Azərbaycanın görkəmli yazıçısı, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin acınacaqlı vəziyyətdədir...
Tezadlar.az 24News-a istinadla bildirir ki, bununla bağlı ictimai fəallar Samirə Bayramova və Teyva Qəribovanın təşəbbüsü ilə rəsmi dövlət qurumlarına məktub ünvanlanıb. T. Qəribova bildirib ki, məktublar Tbilisi Meriyasına, Mədəniyyət Nazirliyinə və Tbilisi Sakrebulosuna təqdim olunub. Onun sözlərinə görə, məktubda binanın son dərəcə acınacaqlı vəziyyətdə və burada yaşayan insanların da təlaş içində olduğu qeyd olunub. Bildirilib ki, binada olan mövcud baxımsızlıq və nəzərtsizlik buradakı eksponatların bir hissəsinin də oğurlanmasına səbəb olub. İctimai fəal deyib ki, müraciət məktubunda binanın mövcud vəziyyəti ilə bağlı təcili addımlar atılması və təmir-bərpa işlərinin sürətləndirilməsi xahiş olunub.
200-dən çox yaşı olan bina, bu ilin fevral ayının 13-də Gürcüstanda baş vermiş 6,2 bal gücündə zəlzələdən sonra daha da qəzalı vəziyyətə düşüb. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev muzeyə 2019-cu ildən nəzarət edən Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov, sakinlərin nümayəndəsi İrina Kiasaşvili və binanın möhkəmləndirilməsi üzrə layihə hazırlayan mütəxəssislərlə görüş keçirib. Bildirilib ki, tikilinin fundament və divarlarının möhkəmləndirilməsi üzrə son layihə 2017-ci ildə hazırlanıb. İşlər üçün tələb olunan vəsait 100 min lari məbləğində hesablanıb. Vəsaitin 90 faizini Tbilisi meriyası öz üzərinə götürəcəyini bildirib, yerdə qalan hissəni isə sakinlər ödəməlidirlər.
Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını burada nəşr etdirib. Jurnalın ilk nömrəsinin Tbilisidə nəşrindən (7 aprel 1906-cı il) isə 117 il keçir. Burada ədibin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, “Molla Nəsrəddin” jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində yerləşib.
İndi sual yaranır: Gürcüstanda Mirzə Cəlili yaxşı qiymətləndirməyə bilərlər. Amma Azərbaycan Mədəniyyət Nazirliyi niyə bu tarixi izimizin qorunmasında maraqlı olmayıb? Prezidentin sabiq köməkçisi Əli Həsənəvovun KİVDF-si var idi, iki ildir dəfn edilib, hər il Tbilisiyə bir dəstə jurnalisti aparıb Vüqar Səfərlinin əli ilə pul sildirirdi. Yaxşı, Əli Həsənovun başı jurnalistlərin binasına ayrılan vəsaitə qarışmışdı, bəs Tbilisiyə gedən jurnalistlər niyə hamımızın müəllimi-ədibi olan Mirzə Cəlilin ev muzeyinin, "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin çap olunduğu bu evin zirzəmisindəki mətbə qalıqlarının taleyinə göz yumublar? Hansı ki, Azərbaycanda "Molla Nəsrəddin"ə istinad edərək satiramızın mənşəyi mövzusundə bəlkə də yüzlərlə alimlik dərəcəsi alanlar var. Onlar bu evə-məbədə getməyiblər, görməyiblər?
Nəhayət, məlum olur ki, muzeyin dağılmasının qarşısının alınması üçün bərkitmə işlərinə 100 min lari pul lazımdır. 100 min lari indiki kursla 64 min manat edir. SOCAR-ın Gürcüstanda yüzlərlə layihəyə pul tökdüyü hamıya bəllidir. Yaxud, Azərbaycanda maya dəyəri 20-30 min manat olan 1otaqlı mənzili 70-100 min manata satan yüzlərlə sahibkar və ya iş adamı var. Elə Mirzə Cəlilin yerliləri olan və az qala Bakını qarış-qarış zəbt edib göydələn tikən onlarla iş adamı var ("Şərurlu İsfəndiyar" və s.). Onlar niyə susur???
Doğrudanmı Mirzə Cəlilin Azərbaycan ədəbi mühiti, mədəniyyəti, jurnalistikası, dramaturgiyası... bu qədər vəsaitə dəymir?!
Biz sözümüzü dedik. Hərəkət hərəkətdə olmalılarındır...
Asif MƏRZİLİ