoyun otarmaq üçün??? Elə 2022-ci ilin mayın 24-də Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda da fermer Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021-ci il tarixli, 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbinin əsaslılığı araşdırılıb. Və hakimin Vidadi Qasımov (hakim həm də Şəki İnzibati Məhkəmənin sədridir) T.Abdullayevdən şikayətini əsaslandırmağı və məsələnin mahiyyətini anlatmağı xahiş edəndə məlum oldu ki…

 (Ehtiyatda olan polis polkovniki Bəhruz Səfərəliyev)

T.Abdullayevin məhkəmə çıxışından sitat: «Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz… Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul olurdum. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə… şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobili də vermişəm. Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir… Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər. 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüsyenova zəng etdim ki, bəs siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm. Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdirdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir. Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verib».

 

 

İcra başçısı Prezidentin tövsiyyələrini yerinə yetirmək əvəzinə fermerlə intriqa aparırsa…

 

Bəli, gənc və təcrübəsiz icra başçısı Nahid Bağırovun hərəkətlərinin adı yoxdur. O, bu gün məhkəmə qərarı ilə torpaq üzərində icarədarlığı bir daha təsdiqlənmiş fermer Teyyub Abdullayevlə intriqalarına son vermir. Ötən il də, bu il də öz halal-icarə haqqını ödədiyi torpaq sahəsində buğda əkə bilməyən fermer yenidən  çətin problemlərlə üzləşib. Belə ki, bu gün noyabrın 1-də sahədə taxıl əkininə başlamaq istəyərkən İcra başçısı əvvəlcə bir neçə öyrədilmiş şəxsləri sahəyə göndərərək səpinə mane olub. T.Abdullayev baş verənlər barədə DİN-nin 102 xidmətinə zəng edəndən sonra isə sahəyə intriqa həvəskarı olan Nahid Bağırov və müavini Mahmud Süleymanov sahəyə gəlib, açıq şəkildə bildirib ki, buğda əkilməsinə imkan vermirəm. T.Abdullayevin dedikləri: «…Mən də sahəyə getdim, bütün səpin texnikamız hazır idi. Lakin Nahid Bağırov imkan vermədi. Məhkəmə sənədlərini, icarə müqaviləmi və s. icra başçısına göstərərək xahiş etdim ki, mən əkinçiyəm, Prezidentin Sərəncam və tövsiyyələrinə uyğun olaraq hər il vergisini ödədiyim sahədə buğda əkinimə imkan verin. O, isə açıq şəkildə dedi ki, icazə vermirəm, get hara istəyirsən şikayətə elə, sən burda ancaq qoyun otara bilərsən və s. Mən də İsmayıllı Polis Şöbəsinə gedərək DİN-nin 102 xidmətinə etdiyim şikayətimlə bağlı izahat verməyə getməli oldum…».

 

 

İcra başçısının qaynatasına müraciət edildi…

 

Bəli, yaşından asılı olmayaraq icra başçısı rayonun böyüyüdür, ağsaqqalıdır. Ağsaqqal-icra başçısı rayonda buğda istehsalına mane olursa, əkinçi-fermerlə intriqa aparırsa, bu artıq ciddi məsələdir.

 Elə biz də vaxtilə məsələnin ciddiliyini nəzərə alıb ötən il əvvəlcə Nahid Bağırovun atası Rza müəllimlə əlaqə saxlayıb oğlunu başa salmasını xahiş etmişdik. Atası oğlu haqqında açıq şəkildə demişdi ki, o, mənim yox, digər qohumlarının sözünü eşidir, nə istəyirsiniz yazın... Daha doğrusu, ata Nahid Bağırovun qaynatası, DİN-nin ehtiyatda olan polkovniki Bəhruz Səfərəliyevə işarə vurmuşdu. Odur ki, böyük sözünü, ata nəsihətini eşitməyən, başçı təyin ediləndən 40 gün sonra Prezident Sərəncamı ilə töhmət alan Nahid Bağırovun qaynatası, ehtiyatda olan polkovnik, hörmətli Bəhruz Səfərəliyevə müraciət edirik:

-Bəhruz müəllim, kürəkəniniz Ağdamlı fermer-əkinçi ilə intriqalarına son versə yaxşıdır! T.Abdullayevin əlində Şəki İnzibati Məhkəmənin qərarı var, üstəlik, bütün dövlət sənədlərində bu sahə ona kənd təsərrüfatı məhsulları istehsalı üçün verilib, vergi də əkinə görə ödənilir və s. Son söz sizindir, Bəhruz müəllim! Bir daha xahiş edirik, kürəkəninizi başa salın, məsləhət verin ki, Prezident İlham Əliyevin tövsiyyəsinə uyğun halal-haqqı olan sahədə buğda əkən əkinçi-taxılçı ilə intriqalarına son qoysun!!!

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN