Bu gün Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümünə həsr edilmiş “Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirilib...
Tədbirdə qəhrəmanın ailə üzvləri, eləcə də millət vəkilləri, Təlim-Tədris Mərkəzinin zabit-kursantları və rəhbər heyəti, həmçinin ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, və KİV nümayəndələri iştirak edirdi.
Mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycanın Dövlət Himni səsləndirildi... Ardınca tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Millət vəkilləri Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov çıxışlarında bu yönümlü tədbirlərin vətən qəhrəmanlarının tanıdılmasında və təbliğində olan rolundan danışdılar.
Qəhrəman polkovnik-leytenantın xatirəsinə həsr olunmuş "Əfsanəvi kəşfiyyatçı-Orxan Əkbərov" kitabın müəllifi, yazıçı-jurnalist Asif Mərzili, eləcə də jurnalist Elçin Məmmədli çıxış edərək bildirdilər ki, kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan bəhs edir. "Şeyx Şamil deyirdi: aqibətini düşünən əsgərdən igid çıxmaz!" Orxan Əkbərov aqibətini düşünmədi və düşmən üzərinı şığıdı, şəhid oldu, qəhrəman oldu!" deyən müəllif Asif Mərzili şəhid qəhrəmanın ailə üzvlərinə, döyüş yoldaşlarına təşəkkürünü bildirdi ki, Orxan Əkbərovun xatirəsi unudulmur, adı əbədiləşdirilir...
XXX
Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş zabitlər polkovnik Toğrul Şamxalov, polkovnik Telman Hüseynov şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, döyüş xatirələrindən, qələbənin əldə edilməsində böyük rolundan danışdılar.
Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında qəhrəmanlıq musiqiləri səsləndirilib, bədii rəhbəri Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın olduğu şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xorunun ifasında vətənpərvərlik mahnıları ifa olundu, sənədli filmlər nümayiş edildi.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
E.Məmmədli