Xəbər verildiyi kimi, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

“Report” xəbər verir ki, hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Səfir və attaşe Verin Şorja kəndi yaxınlığındakı sərhəd zonasını da ziyarət ediblər. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zohuri, hər iki tərəfin təmkinli olmasının və mövcud mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda ölən əsgərlərin ailələrinə də başsağlığı verib.

Həmçinin, səfir Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsinin bütün bölgə xalqlarının maraqlarına uyğun gəldiyini və İranın bölgədə sabitliyin bərqərar olması üçün lazımi səylər göstərməyə hazır olduğunu bildirib.

Həssaslıq, yoxsa siyasi gediş?

Nə deyirik, səfirin bu fikirləri ilə tam razıyıq və biz, eləcə də bütün Cənubi Qafqazda yaşayan xalqlar sülh,əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Amma buna mane olan, özünün işğalçı və təcavüzkar siyasəti ilə Ermənistana gözün üstündə qaşın var deyən olmayacaqmı? 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, kəndləri,şəhərləri xarabaya çevirən, milyondan çox azərbaycanlının öz yurd- yuvasından didərgin salan erməniləri İran dövləti ittiham etdimi, mövqe bildirdimi?  

İndiyənə qədər ABŞ və Fransa səfirlərinin ziyarət etdikləri Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur.

Xatırladaq ki, ikinci Qarabağ savaşı günlərində cənub qonşumuzun xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırmışdı.

İndi isə İslam Respublikası qeyd olunan ərazilərə öz səfirini göndərir. Bəs görəsən, 30 illik erməni işğalı ərzində İran müsəlman Azərbaycanın ərazi məsələlərinə qarşı niyə belə həssaslıq və qayğı gəstərməyib?

Ermənilər indi də sərhəd məsələsini qabardırlar. Bəs 30 illik talanın, vəhşiliyin,qətlamın cavabını kim verəcək? Möhtərəm səfir ermənilərdən bunu soruşdumu?

Soruşmadısa, eybi yoxdur. Biz soruşacağıq.Ümid edirik ki, cənab səfir İran dövlətinin Azərbaycana dost ölkə olmasına inanır və məhz bu konteksdən çıxış edir. Necə deyərlər, yaşayarıq, görərik.

Şakir QURBANOV 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN