Ulu Öndər Heydər Əliyevin ən çox hörmət bəslədiyi Azərbaycan və Türkiyəsevər bir görkəmli alimin adının «Heydər Əliyev ili»ndə yoxa çıxarılması böyük qalmaqal yarada bilər…

Hans Şmide kimdir? Gəlin əvvəlcə bu ad və soyadın mənsubiyyətini aydınlaşdıraq ki, sonra bəhs edəcəyimiz məsələdə fikirlər haçalanmasın.

Beləliklə, Hans (Əhməd) Şmide 1935-ci ilin 7 dekabrında Almaniyanın Berlin şəhərində anadan olub. O, 19 yaşında islam dinini qəbul edib, gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərib, ömrü boyu ədəbi abidələrimizi tədqiq edib, dünya ictimaiyyətinə çatdırıb. Müsəlmanlığı qəbul edəndən sonra isə Əhməd adını götürüb.

Vikipediyada isə oxuyuruq: «…Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi Almaniyada təbliğ etmişdir. O Almaniyada "Daşa dönmüş şəhər", "Xoruz ilə padşah" adlı Azərbaycan nağılları toplularını, "Kitabi-Dədə Qorqud" boylarını, Bəxtiyar Vahabzadənin "Azərbaycan oğluyam", "Musiqim Qarabağdır", "İkinci səs" adlı kitablarını tərcümə edərək çap etdirmişdir. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş "Kitabi-Dədə Qorqud" gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir. Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir. Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman və dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir. Nəhayət, tarixin millətimizi imtahana çəkdiyi 1990-cı illərin əvvəllərində Bəxtiyar Vahabzadə siyasi görüşlərini Türkiyə və Türk dünyası ilə Azərbaycan arasında mötəbər körpülərin qurulmasında hamıdan daha artıq xidmətləri olan Hans Əhməd Şmide ilə bölüşüb. Şmide ömrünü Azərbaycan mədəniyyətinin Almaniya və Türkiyədə daha dərindən tanınmasına həsr etmiş alman əsilli müsəlman, az qala, türkləşmiş bir alman idi. Xalq şairi Bəxtiyar Vahabzadə kimi Əhməd Şmide də Azərbaycanda siyasi hakimiyyətə Heydər Əliyevin gəlişini israrla istəyirmiş: "…Bu anda bütün ümidimiz Heydər Əliyevədir... O, çox böyük bir siyasətçi və dövlət adamıdır. Azərbaycanda baş verən daxili çəkişmələr və daxili ziddiyyətlər ölkənin xaricindən idarə olunur. Bu işlərdən yalnız H.Əliyev baş aça bilər. O, hər şeyi gözəl bilir. Mən onu həm məclisdə, həm də mətbuatda dəstəkləyirəm. Sonumuzun nə olacağını bilmirəm. Amma onu bilirəm ki, son ümidimiz odur"". 

ahmed-smidt

 Əhməd Şmidenin görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycana göndərdiyi teleqramında oxuyuruq: «Ailəmin və dostlarımın böyük hamisi, qoruyucusu, Azərbaycan-türk millətinin qayğıkeş, mehriban atası, el ağsaqqalı Heydər Əliyevin dünyasını dəyişməsi məni dərindən sarsıtdı. Onun haqqında keçmiş zamanda danışmaq böyük xətadır. O, mənim üçün daim yaşayacaq, ali güvənc yerim olacaqdır. Nəhəng dövlət xadimi, türk milli tarixində silinməz izlər buraxmış, Mustafa Kamal Atatürklə bir sırada dayanmış ulu, unudulmaz bir şəxsiyyət kimi Heydər Əliyev hamımızın qəlbində əbədi yaşayacaqdır. O, təkcə Azərbaycan tarixində deyil, həm də dörd min illik türk dövlətçilik tarixində ölməz lider kimi qalacaqdır. Mən və ailəm onun arxasınca göz yaşı tökməklə bərabər, elə bir tarixi şəxsiyyətin dostluğunu qazandığımız üçün fəxr edirik. Ona Allahdan qəni-qəni rəhmət diləyir, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaş və bacılarıma başsağlığı verib, səbr arzulayıram».

***

…Azərbaycana sevgiləri bir gün onu Bakı Dövlət Universitetinə də gətirir. O, BDU-nun Fəxri doktoru seçilir. Əhməd Şmidenin Bakı Dövlət Universitetinin Fəxri Doktoru seçilməsi münasibətilə 3 mart 1997-ci il tarixdə Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə belə bir çıxışını arxivdən tapa bildik: «Ekselanslar, sayın bayanlar, sayın baylar! Eğer tercüman olarak kırk yılda gösterdiğim faaliyetleri bir an iddialı kaçacak bir tabirle "ömrümün eseri" şeklinde nitelendirmem caizse, o zaman bugünkü tarih hiç şüphesiz sözünü ettiğim uğraşıların zirvesidir».

 İndi sual verməkdə haqlı deyilikmi: bəs BDU-nun Fəxri doktorları siyahısından Əhməd Şmidenin adı niyə silinib? Hörmətli rektor Elçin Babayevin bunlardan nə dərəcədə xəbəri var? Varsa nə tədbir görüb? Ümumiyyətlə, bunu kim edib?

***

 Budur, BDU-nun rəsmi saytında Fəxri doktorların siyahısına baxırıq. Orada Azərbaycana elə də aidiyyəti olmayan isimlər də var. Amma yuxarıda dedik, Əhməd Şmide Azərbaycanı öz vətəni, mədəniyyətimizi özünün mədəniyyəti kimi bilib, bəlkə də heç birimizin etmədiyi təbliğatını da artıqlaması ilə bizim əvəzimizdən edib. Bəs elə isə, Ulu Öndərin ən yaxın dostlarından və hörmət bəslədiyi şəxslərdən birinin adının «Heydər Əliyev ili»ndə BDU-nun Fəxri doktorları siyahısından çıxarılmasına, ümumiyyətlə, adının belə unutdurulmasına nə ad vermək olar? Bu düşmən dəyirmanına su tökmək deyilmi?! İndiki məsul məqamda- xaricdə Azərbaycana daha çox dost tapmaq istədiyimiz bir vaxtda, Azərbaycan həqiqətlərini ən yüksək səviyyədə dünyaya çatdıran, erməni yalanlarını ifşa edən, özünə düşmən qazanan bir görkəmli araşdırmaçı alimin adının unutdurulması özümüzə düşmənçiliyimiz deyilmi???

***

Yazı çapa gedərkən «Təzadlar» məsələ ilə bağlı yenidən BDU-nun rəsmi saytına nəzər yetirdi. Düşündük ki, bəlkə texniki səhvdir, bir daha yoxlayaq. Lakin sonradan bunun olduqca inanılmaz, bağışlanılmaz bir hərəkətə hakim olduğunu öyrənə bildik.

BDU rəhbərliyinin, şəxsən rektor Elçin Babayevin də bu məsələdə mövqeyini öyrənməyə hazırıq, buna çalışırıq. Eləcə də Əhməd Şmidenin Almaniyada yaşayan oğlu ilə də əlaqə saxlamağa səy göstərməkdəyik…

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN