Ermənistanın paytaxtında KTMT-nin İrəvan sammiti ərəfəsində minlərlə insan “Rusiya düşməndir!” şüarları ilə etiraz aksiyası keçirib. Xalq KTMT-yə etiraz edir, Putin və Lukaşenkonun gəlişini istəmir.
Tezadlar.az “Radio Azatutyun”a istinadla bildirir ki, dünən noyabrın 22-də İrəvanda KTMT-nin sammiti ərəfəsində müxalifətdə olan Milli Demokratik Qütb Partiyası etiraz aksiyası keçirib. Hitlerin yaxın silahdaşı olmuş Qarregin Njdenin abidəsi önündən başlayan yürüş iştirakçıları Rusiya əleyhinə şüarlar səsləndirib: “Rusiya düşməndir!”, “KTMT düşməndir!”. Bu azmış kimi, etirazçılar əllərində “Putin, Lukaşenko – persona non qrata”, “Rusiya – Ermənistandan get!” şüarları yazılmış plakatlar tutublar. Noyabrın 23-də erməni müxalifətçiləri yenidən etiraz aksiyaları keçirmək niyyətindədirlər. Müxalifət partiyasının üzvləri bildiriblər ki, KTMT-yə üzv olan “Ermənistana düşmən” ölkələrin liderlərinin, xüsusən də Rusiya prezidenti Putinin səfəri layiqli etirazla qarşılanmalıdır. Prezident Lukaşenkonun da Belarusdan gələcəyi gözlənilir.
KTMT-nin mətbuat xidməti bildirib ki, müzakirə olunacaq mühüm məsələlər arasında böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər də var.
Onların bəyannamə qəbul edəcəyi və bir sıra sənədlərin, o cümlədən sülhməramlı qüvvələrin müasir silah və hərbi texnika ilə təchiz olunmasını nəzərdə tutan sənədlərin imzalanacağı gözlənilir.
Xatırladırıq ki, Ermənistan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamağı planlaşdırır. Lakin erməni müxaliflər buna qarşıdır...
A.Məmmədli