O cümlədən 120 nəfərlik Azərbaycan sülhməramlısı da
" 2001-ci ildən bəri Əfqanıstanda xidmət edən türk əsgərlərinin ölkədən çıxarılması dünən axşamdan etibarən başlanıb və bu proses 36 saat ərzində tamamlanacaq."
Bunu İbrahim Kalın Türkiyə telekanalına verdiyi müsahibəsində bildirib. O, həmçinin bildirib ki, “Əsgərlərimiz Əfqanıstandan çıxarıldıqdan sonra da Həmid Kərzai beynəlxalq hava limanının işlədilməsini öhdəmizə götürə bilərik. Bu mövzu ilə əlaqəli müzakirələr davam edir”.
Kalın, həmçinin “Taliban”la Kəşfiyyat bölmələri və XİN səviyyəsində danışıqlar aparıldığını, ölkədən köçün qarşısının alınmasına dair diplomatik əlaqələrin davam etdirildiyini də bildirib: “ Bölgə ölkələri və beynəlxalq ictimaiyyət immiqrasiya dalğasının qarşısının alınması üçün daha ciddi addımlar atmalıdır. Türkiyə immiqrasiya məsələsində öz öhdəliklərinə qüsursuz əməl edib. Qanunsuz immiqrasiya üçün yeni tədbirlər həyata keçirdik. Türkiyə heç kimin immiqrasiya düşərgəsi deyil. Qanunsuz köçün qarşısını almaq üçün İran ilə danışıqlar aparırıq”, -deyə İbrahim Kalın vurğulayıb.
Xatırladaq ki, ötən gün “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, "Taliban" Türkiyə ilə yaxşı münasibət istəsə də, Əfqanıstanda türk əsgərlərini görmək istəmirlər: "Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin Əfqanıstanda olmasını istəmirik".
***
Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.
Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.
Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.
Y.MƏMMƏDLİ