...44 günlük Böyük Qarabağ Zəfərində Cəbrayıl işğaldan azad olunmuş ilk Azərbaycan şəhəri kimi tarixə düşmüşdür.

Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi müharibənin sonrakı gedişlərinə strateji təsir göstərmiş və düşmənin diz çökdürülməsində önəmli rol oynamışdır. İşğaldan sonrakı dövrdə Cəbrayılın bərpa olunması üçün məqsədli, eyni zamanda geniş həcmli tədbirlər həyata keçirilməkdədir. Cəbrayıl şəhərinin Baş Planı hazırlanmış və təsdiq olunmuşdur. Şəhərin tikintisində ən son texnologiyalar və arxitektura yanaşmaları əsas götürülmüşdür. Müasirlik prinsiplərinin ön plana çəkilməsi ilə bərabər, bir sıra mühüm elementlər, tarixi-coğrafi komponentlər, adət və ənənələr də diqqət mərkəzində saxlanılmışdır.

Cəbrayıl rayonunun dağıdılmış ərazilərinin bərpa olunması və dirçəldilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Ölkə Prezidenti işğaldan sonrakı dövrdə bir neçə dəfə Cəbrayıl rayonuna səfərlər etmiş və rayonun bərpa edilməsi ilə bağlı tapşırıqlarını vermişdir.

2023-cü ilin sentyabrın 28-də dövlət başçısı Cəbrayıl rayonuna növbəti səfərini etmişdir. Bu səfər çərçivəsində Cəbrayıl şəhərində inzibati binanın təməli qoyulmuşdur və burada işgüzar zona fəaliyyət göstərəcəkdir. İnzibati ərazi dörd binadan ibarət olacaqdır və binaların inşasında müasirlilik, millilik elementləri ana xətt kimi keçəcəkdir. Eyni zamanda, inzibati binanın həyətində istirahət parkı inşa olunacaqdır. Sevindirici haldır ki, artıq Cəbrayıl şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin təməlqoyma mərasimi keçirilmişdir. Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,9 hektardan ibarətdir və burada 33 bina inşa olunacaqdır. 4 və 5 mərtəbəli binalarda 718 mənzil keçmiş məcburi köçkünlərin ixtiyarına veriləcəkdir. Mənzillər komfortluluq baxımından kifayət qədər üstün cəhətlərə malikdir. Belə ki, istismara verilən mənzillər tam təmirli olmaqla bərabər, həm də mətbəx mebeli, qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunacaqdır. Əhalinin rahat yaşaması üçün Cəbrayıl Yaşayış Kompleksinin ərazisində və ətrafında park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da sakinlərin istifadəsinə təqdim ediləcəkdir. Rayonun dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin edilməsi üçün Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olmuşdur.

Qeyd edək ki, Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində yerləşir. Rayon cənub tərəfdən İranla, Cənub-qərbdən Zəngilan, Qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu 1930-cu il avqustun 8-də yaradılmışdır və ərazisi 1050 kv.km-dir. Bu rayonun ərazisində bir qrup sənaye əhəmiyyətli ehtiyatlar vardır. Məsələn, sement istehsalı üçün qiymətli xammal mövcuddur. Həmçinin mərmər və başqa tikinti materialları ehtiyatları kifayət qədərdir. Rayonda dəmir filizi yataqları da vardır. İşğala qədər olan dövrdə rayon əhalisinin əsas məşğuliyyəti üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla bağlı idi. Bunlarla yanaşı, rayonda tikiş, xalça, cihazqayırma sexləri və bir sıra digər sənaye obyektləri mövcud olmuşdur.  

Cəbrayıl rayonu işğaldan azad olunmuş ərazilərin bərpası baxımından ilkə imza atmışdır. Belə ki, Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 ev, 96 şagird yerlik məktəb, məscid, 35/10 kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı yol istismar müəssisəsi və digər infrastrukturlar tikilərək istifadəyə verilmiş, kəndə asfalt örtüklü yol çəkilmişdir. Həmçinin 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, inzibati ərazi dairə üzrə nümayəndəliyin binası və s. mühüm sosial obyektlər istismara verilmişdir. Əhalinin Cocuq Mərcanlıya qayıdışı isə 30 may 2018-ci ildən başlamışdır. 

Cəbrayıl rayonunun strateji rolunu artıran məqamlara da diqqət yetirmək istərdik. Belə ki, tarixi Xudafərin körpüsü yaxınlığında “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması artıq regionun cəlbediciliyindən və regionda sahibkarlığın inkişafı ilə bağlı güclü təməlin qoyulmasından xəbər verir. Burada güzəştlərin formalaşdırılması, sahibkarlara ən azından 10 il ərzində güzəştlərin verilməsi və dövlət tərəfimdən müvafiq infrastrukturun yaradılması yaxın perspektivdə Cəbrayıl rayonunda müxtəlif istiqamətlər üzrə emal müəssisələrinin təşkilinə, eyni zamanda kənd təsərrüfatı və sənaye müəssisələrinin yaradılması istiqamətində ciddi addımların atılmasına imkan verəcəkdir. Bu iqtisadi zonanın ilk rezidentləri artıq qeydiyyata alınmış və fəaliyyətə başlamışlar.

Qeyd olunanlar əsasında bu qənaətə gəlmək olar ki, görülən geniş miqyaslı bərpa və quruculuq işləri, həyata keçirilən iri layihələr sayəsində Cəbrayılın dirçəldilməsi prosesləri daha səmərəli və intensiv xarkater alacaq və bütün bunlar regionda Cəbrayılın strateji rolunu artıracaqdır.

ŞƏFA ƏLİYEV,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri,

Sumqayıt  Dövlət  Universitetinin “Dünya iqtisadiyyatı

 və marketinq” kafedrasının professoru,

iqtisad elmləri doktoru.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN