...Neçə gündür Jirinovski-Vahabzadə mövzusu gündəmi zəbt edib...
Bir həftə əvvəl Azərbaycan və Azərbaycanın siyasi rəhbərliyi barədə ağzına gələni danışan Jirinovskiyə Rusiya elitası demək olar susdu... Ona bir az sərt cavab verən sabiq səfir İsfəndiyar Vahabzadəyə qarşı isə, indi sanki Səlib yürüşü var. Lakin çoxluq onun tərəfindədir ki, məsələni şişirdib geniş müzakirə etməyə də lüzum yoxdur. Necə ki, Jirinovski danışanda hamı "Boş verin, onun danışığı budur" demişdi... İ.Vahabzadə isə, zənnimizcə, sərt cavab verib ki, Jirinovski onu məhkəmə ilə hədələməyə başlamışdır... Deməli, güllə hədəfə dəyib!
Əməkdar Jurnalist Azər Həsrət bu qalmaqala belə bir maraqlı cavab verdi:
-Bu Vahabzadə məsələsinə çox bənd olduq axı deyəsən. Adam bir söz demiş, demişsə demiş. Şəxsi fikridir. Həddini aşır? Aşsın, bizə-sizə nə? Ruslar inciyəcəkmiş! İncisinlər! O inciyən ruslar Jirinovski ağzının qatığını axıdanda inciyəydi hər şeydən öncə. İncidilərmi? Nəsə mən xatırlamıram. Həm də İsfəndiyar Vahabzadə dövlət deyil, rəsmi vəzifə daşımır, dedikləri kimisə bağlamaz. Nədir düşmüsünüz adamın üstünə? Azərbaycan dövlətinin və onun rəhbərinin başqa millətlərə, o cümlədən də ruslara tolerant münasibətini bütün dünya bilir. Nədən narahat olursunuz? Hamı eyni cür düşünə bilməz ki. Heç danışa da bilməz. Necə ki, Rusiya siyasi palitrasında Jirinovski kimilər var, bizdə də buraxın, İsfəndiyar Vahabzadələr kimiləri olsun. Rusdan çox rus olmayın, dostlar. Rusun, lazım olanda cavab verəcək öz adamları yetərincədir. Ən yaxşısı siz Azərbaycana təhqirlər yağdıran Jirinovski kimilərə cavab verməyə xərcləyin enerjinizi. Həm də o cavabı Jirinovskinin öz dilində – öz anlayacağı dildə verin...
A.Məmmədli