...Dünəndən sosial şəbəkələrdə deputat Aqil Abbasın "6 min şəhid..." mübahisəli sözünə müxtəlif istiqamətlərdən təpkilər yazılır...
Peşəkar hərbi mütəxəssis, böyük hörmət bəslədiyim Ədalət Verdiyevin fb səhifəsində, bəlkə də bu məsələyə elə də dəxli olmayanların təhqir və təhdid dolu, lazımsız yazışmalarını, xüsusən də doğulduğum bölgənin ünvanına əsassız ittihamları... gördüm deyə, münasibət bildirməyi özümə borc bildim: istəkli Ədalət müəllim, söylədikləriniz həqiqətdir... Razıyam! Amma Ağdamda ta 88-dən başlayaraq rayon işğal edilənədək jurnalist kimi bütün hadisələrin, baş verənlərin qısa desəm, mərkəzində olmuşam, "Qrad" yağışından iki dəfə bəxtim gətirib salamat çıxmışam... Məsələ ondadır ki, 6 min şəhid məsələsi çox yersiz mübahisələrin mövzusuna çevrilir bəzən. 6 min Ağdamda, hansı ki, o illərdə əsas döyüş əməliyyatları Ağdamda və ətrafında gedirdi, müxtəlif rayonlardan gəlib döyüşən və şəhid olanların sayıdır. Təkrar edirəm, erməni və rus hərbi birləşmələri əsas təhlükəni Ağdamdan görürdü... İndi belə çıxmasın ki, Ağdamda daha çox şəhid verilibsə, deməli, bu bölgədə pis döyüşüblər və ya pis döyüşdürülüblər... Məsələ ondadır ki, diqqətli oxucular da bilsin, ordusu olmayan ölkə könüllülərin hesabına müdafiəyə qalxmışdı. Adicə ov tüfənglərini yığırdılar... Yadımdadır, bizim kənddə artezian borularını kəsib "KamAZ"ın üstündə topabənzər nəsə düzəltmişdilər...
Ona görə də ucuz ölümlər çox idi. 44 günlük müharibədə isə peşəkar ordu var idi, buna baxmayaraq 3 mindən çox şəhidimiz oldu. Ağdam insanları daha çox şəhid verməsi ilə qürurlanmır, sadəcə, "Ağdamda yaxşı döyüşmədilər!" kimi yersiz ittiham səsləndirənlərə cavab kimi bildirirlər ki, Seyid Lazım Ağanın cəddi haqqı döyüşməsəydik bu qədər şəhidlərimiz də olmazdı və s. Yəni, heç kim ölüsü- şəhidi ilə fəxr etmir, amma bu nisbi sayı ona görə nümunə çəkirlər ki, Ağdam döyüşüb də, dirəniş göstərib də, şəhid də verib... Sonda: Ağdamlıların bir sözü var, belə mübahisə olanda deyirlər, qağa sən düz deyirsən eyy, amma elə deyil... Hər birinizə Ağdam vaxtı ilə salamlar olsun! Aqil Abbasdan da inciməyin, o da yuxarıda dediyim məntiqə söykənib yəqinki...
Asif MƏRZİLİ