Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olması onun üçün “müəyyən problemlər” yaradır, ona görə də İrəvanın təhlükəsizlik məsələlərində Qərb tərəfdaşları ilə əməkdaşlıq etməsi vacibdir.
Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən Ermənistana KTMT-dən yardımın “hər hansı nümunəsini daxil etmək çətindir”.
Qriqoryan guya Azərbaycanın “üç irimiqyaslı hücumu” zamanı KTMT-nin Ermənistana heç bir yardım göstərmədiyi barədə də cəfəng fikirlər səsləndirib.
Onun sözlərinə görə, Ermənistan Aİ-nin monitorinq missiyasının yerləşdirilməsi kimi alternativlər axtarıb tapdıqdan sonra KTMT öz yardımını təklif edib. TŞ katibi KTMT-ni qondarma hərbi blok adlandırıb və qeyri-ciddilikdə ittiham edib:
"Ermənistan "üç dəfə hücuma məruz qalıb" və sonda qondarma hərbi blok Ermənistana faktaraşdırıcı missiya təklif edir. Bu, ən azı ciddi deyil", - o bildirib.
Ermənistan rəsmisi daha sonra Rusiya silahlarının çatdırılmasındakı gecikmənin səbəbini də bildirib, həm də vurğulayıb ki, artıq alternativ də tapıblar.
“Biz mövcud reallığı görürük - bu, Rusiya-Ukrayna müharibəsidir, Rusiyanın öz müharibəsinə xidmət etmək qabiliyyəti var və imkanları silah ixrac etmək üçün o qədər də böyük deyil. Biz başqa resursların axtarışı yolunu seçmişik. Silahların alınması ilə bağlı intensiv danışıqlar apardığımız bir çox ölkələr var”, - deyə Qriqoryan vurğulayıb.
Xatırladaq ki, KTMT Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu hökumətlərarası hərbi təşkilatdır.
Və daha əvvəl də Ermənistan Təhlükəsizlik Şurasının katibi ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq imkanlarını müzakirə etdiyini bildirib. May ayında isə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, ölkənin KTMT-dən çıxması gündəmdən çıxarılmayıb.
Göründüyü kimi, sülh barədə fikirləşməli olan Ermənistanın yalan və böhtanları bitmir, silah almaq üçün müxtəlif ölkələrlə danışıqlar aparırlar. Həmçinin istəklərinə nail olmadıqları üçün KTMT-ni tərk edəcəkləri barədə təhdid də edirlər...
Y.MƏMMƏDLİ