"Əks halda, bir erməninin belə Azərbaycana dönməsinə razı deyilik."
***
35 ildir ki, Ermənistanda bir azərbaycanlı belə yaşamır. Amma, ermənilər bir ay öncəyə qədər ölkəmizdə meydan sulayırdı.
Bunu Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev bildirib.
O, diqqətə çatdırıb ki, bu gün də nəinki Qarabağda, paytaxt Bakımızda da minlərlə erməni yaşayır və bunu hamı bilir.
Razi Nurullayev, həmçinin vurğulayıb ki, ermənilərin Qarabağa dönəcəyi təqdirdə, eyni sayda azərbaycanlı da doğma yurdu olan Zəngəzura qayıtmalıdır və Ermənistan hökuməti də onların əlindən aldığı ev-eşiyinin əvəzini geri verməli, yaşayışla təmin etməlidir, yoxsa onların bura qayıtmasını dəstəkləmirik.
"İndi də həm Qarabağda, həm də Bakıda minlərlə erməni yaşayır. Qərb isə ikiüzlü siyasət yürüdür və bu faktı görmək istəmir. Əgər 10 000 erməni Qarabağa dönəcəksə, 10 000 də azərbaycanlı Zəngəzura evinə dönməli və Ermənistan rəhbərliyi onları evlərlə təmin etməlidir. Heç bir təzyiq altında geri çəkilmək yox. Əks halda, bir erməninin belə Azərbaycana dönməsinə razı deyilik", - deyə bildirib.
Deputat qərbin, AB ölkələrinin insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməsini, müsəlman və xristianlar arasında dini nöqteyi-nəzərdən fərq qoyaraq məsələyə qərəzli yanaşmasını da diqqətə çatdırıb:
"Qərb insan hüquqları demir? - desin, biz razıyıq. Amma insan haqları yalnız xristianlar və ermənilər üçün deyil, Azərbaycanlılar da insandır və hüquqları var. Bunu ona görə deyirəm ki, Avropa Birliyinə daxil olan bir sıra ölkələrin Azərbaycana qarşı hərəkətləri səlib yürüşünü xatırladır, xristian-müsəlman söhbətləri aparırlar. Azəbaycan isə hər zaman dünyəvi olub və olacaq. Amma, dünyəvilik istəyənlərə...", - Razi Nurullayev bəyan edib.
P.S. Bəli, biz çox tolerant, multikultral dəyərlərə önəm verən ölkəyik. Hansı ki, dünyanın ən çox inkişaf etmiş ölkələrində belə, bu sadalananlar yoxdur. Dünyaya insan haqları barədə nağıl danışanların ölkələrində, hər addımbaşı milli və dini ayrı-seçkiliyə yol verilir, gəlmələrə şovinistcəsinə yanaşılır. Amma Azərbaycanda heç bir kəs dininə, dilinə, rənginə... görə təqib olunmayıb, kimsə tərəfindən incidilməyib. Əksinə, əcnəbilər daha yuxarı başa çəkilib, hörmət göstərilib. Dünyanın ən qonaqpərvər, tolerant... ölkəsi olaraq, bizim də səbrimizin həddi-hüdudu var. Nəzərə alsaq ki, Azərbaycana qarşı qərəz, iftira yağdıran həmin ölkələrin N qədər şirkəti vətənimizdə milyonlar qazanır...
Y.MƏMMƏDLİ