“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”  (Həzrəti Məhəmməd peyğəmbər (s)-ın kəlamlarından)

Alimin günahı nədir?!

Son vaxtlar asan və dolayı yollarla alim olmaq istəyənlərin də, alimləri ələ salanların da, Azərbaycan elminin uğurlarını görməzliyə vurmaqla ona qara yaxanların da sayı az qala həndəsi silsilə ilə artmaqdadır. Bu yolda olanların hərəsi sadəcə özünün cılız “mənfəətindən” başqa heç nəyi düşünmür. Təbiidir ki, bir çox hallarda təhqir səviyyəsində olan bu cür əsassız yanaşmalar əsla qəbuledilməzdir. Odur ki, bu qəbildən olan yanaşma müəlliflərinə qarşı qəti olaraq etirazımı və narazılığımı bildirirəm. Qoy, elmdən, alimin işindən, elmi nəticələrindən və “imkanlarından”, onun iş şəraiti və sosial təminatının nə yerdə olduğundan bixəbər olanlar bu mövzuya baş vurub özlərini gülünc vəziyyətə salmasınlar. Sözsüz ki, hansısa ağzıgöyçəyin, sözünü və danışığını bilməyən birisinin şüurlu ömrünü bütünlüklə Azərbaycan elminin inkişafına həsr edən tarixçi alimlərin ünvanına işlətdiyi hədyanları heç bir halda qəbul etmək olmaz. Axı, yayın qızmar günəşi altında, 35-40 dərəcə istidə, toz-torpaq içində, ilan mələyən düzlərdə, maşın yolu olmayan yüksək dağlıq ərazilərdə fədakarcasına işləyən, necə deyərlər “iynə ilə gor qazaraq” 2-2.5 milyon illik tariximizin qaranlıq səhifələrinə işıq salan alimlərin əməyini və xidmətlərini necə danmaq olar?!

 Mən ixtisasca tarixçi-arxeoloq olduğumdan digər elm sahələri ilə işim yoxdur. Bəli, danılmaz həqiqətdir ki, bu gün tarix, arxeologiya və etnoqrafiya elmləri sahəsində saxtakarlıq, başdansovuduluq, plagiatçılıq və xaltura halları baş alıb getməkdədir. Özü də bu yeni hal deyil, illər öncə başlanmış ziyanlı bir tendensiyadır. (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix elmləri üzrə Ekspert şurasında təmsil olunduğum illər ərzində bu cür xoşagəlməz halları özümün də yaxından təqib etmək imkanım olub). Məgər bütün bunların günahkarı təkcə alimlərdir?! Belə düşünən cənablar, çox ciddi şəkildə yanılırsız. Siz elə düşünürsünüz ki, elmi işçi adı ilə akademiyanın institutlarına doldurulmuş yüzlərlə, minlərlə insanın hamısı alimdir?! Elə düşünürsünüz ki, o insanları elm sahəsində işə alimlər qəbul edib?! Bilin və agah olun ki, elm sahəsindəki bu acınacaqlı mənzərəni yaradan alimlər deyil, uzun illərdir ki, məhz akademiya rəhbərliyi və onların xeyir-duası ilə elmi-tədqiqat institutlarına təyin olunmuş başabəla direktorlar olub. Alimlərin ünvanına hədyanlar yağdıranlara tövsiyə edərdim ki, dönüb bir keçmişə nəzər salsınlar. Görün, ötən əsrin 70-80-ci illərində Akademiyamıza kimlər rəhbərlik edib, kimlər institut direktoru olub! Onları indikilərlə müqayisə edin. Azərbaycanın hüdudlarından çox-çox kənarlarda tanınan, böyük nüfuz sahibi olan həmin şəxslərin kreslolarında indi kimlər əyləşməkdədir?! Axı, elementar idarəşilik səriştəsi olmayan bu adamlar çoxsaylı elmi işçinin cəm olduğu çox böyük, həm də kifayət qədər möhtəşəm bir cameəni necə idarə edə bilər?!

Əslində elmi tədqiqat institutlarının rəhbərləri o institutların məşğul olduğu elmi istiqamətlər üzrə ən çox tanınan, hər kəs tərəfindən qəbul olunan yüksək reputasiyalı alimlər olmalıdır. Dünyanın hər yerində belədir. Uzun illər Azərbaycanda da məhz bu cür olub. Ali məktəblərimizdə də ümumən yanaşma belə olub. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq respublikada hökm sürən hərc-mərclik fonunda bu meyarlar da tədricən yoxa çıxdı. İşi o yerə çatdırdılar ki, indi ölkənin ən nüfuzlu ali təhsil ocağına və bəzi elmi tədqiqat institutlarına özlərinə dissertasiya yaza bilməyən şəxslər rəhbərlik edir. Nəzərə alın ki, həmin şəxslər rektor və ya direktor olmaqla yanaşı, həm də müvafiq elmi şuralara və dissertasiya şuralarına rəhbərlik edirlər. Bu nə deməkdir?! Belə bir anormal yanaşmaya necə haqq qazandırmaq olar?!

Paradoksallıq nədən qaynaqlanır?

Narahatçılıq doğuran haldır ki, son illər ölkəmizdə hər 1 milyon nəfərə düşən elm adamlarının sayı durmadan azalmaqdadır. Qəribədir ki, belə bir azalma tentensiyası fonunda müvafiq tələblərə cavab verməyən dissertasiya və nəşrlərin sayı isə yağışdan sonra göbələk artan kimi artmaqdadır. Təkcə belə bir faktı yada salaq ki, son vaxtlar AAK tərəfindən 400-dən çox dissertasiya işi barədə imtina qərarı verilib.

amea-0

Rəsmi məlumata görə, son bir il ərzində Azərbaycanda müdafiə olunan dissertasiya işlərinin təqribən 45 faizindən çoxu filologiya sahəsinə aiddir. Bu, Azərbaycan elmi adına həyəcan təbili deyilmi?! Eşitdiyimə görə həmin dissertasiya mövzuları içərisində müasirlərimiz olan, şəxsiyyəti və yaradıcılığı cəmiyyət tərəfindən o qədər də bəyənilməyən bəzi yazarlarımızın ədəbi irsinin “dərin qatlarının” araşdırılmasına həsr olunan elmi işlər də var. Məgər bizim ədəbiyyatşünaslar Nizami, Xaqani Şirvani, Fələki Şirvani, Nəsimi, Füzuli, Arif Ərdəbili və digər klassiklərimizin ədəbi irsini tam olaraq öyrəniblər ki, indi də hərə öz dostu, tanışı və qohum-əqrabasının “ədəbi irsini” dissertasiya mövzusu olaraq “araşdırmaq” yolunu tutub?! Əzizlərim, məgər bu elmdir?!! AAK bu cür dissertasiyalar barədə imtina qərarı verməsin neyləsin?! Təəssüflə deməliyəm ki, həmin imtinalar arasında tarix, arxeologiya və etnoqrafiyaya aid də xeyli işlər vardır.

Paradoksal vəziyyətdir: bir tərəfdən respublikamızda elmi işçilərin sayı durmadan azalmaqdadır, digər tərəfdən özlərini universitet təhsili almış olduğu sahələrdə təsdiqləyə bilməyənlərin filologiya, tarix, arxeologiya və etnoqrafiya sahələrinə axını müşahidə edilməkdədir. Təsəvvür edin, son 10-15 ildə Arxeologiya və Etnoqrafiya İnstitutunda işə götürülənlərin az qala üçdə ikisi ixtisasca tarixçi deyil. 15 ildən çox bir müddətdə həmin institutun başında duran insanın özünün belə ixtisasca tarixçi olmadığı ümumilikdə vəziyyətin nə dərəcədə düşündürücü olduğunun bariz göstəricisi deyilmi?! Əslində qeyri-peşəkarların daha çox tarix və arxeologiya axını da məhz həmin elm sahələrinin idarəçiliyində zaman-zaman yol verilən boşluqlardan qaynaqlanıb. İndi deyin görək, elmə dəyər verilmədiyi, elm adamlarının rəyi nəzərə alınmadığı, qeyri-peşəkarlarınsa, necə deyərlər, at oynatdığı belə bir mühitdə tariximizin daha dərindən, daha hərtərəfli və daha mükəmməl öyrənilməsi mümkündürmü?!

İslahat belə olur?!

 Azərbaycan dövlət müstəqilliyi qazandığı vaxtdan başlayaraq guya elm sahəsində islahatlar gedir. Hanı o islahatların nəticəsi?! İnstitutları gah bölməklə, gah birləşdirməklə, gah da adını dəyişdirməklə, ayrı-ayrı şöbələri bağlamaqla, yeni-yeni şöbələr yaratmaqla islahat olur?! Akademiya rəhbərliyi bu gün söz sahibi olan 5-10 nəfər tarixçini, arxeoloq və ya etnoqrafı nə vaxt bir yerə yığaraq islahatla bağlı onların fikir və təkliflərini öyrəndi?! Bu cür anormal yanaşmanın nəticəsidir ki, islahat davam etdikcə institutların strukturu daha acınacaqlı vəziyyətə düşməkdədir. Bura sanki elmi müəssisə deyil, özfəaliyyət meydançasıdır! Acınacaqlı haldır ki, əksər hallarda elmin prioritetləri deyil, ayrı-ayrı şəxslərin istək və maraqları nəzərə alınmaqla yeni-yeni struktur bölmələri yaradılıb. Son bir neçə ildir ki, nəinki institut direktorları və ya onların müavinlərini, hətta şöbə və sektor rəhbərlərini belə birbaşa yuxarıdan, yəni AMEA rəhbərliyi tərəfindən təyinetmə praktikası hökm sürməkdədir. Bir də görürsən ki, neçə-neçə elmlər doktoru, professor, müvafiq sahə üzrə yetərincə püxtələşmiş mütəxəssis kadrların haqqı kobud şəkildə tapdanaraq yuxarıdan kiminsə oğlunu, qohumunu, tanışını bu və ya digər vəzifələrə təyin ediblər. Təkcə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun timsalında çoxsaylı belə ədalətsiz təyinatları saya bilərəm. Müvafiq təhsili, elmi dərəcəsi, idarəçilik səriştəsi olmayan belə bivec rəhbərlərlə elmimiz necə inkişaf etsin?!

Professor niyə sinif müəllimindən az maaş almalıdır?!

Hər kəs çox yaxşı bilir ki, Azərbaycanda, daha doğrusu AMEA-da elmi işçilər, bir sıra digər qurumlardakı (Məsələn, elə AMEA-nın Rəyasət Heyəti aparatında) xidmətçi, bağban, qarovul və sürücülərdən də az aylıq əmək haqqı alırlar. Çox hörmətli Elm və Təhsil nazirimiz Emin Əmrullayev birbaşa efirdən şəstlə bildirir ki, bizdə sinif müəllimləri professordan çox əmək haqqı alır. Əlbəttə, müəllimlərin, o cümlədən də sinif müəllimlərinin yüksək məvacib alması çox müsbət haldır. Mən bir qədər də irəli gedərək arzu edərdim ki, bizim müəllimlər də nə vaxtsa bəzi xarici ölkələrdə olduğu kimi 2000-5000 avro səviyyəsində əmək haqqı alsınlar. Amma bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, axı, professor nə üçün sinif müəllimindən ən azı 2 dəfə az aylıq əmək haqqı almalıdır?! Həmin sinif müəllimlərini yetişdirən, onların müəllimi olan professorun əməyinə, xidmətinə verilən dəyər budur?! Belə yanaşma olduğu halda hansı gənc elmə üz tutar?!

Rica edirəm, heç kəs bu cür anormal yanaşmanın dövlətimizin elm və təhsil siyasətinin göstəricisi olduğunu düşünməsin. Bu, sadəcə dövlətin və millətin prioritetlərini dərk etmək səviyyəsində olmayan bir para qeyri-peşəkar məmurların yanaşmasının bərbad nəticəsidir.

İxtisar da edə bilmirlər. Niyə?!

 Təəccüblüdür ki, hər dəfə elmi işçilərin əmək haqqının aşağı olduğu dilə gətiriləndə həm akademiya rəsmiləri, həm də bu sahə ilə əlaqəsi olan digər yüksək çinli rəsmilər AMEA-da işçilərin sayının çoxluğunu, yetərincə ixtisarlar aparılmadığını əsas gətirirlər. Əzizlərim, axı bu bərbad vəziyyəti biz alimlər deyil, siz rəsmilər yaratmısınız! Elmə əsla dəxli olmayan çoxsaylı insanları akademiya divarları arasında siz işlə təmin etmisiniz. İxtisarlar aparmaq da sizlərin səlahiyyətinizə aid işdir. Amma ixtisar da edə bilmirsiniz. Çünki elmə əsla aidiyyəti olmayan o kəsləri nələrinsə müqabilində siz məmurlar AMEA institutlarında işlə təmin etmisiniz, belələrinin əyri yollarla alimlik diplomu almasına məhz sizlər yol açmısınız! Belə yanaşmanızla öz işinin fədaisi olan və eyni zamanda elm ətrafında baş verənlərin daha çox əziyyətini çəkən vicdanlı, cəfakeş və peşəkar alimlərə stress yaşatmısınız! Akademiyanı, onun institutlarını bu hala gətirməklə vicdanlı və fədakar alimləri də ictimai təzyiq və məzəmmət altına salmısınız! Axı, nəyə görə hər yerindən duranın, qananın və qanmayanın alimlərin ünvanına həqarət yağdırmasına şərait yaradırsınız?!

Səbəbkarlar və günahkarlar

AMEA-dakı bərbad rəhbərliyin acı nəticəsi olaraq bu gün Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adı bir sıra ağır cinayətlərdə hallanmaqdadır. Bunun günahı məgər arxeoloq alimlərdədir?! Bəli, arxeoloqlar arasında da əyri yolda olanlar, heç bir tədqiqat aparmadan ekspedisiyalar üçün ayrılan pulları saxtakarlıq yolu ilə mənimsəyənlər az deyil. Amma onları bu yola sövq edənlər, şirnikləndirənlər, oğurluq pulları onlarla bölənlər olmasaydı heç bu cür neqativ hallar da olmazdı. Təsəvvür edin, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara görə, bu və ya digər abidələrdə tədqiqat aparmaq məqsədilə arxeoloji ekspedisiyalar bir aylığa çölə ezam edilir. Özü də ekspedisiya rəhbəri tədqiqat müddətində abidələrin xarakterindən asılı olmayaraq müqavilə yolu ilə ən çoxu üç fəhlə işlədə bilər. Üç nəfər fəhlə ilə bir ay ərzində nə iş görmək olar?! Yaxud da üç nəfər fəhlə ilə şəhər qazıntısı aparmaq olar?! Qazıntıya cəlb olunan fəhləyə hər iş günü üçün 8 AZN ödəniş nəzərdə tutulur. Vergilər də tutulandan sonra fəhlə hər iş günü üçün təqribən 6 manat 40 qəpik əmək haqqı alır. İndi deyin, görək bu gün Azərbaycanda hansı fəhlə 6 manat 40 qəpiyə bir gün işləyər?! Özü də bütün günü torpaq qazsın, onu qazıntıdan kənara daşısın və s. Ona görə də arxeoloq məcburdur ki, ya heç bir iş görməsin, yaxud da fəhləni bir gün işlədib ona ən azı üç günün əmək haqqını ödəsin.

amea-2

Arxeoloq maraqlıdır ki, ezamiyyətdə olduğu bir ay ərzində hansısa elmi nəticələr əldə etsin. Amma mövcud qaydaların yaratdığı bu cür məhdudiyyətlər şəraitində hansı ciddi elmi nəticədən söhbət gedə bilər?! Bəli, məhz nəticə əldə etmək naminə bəzi ekspedisiya rəhbərləri özlərinə və ekspedisiya üzvlərinə gündəlik xərclər üçün ayrılan ezamiyə pulundan belə müəyyən qədər qənaət etməklə heç olmazsa 7-8 fəhlə ilə işləməli olurlar. Hansı ki, bunun özü də qanun pozuntusudur! Bir daha təkrar edirəm ki, ekspedisiya rəhbəri nəfsi ucbatından deyil, məhz iş getsin, nəticə olsun deyə belə bir addım atmaq zorundadır. Amma heç bir iş görməyən, hansısa elmi nəticə barədə əsla düşünməyən, sadəcə saxta hesabatlar tərtib etməklə ayrılan pulları tam olaraq mənimsəyənlər də az deyil. Neçə illərdir ki, bu praktika davam edir. Hamı hər şeyi bilsə də, vəziyyətdən çıxış yolu barədə düşünən yoxdur.

Məlumat üçün bildirim ki, son illər Qəbələ, Ağsu, İsmayıllı və Şamaxı rayonları ərazisində aparılan tədqiqatlar zamanı mənim rəhbərlik etdiyim arxeoloji ekspedisiya çox ciddi elmi nəticələr qazanıb. Tədqiq etdiyimiz Orta əsr Ağsu şəhər yeri ölkə prezidentinin müvafiq Sərəncamı ilə Dövlət Qoruğu elan edilib. Cənab Prezident və birinci vitse-prezident Basqal və Pir Ömər Sultan ziyarətgahında apardığımız tədqiqatlarla tanış olmuş və görülən işlər yüksək dəyərləndirilib. Ötən il tədqiqini başa çatdırdığımız Kələxana türbələr kompleksinin bərpa və konservasiya edilərək qoruq elan olunması istiqamətində hazırda kompleks işlər gedir. Təbiidir ki, bütün bu işləri biz heç də 3 nəfər fəhlə ilə edə bilməzdik. Əgər Heydər Əliyev Fondu, Şamaxı Rayon İcra Hakimiyyəti, qeyri-hökumət təşkilatları olan SEBA və “Miras”ın dəstəyi və əməli köməyi olmasaydı, sözsüz ki, bu nəticələr də olmazdı.

Arxeoloq alimlər artıq neçə illərdir ki, onların elmi fəaliyyətinə buxov olan problemlərlə bağlı davamlı olaraq əlaqədar orqanlar qarşısında məsələ qaldırsalar da, öz narazılıqlarını bildirsələr də heç nə dəyişməyib. Sual olunur, bu problemləri kimlər həll etməlidir?! Bunu da arxeoloq alimlər etməlidir? Bəs onda müdiriyyət nə üçündür?! AMEA-nın Rəyasət Heyəti nə üçündür?! AMEA-nın prezitenti və bu sahəyə məsul olan vitse-prezidentlər nə üçündür?! Əgər illərlə yığılıb qalmış problemləri də həll edə bilmirlərsə, onda AMEA-nın Rəyasət Heyəti adlı qurumun vəzifə və funksiyaları nədən ibarətdir?!

Son vaxtlar AMEA rəhbərliyi səxavət kisələrini geniş açaraq “İlin alimi”, “İlin gənc alimi” və bu kimi tərifnamə, diplom və fəxri fərmanlar paylamaqla məşğuldur. Rica edirəm, aidiyyəti orqanlar qoy araşdırsınlar görək Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda kimlərə, kimlərin xanımına, kimlərin ailə üzvlərinə bu cür ödüllər verilib. Ayıb deyil?! İllərlə “işlədiyi” institutun yolunu belə tanımayan, hansı şöbənin əməkdaşı olduğunu bilməyən insanlar guya Qarabağda arxeoloji tədqiqatlar aparıb və AMEA rəhbərliyi də onların olmayan əməyini dəyərləndirib. Əslində həmin tərifnamə, diplom və fəxri fərman alan insanların bir qismi ömründə Qarabağda olmayıb, bəlkə də heç xəritədə belə onun yerini bilmir. Misilsiz şücaət və qəhrəmanlıq nümunəsi göstərməklə və çoxsaylı şəhid verməklə Qarabağı düşmən əsarətindən ona görə xilas etdik ki, kimlərsə orada alver etsin?! Ayıb deyil?! Bu dərəcədə də özbaşınalıq olar?!

Rəyasət Heyətinin vəzifə və funksiyaları nədən ibarətdir?!

amea

Mənim bildiyimə görə ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanından sonra Rəyasət Heyəti aparatında bir dəfəyə 300 nəfərdən çox işçi ixtisar olunub. Bu qədər ixtisarlardan sonra belə orada yenə də 300 nəfərə yaxın işçi qalmaqdadır. Belə bir şişirdilmiş aparat kimə və nəyə lazımdır?! Onu saxlamağa nə lüzum?! Axı, AMEA-nın Rəyasət Heyəti elmlə məşğul olan qurum deyil. Orada vəzifə tutanlar hamısı məmur funksiyasını icra edir və elmi fəaliyyətlə məşğul olanlardan çox-çox yüksək əmək haqqı alırlar. Bu, normal haldırmı?!

Maraqlıdır ki, son illər AMEA Rəyasət Heyəti aparatı işçilərinin əmək haqları bir neçə dəfə artırılıb. Hansı ki, həmin artımların heç birisi AMEA institutlarının əməkdaşlarına şamil edilməyib. Beləliklə də, AMEA-da hətta mərkəz rəhbəri və ya şöbə müdiri olan elmlər doktoru və professorlar belə ayda vur-tut 500-600 AZN əmək haqqı alırlar. Kim deyə bilər ki, bu ədalətli yanaşmadır?! Əfsuslar olsun ki, Rəyasət Heyəti aparatı və İnstitut əməkdaşlarının əmək haqqları arasındakı illərdir davam edən bu kəskin fərq AMEA rəhbərliyini əsla düşündürmür. Çox güman ki, ölkə rəhbərliyi və şəxsən cənab Prezident elm adamlarının sosial vəziyyətinin nə yerdə olduğu barədə AMEA rəhbərliyi tərəfindən yetərincə məlumatlandırılmayıb. Bunu belə də başa düşmək olar ki, AMEA rəhbərliyi real vəziyyəti bilərəkdən ölkə rəhbərliyindən gizlədib.

Artıq neçə illərdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstituna daxil olan büdcədən kənar vəsaitlərin 20 faizi AMEA-nın Rəyasət Heyəti tərəfindən qamarlanaraq müxtəlif istiqamətlərə yönəldilməkdədir. Xalq məsəlində deyildiyi kimi, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Halbuki, həmin pullar hesabına heç olmazsa 5-10 alimin illərdir ki, qoltuğunda gəzdirdiyi kitablarının əlyazması və ya maliyyə problemi üzündən nəşri dayandırılmış “Arxeologiya və Etnoqrafiya” jurnalı işıq üzü görərdi və s. Yəni, AMEA Rəyasət Heyətinin Azərbaycan elminə “töhfəsi”budurmu?!

Akademiyada ixtisarlar labüddür. Elm məbədimiz elmə əsla dəxli olmayan insanlardan nə qədər tez təmizlənərsə, bir o qədər işlərimiz tez sahmana düşər. Amma yuxarıda sadaladığımız səbəblər ucbatından AMEA rəhbərliyi bunu edə bilmir. Hadisələrin inkişafı göstərir ki, heç bundan sonra da edə bilməyəcəklər. Bunun üçün görünür ilk növbədə AMEA-nın Rəyasət Heyəti aparatının özünü tam tərkibdə ixtisar etmək gərəkdir. Fikrimizcə, növbəti addım olaraq İnstitut direktorları və yüksək reputasiyalı alimlərdən ibarət ictimai əsaslarla fəaliyyət göstərən yeni Rəyasət Heyəti formalaşdırıla bilər. Hansı ki, bu qurumun qərarları İnstitut və elmi bölmələr üçün daha çox tövsiyyə xarakterində olmalıdır. Bir halda ki, hər bir institutun ayrılıqda büdcəsi və mühasibatlığı var, bu halda həmin elmi müəssisələrin Rəyasət Heyəti kimi amorf bir üst qurumdan asılı olmadan müstəqil fəaliyyət göstərməsinə nə mane ola bilər?! Tam məsuliyyətlə deyə bilərəm ki, əgər Rəyasət Heyəti adlı baryer aradan götürülərsə və institutlara publik hüquqi səxs olaraq müstəqillik verilərsə, bu halda elmi araşdırmalar istiqamətində operativlik, çeviklik və səmərəlilik artar, bürokratik əngəllər yox olar, maliyyə resurslarının israfçılığı isə nəzərə çarpacaq dərəcədə azalar.

Fikrimcə, struktur islahatları kontekstində AMEA tərkibində olan bəzi elmi tədqiqat institutlarının qalıb-qalmaması məsələsinə də baxıla bilər. Axı, ayrı-ayrı yaradıcılıq ittifaqları ilə təmsil olunan istiqamətlər üzrə elmi tədqiqat institutlarının da olması nə dərəcədə məntiqə uyğundur?! Nəzərə alaq ki, Ədəbiyyat İnstitutunun, Folklor İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun məşğul olduğu istiqamətlər müəyyən mənada Yazıçılar Birliyi, Memarlar İttifaqı, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqının fəaliyyət istiqamətləri ilə üst-üstə düşür. Hansı ki, bu qurumların hamısı elmi axtarışdan daha artıq yaradıcılıq fəaliyyəti ilə məşğuldurlar. Elə isə niyə çoxsaylı əlavə resurslar məsrəf olunmalıdır?! Əfsuslar olsun ki, bütün bunlar barəsində hələ ki, nə düşünən, nə də irəliyə doğru bir addım atan var.

AMEA-da hələ də köhnə abu-hava hökmrandır

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident fərmanının imzalandığı vaxtdan artıq 11 ay keçir. Bu müddət ərzində Elm və Təhsil Nazirliyinin strukturuna daxil edilmiş elmi müəssisələrin işinin nə yerdə olduğunu deyə bilmərəm, amma humanitar və ictimai elmlərdən ibarət olmalı olan Milli Elmlər Akademiyasında hələ də daha çox köhnə abu-hava hökmrandır.

Halbuki, vaxt itirmədən həddən artıq görüləsi işlərimiz var. Amma bürokratik əngəllər və ixtiyar sahiblərinin səriştəsizliyi ucbatından hətta peşəkarlar, iş görmək əzmində olanlar belə heç bir iş görə bilmir. Təsəvvür edin, il yarı olub, çöldə işləmək baxımından optimal müddət ötüb, amma hələ də arxeoloji ekspedisiyalar işə başlamayıb. İki ilə yaxındır ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu nəzdində Albanşünaslıq Elmi Mərkəzi yaradılıb. Lakin Mərkəzin kadrlarla komplektləşdirilməsi məsələsi hələ də həll olunmayıb. Müraciətlərimizə cavab olaraq bildirirlər ki, hələ ixtisarlar gedir, bu səbəbdən də yeni işçi götürə bilmirik. Bunu başa düşdük. Elə isə İnstitutun öz daxilində olan, lakin uyğun olmayan bölmə və şöbələrdə “işləyən” albanşünas kadrları necə, bir yerə cəmləmək olmaz?! Buna nə mane olur?

Dövrünün böyük mütəfəkkiri Volter yazırdı ki, “elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”. Ziya Bünyadov, İqrar Əliyev, Əlövsət Quliyev, Əbdülkərim Əlizadə, Saleh Qazıyev, Məmmədəli Hüseynov, İshaq Cəfərzadə, Teymur Bünyadov, Osman Həbibbulayev, Qara Əhmədov, İdeal Nərimanov, Cabbar Xəlilov, İlyas Babayev, Vəli Əliyev, Rəşid Göyüşov kimi görkəmli tarixçi-arxeoloq alimlərimiz heç zaman mükafat üçün işləməyiblər. O fədakar insanların, sözün əsil mənasında elm fədaisi olan korifeylərimizin yolunu və işini bu gün də uğurla davam etdirən tarixçi, arxeoloq və etnoqraf alimlərimiz məgər azdır?! Kimlərsə əgər həmin tədqiqatçıları tanımırsa və onların tədqiqatlarından xəbərsizdirsə, bu artıq həmin şəxslərin öz problemidir. Ona görə də elm adamlarının ünvanına hər cür hədyan söyləyən “hərşeyşünaslar” bir balaca düşünsünlər. Gücləri çatmayan yükün altına girməsinlər! Nöqsan və çatışmazlıqlardan bəhs edərkən ünvanlı danışsınlar, qurunun oduna yaşı da yandırmasınlar! Heç olmazsa Həzrəti Peyğəmbərimizin alim və elm haqqındakı kəlamlarını yada salsınlar.

Qafar Cəbiyev, 

 AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN