İsveç məhkəməsi ekstradisiyası tələb olunan Türkiyə vətəndaşının dövlət çevrilişinə cəhdin arxasında dayanan Fətullah Gülənçi olduğunu və guya siyasi baxışlarına görə təqib riskini önə çəkib...
Bu gün dekabrın 19-da İsveç Ali Məhkəməsi Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakla bağlı ittiham etdiyi Türkiyə vətəndaşının ekstradisiyasını əngəllədiyini bildirib.
Bu barədə “Reuters” xəbər yayıb.
Məhkəmə həmin şəxsin çevrilişdə iştirak etməkdə ittiham edildiyini və Türkiyənin çevriliş cəhdinin arxasında dayandığını bildirən dini lider Fətullah Gülənin tərəfdarı olduğunu bildirib.
“Bu işdə aydındır ki, ekstradisiyaya qarşı bir sıra maneələr var”, - məhkəmənin bəyanatında deyilir.
Məhkəmə qeyd edib ki, ittihamlar qismən siyasi cinayətə aiddir və şəxsin siyasi baxışlarına görə təqib olunma riski var.
Qeyd edək ki, Finlandiya və İsveç may ayında Alyansa qoşulmaq üçün müraciət etmişdilər, lakin onların müraciətləri üçün Türkiyə də daxil olmaqla, NATO üzvü olan 30 ölkənin hamısının razılığı lazımdır.
Lakin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı Türkiyə razılıq verməyib. Türkiyə tərəfi hər iki ölkənin terrorçuları uzun illərdir ki, himayə etdiklərini bildirib. Və buna görə də onların qarşısında bir sıra şərtlər irəli sürüblər və bu şərtlərə əməl olunmayanadək Skandinaviya ölkələrinin NATO-ya üzvlüyünə razılıq verməyəcəklərini bildiriblər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə açıqlamalar verib.
Daha sonra, iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar.
Lakin bir neçə gün əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkədən narazılığını dilə gətirib. O, qeyd edib ki, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün atdığı addımları görmür və onlar 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan kürd terrorçuları ekstradisiya etmək niyyətində deyil. Türkiyə üçün bu ölkələrdən terrorçuların ekstradisiyası onların NATO-ya daxil olmasının şərtlərindən biridir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, Finlandiya və İsveç NATO-nun müttəfiqi olmağa hazırdırlar və onların hərbçiləri Kosovoda, Əfqanıstanda, İraqda və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edib.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərinin Ankaranın təsdiqini almaqda irəliləyiş əldə etdiyini, lakin hələ də daha çox iş görməli olduqlarını bildirib.
Onu da xatırladaq ki, NATO-ya üzv olan 30 ölkə arasında Skandinaviya ölkələrinin müraciətlərini ratifikasiya etməyən yeganə ölkələr Türkiyə və Macarıstandır. Artıq Macarıstanın da razılıq verəcəyi bildirilir.
***
Və göründüyü kimi, hələ də NATO-ya üzv olmaq istəyən skandinaviya ölkələri Ankaranın terrorçuların ekstradisiyası ilə bağlı şərtini yerinə yetirmirlər...
Y.MƏMMƏDLİ