Ötən il Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik etdi.
Bu Qaydada “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” ilə müəyyən olunmuş hallarda Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və s. ilə bağlı məsələlərə bir daha aydınlıq gətirildi.
Lakin aydın olmayan bir məsələ var: Azərbaycan dövlətinin atributlarından (rəmzlərindən) biri də gerbdir. Bu gerbin harada və necə istifadəsi isə qanunla müəyyənləşdirilir. Yoxsa, kimsə kiməsə bir diplom bağışlayır- üstünə Azərbaycan dövlətinin gerbini vurur. Yaxud, hansısa KİV rəhbəri kimlərəsə vəsiqə paylayır, üzərinə dövlət gerbini yapışdırır. Və sair. Bunlar təbii ki, yolverilməzdir. Bu günlərdə isə qarşımıza bir köhnə «Jiquli» maşını çıxdı. Rəhmətlik Brejnevin dövründə istehsal olunub… Arxa və ön şüşələrinə (parpresinə) «Az-Tele-Radio Media» sözləri yazılmış lövhə yapışdırılmışdı. «Az» sözü elə yazılmışdı ki, rəngli olduğundan oxunmaz idi. Kənardan baxan nabələd adam təbii ki, bu sınıq-salxaq maşının AzTV-yə məxsus olmasını zənn etməlidir. Amma biz belə zənn etmədik. Sürücünün yaşlı kişi olduğunu nəzərə alıb maşının nömrəsini tam göstərmirik. Amma bu lövhəni ona verən-satan şəxs bilməlidir ki, Azərbaycan dövlətinin gerbi hara gəldi yapışdırıla bilməz. Bunu xarici qonaq görüb çəkib dünyaya paylaşsa, 44 günlük Zəfər qalibiyyətli ölkəmiz haqqında nə düşünə bilər? Hansı ki, o gerbli əsgərlərimiz Şuşa qalasını dişi-dırnağı ilə, şəhid qanı ilə almışdır! Ona görə də bayrağımıza da, gerbimizə də hörmətlə yanaşmalıyıq!
***
Sonda, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli qanun var. Qanunun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə aşağıdakı qaydada müəyyənləşib:
«- Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Milli Məclisin və Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Nazirlər Kabineti və Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur».
Və bir daha təkrar edirik, Qanunda aydın şəkildə yazılır:
«- Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir»!
İndi yəqin ki, sual vermək lap yerinə düşər: cənab Prezident fotoşəkli təqdim edilən həmin «Jiquli»nin sürücüsünə və ya o birkanı ona verənə icazə veribmi ki, dövlət gerbini Brejnevdən yadigar qalmış maşının parpresinə yapışdırsın???
Gəlin heç olmasa Qanunlara və Dövlət gerbimizə hörmət edək ki… bizə də hörmət eləsinlər! İş adamlarının, məmurların, «QAİ» işçilərinin hörmətini demirəm ha…
A.Məmmədli